(fantastik hekayə)
Bağban bağçada qəşəng bir qızılgül əkmişdi. Hamı gülə baxanda deyirdi:
- Bəh-bəh, necə də gözəl güldür!
Həyətdə Güllü adlı tərs bir qız vardı. Bir gün o Bağbana dedi:
- O gülü dər, ver mənə!
Bağban əvvəl razı olmadı. Güllü ağlamağa başladı.
Bağban peşiman-peşiman gülü qoparıb Güllüyə verdi.
Güllü stəkana su töküb gülü ora qoydu. Gül solmağa başladı. Güllügildə sehrli bir pişik vardı. O hamı yatanda güldən soruşdu:
- Niyə solursan? Nə olub sənə?
Gül ağlaya-ağlaya cavab verdi:
- Mən həyətdə olanda hamı məni sevirdi. Üzümə baxıb gülürdülər. İndi heç mənə tərəf baxan yoxdur. Heç kəs demir ki, mən gözələm.
Pişik gülün dərdini başa düşdü:
- Mən sənə kömək edərəm, dedi. - Bircə sən yerində möhkəm dayan!
Pişik belə deyib stəkanı pəncəsi ilə yavaş itlədi. Stəkan aşdı. Gül təzədən bağçaya düşdü. Səhər bağban gördü ki, zavallı çiçək atılıb bağçaya. Onu təzədən əkdi. Su verdi.
Gül yenə də gözəlləşdi. Hamı onu görəndə sevindi.
Güllü də səhvini başa düşdü.
Pişik hər gün pəncərədən ona əl edir və miyoldayırdı. Heç kəs onu başa düşməsə də gül yaxşı başa düşürdü ki, pişik ona deyir: «Sən çox gözəlsən!».
Müəllif: Gülzar İbrahimova