(hekayə)
Bir həyətdə Telman və Elman adlı iki dost yaşayırdı. Onlar futbol oynamağı çox xoşlayırdılar. Amma həyət balaca olğundan orda futbol orynamaq mümkün deyildi. Hərdən Telman qarajların qarşısında durur, Elman isə qol vururdu və yaxud da əksinə. Elman qapıda durur, Telman qol vururdu. Həyət darısqal olduğundan bu heç maraqlı olmurdu. Hərdən isə top maşın yoluna düşür, dostlar həyəcanla topu maşın yolundan götürürdülər ki, maşın topu bastalamasın. Bir tərəfdən qarajlar, bir tərəfdən isə oturub söhbət edən nənələr, başqa tərəfdən kolyaskadakı balacalar… Heç belə həyətdə futbol oynamaq olar?
Futbol oynamaq üçün yalnız qonşu həyətdə geniş idman meydançası var idi. Amma ora getmək də asan deyildi. Gün ərzində fasiləsiz yoldan şütüyən maşınlar buna imkan vermirdi. Ağır yük maşınları, avtobuslar, cürbəcür maşınlar… İdman meydançasına getmək üçün isə maşın yolunu keçmək, yol keçməyin qaydasını bilmək lazım idi. Dostlar isə bu qaydanı bilmirdilər. Ona görə də qonşuları - artıq neçə illər sürücü işləyən Tofiq əmiyə yaxınlaşdılar.
Telman dedi:
-Tofiq əmi, bizə yol keçməyin qaydalarını öyrədərsən?
Tofiq əmi uşaqların başını sığalladı:
- Əlbəttə öyrədərəm! Qulaq asın. Qaydanı öyrənmək çox asandır. Mən bu saat sizə başa salaram!
Uşaqlar diqqətlə qulaq asdılar. Tofiq əmi «dərsinə» bu sözlərlə başladı:
-Yolu ancaq piyadalar üçün keçid yerlərindən keçin! Belə yerlər ağ xətlərlə xətlənir. Uzaqdan zebrə bənzəyir. Keçiddə komandir svetofordur. Onun üç böyük gözü var. Qırmızı, Sarı, Yaşıl. Hər şeyi yaxşı görür. Baxın, indi o qırmızı gözünü yandırdı. Svetofor demək istəyir ki, dayan yerində və darıxma! Bu vaxt maşınlar sürətlə yolu ötür. Belə vaxt yol keçmək çox qorxuludur. Çünki səni qarşısında görən avtobus, maşın, hətta velosiped də birdən dayana bilməz. Bu təhlükəlidir.
Sonra svetoforun sarı gözü yanır. Bu isə deməkdir: «Diqqət! Yola hazırlaşın!» Bu vaxt bütün maşınlar dayanmağa, hazırlaşır. Piyadalar isə yolu keçməyə hazırlaşırlar, amma hələ keçmirlər. Nəhayət svetoforun yaşıl gözü yanır. İndi yolu rahat keçmək olar.
Telman soruşdu:
-Tofiq əmi, bəs svetofor olmayanda yolu necə keçmək olar?
Tofiq əmi bunu da uşaqlara başa saldı:
-Svetofor hər yerdə ola bilməz. Bu vaxt yolu keçmək üçün sadəcə ehtiyatlı olmaq lazımdır. Əvvəlcə yolun soluna, sonra isə yolun sağına diqqətlə baxın. Maşın gəlmədiyinə arxayın olandan sonra yolu keç və yolu keçmək olar!
Telman və Elman İlqar əmiyə təşəkkür edəndən sonra özləri sərbəst yolu keçib futbol oynamağa getdilər. Onlar çox şən idilər. Həm yolu keçmək qaydalarını öyrəndiklərinə, həm də istədikləri vaxt yolu keçib futbol oynaya biləcəklərinə görə!
Müəllif: Gülzar İbrahimova