Sehrli yuxu

  (hekayə) 


   Böyük şəhərdə Nuruş adlı balaca oğlan vardı. Nuruş çox dəcəl və sözə qulaqasmayan idi. Ata-anası onu nə qədər danlayır, oğlan qulaq asmırdı. Nuruş hətta balaca pişiyi Məsini də incidirdi. 
Nuruşun qorxusundan quşlar da uzaqdan uçurdu. Məsi onlara daş atırdı. Nuruşun kitabları cırıq, oyuncaqları sınıq idi. 
  Dəcəl oğlan oyuncaq ayının golunu çıxartmış, həkimin çantasını, oyuncaq qaranquşun açarını itirmişdi. Qaldırıcı kranla  qaldırdığı kərpic nə vaxtdır krandan asılı qalmışdı. Qatarın relslərini plastilinlə bir yerə yığdığından relslər bir-birinə yapışmışdı. Bütün oyuncaqlarını qırmışdı. Oynatmağa oyuncaq tapmırdı. 
  Valideynləri Nuruşa oyuncaq almır, bilirdilər ki, təzə oyuncağı da sındıracaq. Nuruş çox vaxt pişiyi Məsi ilə oynayır və həmişə onu incidirdi. 
  Bir gün Nuruş Məsi ilə oynayanda onun quyruğunu bərk dartdı. Pişik həyətə qaçdı. Nuruş isə yorulduğundan  yuxuya getdi. Təzəcə yatmışdı ki, yuxuda pişiyi Məsini gördü. Nuruş təəccübləndi. Məsi insan kimi danışırdı. Oyuncaqlar onun başına yığılmış, Məsi isə ağlaya-ağlaya deyirdi: 
-Mən onu çox istəyirəm, o isə məni incidir. Lap təngə gəlmişəm. Tüklərimi o qədər dartıb ki, az qala keçəl olmuşam. Daha onun yanına qayıtmayacağam.
Bu vaxt qolsuz ayı balası Matoş da Məsinin sözünü təsdiqlədi: 
-Düz deyirsən, Nuruş pis oğlandır. Baxın, o mənim də qolumu sındırıb!
Qaranquş da incik-incik dedi: 
-O açarımı elə itirib ki, nə vaxtdandır uça bilmirəm!
-Bəs mən? - deyə ağ xalatlı həkim dilləndi - Nuruş nə vaxtdır mənim həkim çantamı itirib, xəstələrə baxa bilmirəm. 
Qaldırıcı kran dərindən ah çəkib danışdı: 
-Mən də Nuruşun oyuncağı olmaq istəmirəm. Məni alan gündən qolumun üstünə ağır bir kərpic bağlayıb, gecə-gündüz onu qollarımda saxlayıram, bir dəfə də olsa yadına düşmür ki, axı kran nə olsun dəmirdəndir, axı o da dincəlməlidir. 
Bu vaxt hətta qatar da dilə gəldi: 
-Relslərim bir-birinə yapışıb, ona görə hərəkət edə bilmirəm. İşsizlikdən qocalıram, yəni parslanıram.
Bunu deyib qatar elə fit verdi ki, səsə Nuruş yerindən dik atıldı. Oyanan kimi Məsini axtardı. Nə qədər axtardı, onu heç küçədən də tapa bilmədi. 
Yuxu ona elə pis təsir göstərdi ki , bu vaxtacan Məsini, oyuncaqlarını incitdiyinə çox peşiman olmuşdu. Nuruş əvvəl ayı balasının qolunu tapıb yerinə bərkitdi. Qatarın relslərini təmizlədi. Həkimin çantasını tapdı. Səhvlərini düzəltdi. Məsini tapıb onunla çox mehriban davrandı. 
Məsi dostundan daha heç vaxt küsmədi. Nuruşun yuxusu deyəsən sehrli yuxu idi.

 

       Müəllif: Gülzar İbrahimova