(hekayə)
Ramiz adlı bir oğlan vardı. O başını daramağı xoşlamazdı. Saçları daranmazdı deyə, əyri-üyrü, pırtlaşıq olardı.
Anası darağı ona uzadanda elə qaçardı, elə qaçardı ki, ana peşman olardı. Onu görən danlayardı, amma bu Ramizə dərs olmazdı.
Bir gün Ramiz bağçaya gedəndə qazlar onun qarşısına çıxdılar. Ana irəli çıxıb Ramizin üstünə cumdu:
- Burdan keçmə, balalarım səndən qorxar. Heç güzgüyə baxmısan? Yəqin ki, baxmamısan, baxsaydın necə qorxulu olduğunu görərdin. Keçmə burdan balalarım səndən qorxar, ağlayar!
- Onlar qorxaqdırlar, mən neyləyim, yolum burdandır, keçəcəyəm!
- Fıs, fıs! Dedim keçmə, balalarımı qorxudarsan. Dediyimi eşitməsən, indii səni dişləyərik!
- Yaxşı, yaxşı, fısıldama, keçmərəm!
Ramiz başqa yolla getməli oldu. Sən demə həmin yolda da çoxlu it var. Onlar sakitcə oturmuşdular. Elə ki Ramizi gördülər, mırıldandılar, donquldandılar, hətta ona hürdülər də…
- Sən necə tənbəl oğlansan. Biz sənin kimi pinti oğ lan görməmişik. Məgər çox çətindir ki baş daramaq? Tənbəlin biri tənbəl. Keçmə bizim ynımızdan, səni görəndə it də olsaq, hirslənirik.
- Yaxşı, yaxşı, hürməyin, keçmərəmə burdan. Çox elə lazımdır mənə sizin yanınızdan keçim.
- Ham, ham, ham!
Ramiz gəlib bikef-bikef çayın sahilində oturdu. Bu vaxt bir dəstə quş gəlib onun başına qondu. Elə bildilər ki, quş yuvasıdır. Onlar sevincək dedilər:
- Bura uçun, bura uçun, hazır yuva var, Neyləyirik bir də yuva tikək. Hazır yuvadır də…
Ramiz yerindlən dik atıldı. Başından quşları qova-qova qaçmağa başladı.
Evə çatan kimi başını yudu, daradı. Oldu qəşəng, səliqəli oğlan. Çoxdan bəri ondan qaçan iti Toplan və pişiyi Məstan qaçıb onun qucağına hoppandılar. Ramiz səhvini başa düşdü. O hətta tez-tez Toplanın və Məstanın da saçlarını daradı.
Müəllif: Gülzar İbrahimova