Sirr!

           
  (hekayə)

  Mətin kənd məktəbində oxuyurdu. Dərs başlayandan elə gün olmamışdı ki, dərsə gecikməsin. Müəllimə nə qədər danlayırdısa da xeyri olmurdu. 
   Bir gün uşaq təşkilatının rəhbəri Günel uşaqlar üçün maraqlı bir oyun təşkil elədi. 
   Oyunun qaydası beləydi: Kim heyvanlara, quşlara aid suallara tez və düzgün cavab versə xal yığır və hədiyyə qazanır. Üç xal toplayan qalib gəlir. Hədiyyə də nə hədiyyə olsa yaxşıdır? Kirpi, xoruz, dovşan! Özü də canlı.
  Uşaqlar həvəslə oyuna başladı. Günel sual verdi:
- Kim deyər, kit böyük balıqdır?
- Böyükdür! - Hamı bir səslə dedi. Günel güldü:
- Düz deyil, kit balıq deyil, dəniz heyvanıdır! 
   Pİnqvin balıqdır, yoxsa quş?
Uşaqların əksəriyyəti "balıq", Əli isə "quşdur" - dedi.
Müəllimə Əlini təriflədi:
- Əli düzgün cavab verdi. Pinqvin dənizdə yaşasa və balıq kimi üzsə də canlılar alımində quş sayılır. Beləliklə Əli düzgün cavaba görə bir xal topladı. Keçirik ikinci suala! 
  Sonra Günel uşaqlara çoxlu çaşdırıcı suallar verdi. Oyun maraqlı keçdi. Oyunda üç uşaq qalib gəldi: Sona, Əli, Mətin. Hədiyyəni ən əvvəl yaşca kiçik seçdi. Yaşca ən kiçik olan Sona özünə dovşanı hədiyyə götürdü. Ondan sonra Əli kirpini seçdi. Xoruz isə Mətinə düşdü. Tükləri ağ, pipiyi qırmızı xoruz Mətinin xoşuna gəldi. Onu qoltuğuna vurub evlərinə apardı.
   Səhərisi Mətin sinfə hamıdan tez gəldi. Gözlərindən yuxu tökülürdü. Az qalırdı ayaq üstə yuxulasın. Hamı məəttəl qalmışdı. Amma heç kəs səbəbini soruşmurdu. Mətinin belə yuxulu-yuxulu durub dərsə gəlməsi hamıya sirr olmuşdu. 
    Səhərisi də belə oldu. Mətin yenə dərsə gecikməmişdi. Üçüncü gün müəllimə dözə bilməyib soruşdu:
    - Ay Mətin, səndən nə əcəb, hamıdan qabaq dərsə gəlirsən, özü də yuxu gözlərindən tökülür?
    Uşaqlar da təəccüblərini gizlətmədilər:
   - Bu bizə də maraqlıdır, amma soruşmurduq ki, birdən yenə də başlayar gecikməyə...
    Mətin gülüb dedi:
  - Burda heç bir sirr yoxdur. Sadəcə olaraq  yarışda mənə xoruz hədiyyə ediblər. O həm qəşəngdir, xoşum gəlir ondan, həm də öyrəşmişəm deyə, onu heç kəsə vermirəm, o da məni hər səhər yuxudan oyadır. Səhərlər mən yuxudan durmayana qədər banlayır, qoymur yatam. Hər səhər dalaşırıq, günorta barışırıq!  
   Hamı gülüşdü. 
   -   Bu da mənim sirrim! - dedi Mətin.  


         Nağılçı: Gülzar İbrahimova