(hekayə)
Gözəl bir yaz səhərində Tərlan və Səkinə oynamaq üçün həyətə çıxdılar. Onların Məstan adlı sevimli pişikləri var idi. Balacalar həmişə onunla oynayardılar. Bu gün də oynamaq istədilər, amma onu tapa bilmədilər. Nədənsə, neçə gün idi ki, Məstan uşaqların gözünə dəymirdi.
- Görəsən, Məstan harada ola bilər, - deyə Səkinə təəccüblə dostundan soruşdu.
Tərlan dedi:
- Bilmirəm. Bəlkə ona nəsə olub. Gəlsənə onu axtaraq!
- Axtaraq! - Səkinə dostu ilə razılaşdı.
Onlar Məstanı axtarmağa başladılar. Nəhayət ki, onu çox çətinliklə evin qaranlıq çardağından tapdılar. Pişiyin ətrafında miyoldaşa-miyoldaşa gəzən balaca pişik balalarını görəndə isə başa düşdülər ki, Məstanın balaları olub.
Dostlar çox sevindilər. Tərlan və Səkinə balaca pişik balalarını qucaqlarına alıb tumarladılar, əzizlədilər. Sonra onları çardaqdan yerə düşürtdülər. Evlərinə qaçıb onlara süd gətirdilər. Südü boşqaba töküb balalara içirtdilər.
Məstanın sanki üzü gülürdü. O, yerindən tərpənmir, bir tərəfdə dayanıb süd içən balalarına baxırdı. Balalardan biri süd içib doyandan sonra bir az aralıda gəzməyə başladı. Birdən Tərlan fikir verdi ki, uzaqdan bir it sürətlə həmin balaca pişiyin üstünə gəlir. İtin yaxınlaşmasına az qalmış Tərlan özünü pişik balasının üstünə atdı. O, əllərini elə dirsəklədi ki, pişik balası əzilməsin. Və pişik balasının üstünə uzanaraq onu itdən qorudu. Bunlar hamısı bir anda baş verdi. Pişik balasını tuta bilməyən İt mırıldaya-mırıldaya hirslə Tərlana baxaraq ordan uzaqlaşdı. Məstan da qorxmuşdu. O, yaxınlaşıb balasını yaladı. Səkinə Tərlanı təriflədi:
- Sağ ol, Tərlan! Yaxşı ki, sən vaxtında iti gördün. Yoxsa o balaca pişiyi birtəhər edərdi!
Tərlan özü də buna sevindi. Sonra uşaqlar Məstanla balalarına yuva düzəltdilər. Həmin gündən Məstan balaları ilə yuvada yaşamağa başladı. Ondan sonra onlara heç kəs dəyib dolaşmadı. Uşaqlarla oynamaq istəyəndə isə Məstan yuvasından çıxır, gah Tərlana, gah da Səkinəyə sürtüşürdü. Bu, uşaqların çox xoşuna gəlirdi.
Müəllif: Gülzar İbrahimova