Səliqəsiz və səhlənkar

(hekayə)
 

  İki bacı vardı. Biri balaca, biri böyük. Biri səliqəsiz, biri səliqəli. 
  Böyük bacı balaca bacını çox istəyirdi. Amma iş elə gətirirdi ki, böyük bacı kiçik bacını həmişə bilmədən incidirdi. 
  Bir dəfə böyük  bacı  kiçik bacıya bilet gətirib dedi:
- Sənə sirkə bilet almışam! 
Kiçik bacı sevindi. Neçə gün əvvəldən hazırlaşdı. Sirkə bir saat qalmış geyinib hazır vəziyyətdə qapıda dayandı. Böyük bacı isə həm səliqəsiz, həm də səhlənkar idi. O hələ itirdiyi corabının tayını  axtarırdı. 
Nəhayət ki, tapdı. Sonra isə nə qədər elədi saç rezinini tapa bilmədi ki saçlarını yığsın. Nəhayət ki, onu da tapdı. 
Evdən çıxanda evin açarını axtardı, axırda onu da tapdı. Kiçik bacı az qalırdı ağlasın. 
Axır ki, tamaşanın başlanmasına beş dəqiqə qalmış bacılar evdən çıxdılar. Sirkə çatanda qapıçı deyindi:
 -Bu qədər gecikmək olar?
Bacılar susdular. Böyük bacı bileti nəzarətçiyə uzatdı. Nəzarətçi biletə baxıb başını buladı: 
- Bu bilet ki, sirkə yox, kukla teatrınadır. Mən sizi sirkə buraxa bilmərəm! 
Böyük bacı qızardı. Dönüb balaca bacıya baxdı. Kiçik bacının gözlərində axan yaşı görəndə özünə söz verdi ki, daha heç vaxt səliqəsiz və səhlənkar olmayacaq.   

 

 Müəllif: Gülzar İbrahimova