İqtibas
Hər tərəfə qar yağmışdı. Uşaqlar bir az qartopu oynayandan sonra tərbiyəçi Almaz müəllimə dedi:
-İndi isə gəlin, yarış keçirək!
Uşaqlar sevindiklərindən bir səslə qışqırdılar:
-Ura-a-a!
Yarışın keçirilməsi üçün Almaz müəllimə uşaqları iki komandaya böldü. Eliş və Güllü sevindiklərindən atılıb-düşməyə başladılar. Çünki onlar bir komandaya düşmüşdülər.
Bir azdan yarış başladı. Hər komanda qaçaraq qarşıdakı Qar Adamının yanından qartopunu götürməli və yenə də qaça-qaça onu növbəti oyunçuya çatdırmalı idi. Qartopunu bütün komanda üzvləri bir-birinə ötürərək yarışmanı başa vurmalıydılar. Hansı komandanın oyunçuları tez qaçıb qartopunu tez Qar Adamının yanına qoysaydı, qalib komanda da o sayılacaqdı.
Beləliklə, yarış başladı. Uşaqlar var qüvvələriylə qaçır, qartopunu bir-birlərinə tez çatdırmağa çalışırdılar.
Birdən Güllünün ayağı sürüşdü və o, Qar Adamının yanında yerə yıxıldı. O, ayağa qalxdı, amma pərt olduğundan rəngi qıpqırmızı olmuşdu. Güllü başa düşürdü ki, onun ucbatından komanda uduza bilər. Güllü pərt olsa da, yenə qaçmağına davam elədi.
Qartopasını çatıb Elişə verdi. Eliş yaman dilxor oldu. Həvəssiz qaçaraq əlindəki qar topusını Qar Adamının yanında yerə qoydu. Çünki artıq o biri komanda qalib gəldiyindən, onların «Ura» səsləri aləmi götürmüşdü. Eliş hirsindən Güllünü acıladı:
-Sən yıxılmasaydın, biz udacaqdıq!
Güllü ağladı. Məgər o bunu bilə-bilə eləmişdi?
Uzaqdan onlara baxan Almaz müəllimə uşaqlara yaxınlaşıdı:
-Eliş, sən nahaq dostunun xətrinə dəyirsən. Axı o bilə-bilə uduzmadı. Əsl dost
həmişə dostunu başa düşməlidir. Belə şeydən ötəri heç vaxt bir-birinizin xətrinə dəyməyin!. Bu, adi yarışdır. Bu gün başqa komanda, sabah isə sizin komanda qalib gələ bilər.
Eliş səhvini başa düşdü. Güllünün əlindən tutub ondan üzr istədi.
Uşaqlar yenə də sevindilər. Axı qar olanda uşaqlar həmişə sevinirlər.
Müəllif: Gülzar İbrahimova