(hekayə)
Nəcəf ilə Fəridə həyətdə oynayırdılar. Bu vaxt onlar Azərin nənəsi ilə qarşılaşdılar. O çörək almaqdan qayıdırdı. Xəstə olduğundan çətinliklə yeriyirdi.
Nəcəf soruşdu:
- Nənə, Azər haradadar ki, siz xəstə-xəstə çörək almağa gəlmisiniz?
Nənə yarızarafatla dedi:
- Dostunuz Azər tənbəldir, tənbəl!
Bunu eşidəndə uşaqlar çox pis oldular. Azərdən incidilər.
Nəcəf, Fəridə və Azər həm yaxın qonşu, həm də yaxın dost idilər. Həmişə bir yerdə oynayırdılar. Azərin özündən başqa iki bacısı var idi. Sevinc və Sevda. Uşaqların valideynləri çox vaxt işdə olduğundan onlar nənələri ilə qalırdılar. Bu gün səhər bacılar dərsə getməyə hazırlaşanda nənə yatağından qalxdı ki, onlara yemək hazırlasın.
Qızlar dedilər:
- Nənə, xəstəsən, yat, biz özümüz nə lazımsa edərik! Onlar qardaşları Azəri oyatmaq istəyəndə isə nənə dedi:
- Qoyun yatsın, o hələ balacadır!
Bir neçə saatdan sonra isə nənə Azəri çox çətinliklə yuxudan oyatdı. Azər narazı-narazı durdu. Deyinə-deyinə gəlib divanda oturdu və televizora baxmağa başladı. Nənə onu qucağına alıb, əzizlədi, sonra isə aparıb vanna otağında əl-üzünü yudu.
Sevinc qardaşına acıqlandı:
- Azər, gələn il məkətəbə gedəcəksən, amma nənəyə əziyyət verirsən. Əl-üzünü nə vaxtacan nənə yuyacaq?
Azər deyindi:
- Özüm yuyanda qollarıma su gedir!
Sevda da bacısının sözünü təsdiqlədi:
- Nənə, az Fəridi əzizlə, o get-gedə ərköyünləşir!
Nənə isə Azərin tərəfini saxladı:
- Mənim Azərimlə işiniz olmasın! - deyib onu öpdü.
Bir azdan nənə qızlara səhər yeməyi qoydu. Qabda iki tikə çörək qalmışdı. Hər ikisinin üstünə xama çəkib qızlara verdi. Azər küsərək ağzını büzdü:
- Bəs mən?
Nənə Azəri başa salmaq istədi:
- Bacıların dərsə gecikir, biz isə səninlə evdəyik, nə vaxt isətəsək, yemək yeyərik!.
Nənə qızları məktəbə yola salandan sonra Azərə dedi:
- Azər, mən xəstəyəm, hava da soyuqdur. Get, çörək al, sənə səhər yeməyi verim!
Azər gedib təzədən yatağına girdi:
- Getmək istəmirəm, yuxum gəlir.
Ona görə də nənə əlacı kəsildi, çörəyi özü almağa getdi. Çörəyi gətirib Azəri yedirtdi. Bir azdan Azər həyətə düşdü. Amma həyətdəki uşaqlar onunla danışmadılar. Onunla oynamaq istəmədilər. Səbəbini Azərə deyəndə o pərt oldu, peşiman evə qayıtdı. Dərsdən qayıdan Sevinc və Sevda əhvalatdan xəbər tutanda Azərdən incidilər, onunla danışmaq istəmədilər. Azər yalnız tək qalandan sonra səhvini başa düşdü. Əvvəlcə nənəsinə yaxınlaşıb ondan üzr istədi:
- Nənə, bağışla məni, mən doğrudan səhv etmişəm! Nənə Azərin başını sığalladı. Bacıları və dostları Nəcəf və Fəridə biləndə ki, Azər səhvini başa düşüb onunla barışdılar. Dostlar həmişəki kimi yenə də mehribanlaşdılar.
Müəllif: Gülzar İbrahimova