Sevindim

                                                                                                                         
  (hekayə)
 
     Uşaq bağçamız çox maraqlıdır. Düzdü, əvvəl bağçaya getmək istəmirdim, amma sonra öyrəşdim. Uşaqlarla dostlaşdım. Bağçada elə maraqlı, gülməli uşaqlar var ki... Dostlarım da bağçada darıxmır. Çünki biz bir-birimizi çox istiyirik. Elşad elə gülməlidi ki, bütün günü hamımızı güldürür. Hələ Sevinc müəllimə də gizlincə gülür. Niyə görə gizlincə gülür? Müəllimə deyir mən sizin yanınızda gülən kimi səs-küyünüz aləmi götürür. 
   Bağçada  çoxlu oyuncaqlarımız var: Maşınlar, tanklar, təyyarə, kuklalar, futbol, xokkey oyunları, top, badmenton, hər şey var. Düzdü hərdən Rəşid mənim tankımı sürür, amma nə olsun, sürsün də,  axı o məndən balacadır, ona görə əlindən almıram. 
   Burda bizə çox dadlı yeməklər verirlər. Makaron, üstündə də kotlet, qırmızı kampot, şokoladlı peçenye. Hamı ləzzətlə yeyir. 
    Bir gün "təyyarə-təyyarə" oynayanda Sevinc müəllimə soruşdu: 
   - "Dava-dava" oynayırsız? 
   - Yox, Sevinc müəllimə, "təyyarə-təyyarə" oynayırıq.
   - Bəs onda niyə dalaşırsız?
   - Mən pilot olmaq istəyirəm!   
   - Yox, mən pilot olmaq istəyirəm!
    Sevinc müəllimə uşaqları sakitləşdirdi:
  - Sakit olun, dünən Teymur pilot idi, deməli bu gün o sərnişin olmalıdır. Sən isə Eliş, pilot ola bilərsən!
    Eliş sevincək pilot papağını başına qoyub "sərnişinlərə" əmr etdi:
   - Yerlərinizi tutun! Uçuşa 3 dəqiqə qalır!
      Təyyarə "yerə enəndə" nahar vaxtı idi. Yeməklər stola düzülmüşdü. 
      Yeməkdən sonra parka gedəndə yolda poçtalyonu gördük. Onun əlində Bala Dili jurnalını görən kimi uşaqlar "Uraaa, uraaaaaa!" - deyə sevindilər. 
    Biz hamımız Bala Dili jurnalını xoşlayırıq.  
    Günorta Sevinc müəllimə Bala Dili jurnalından bizə maraqlı bir nağıl oxudu. "Alabəzək tülkü" nağılı hamının xoşuna gəldi. Daha heç kəs söhbət eləmədji. Hamı yatdı. Çox yatmadıq, çünki işimiz çox idi. "Həkim-həkim" oynamalıydıq. Ağ dovşanımız xəstələnmişdi, gərək həkim çağıraydıq. həkim isə həmişə Telli olurdu. O böyüyəndə də həkim olmaq tstəyir. Özü də heyvanları, quşları müalicə etmək istəyir. Hətta bir dəfə Məstan pişiyin ayağı cızılıb qanamışdı, qorxmadı, bint, pambıq çıxarıb, yaranı yodladı, sonra da bintlə sarıdı. 
    Telliyə çox vaxt hamı "həkim", deyir. Elnarə ilə Firuzə isə "Bazar-bazar" oynamağı xoşlayırlar. Gah Elnarə bazarlıq edir, Firuzə meyvə satır, gah da tərsinə, Elnarə meyvələri tərəzidə çəkib satır, Firuzə meyvə alır.  Pul əvəzinə isə bir-birlərinə kağız parçası verirlər. 
    Hərdən böyük uşaqlar olan qrupa baxıram. Onlar elə böyükdülər ki, yazmağı, oxumağı öyrənirlər. Axı məktəbə getməyə hazırlaşırlar. Məktəbə isə hərfləri öyrənmədən, saymağı bilmədən getmək olmaz. Mən də oxumağı, saymağı öyrənəcəyəm, sonra isə özüm oxuyacağam.  
     

      Müəllif: Gülzar İbrahimova