Gözləyəcəyəm   

  (hekayə) 
 
     Sevinc mart ayını səbirsizliklə gözləyirdi. Çünki mart ayında iki bayram olur. Həm 8 Mart Qadınlar bayramı, həm də Novruz bayramı. 
 Sevinc eşitmişdi ki, bayramda adama hədiyyə verirlər. Ona görə o da həvəslə hədiyyə gözləyirdi. 
  Nəhayət, Qadınlar bayramı günü yetişdi. Sevincin atası böyük bir gül dəstəsi və hədiyyə bağlaması ilə evə girdi. Hədiyyəni anaya verib onu bayram münasibətilə təbrik elədi. Sevinc həsrətlə hədiyyəyə baxdı…
 Aradan neçə gün keçəndən sonra ən maraqlı bayram – Novruz bayramı gəldi. Bayram çox maraqlı keçdi. Uşaqlar tonqal qalayıb ətrafına yığışdılar. Tonqaldan hoppandılar. 
 Məhəllə oğlanları gizlincə qapılara «papaq» atıb gizlənir, qapını açan ev yiyəsi papağa şəkərbura, rəngli yumurta, qoz-fındıq və konfet qoyurdu. 
 Amma Sevincə evdən qapıara papaq atmağa icazə vermirdilər. Gecə yatanda Sevincin kefi yox idi. Yenə də bu bayram ona hədiyyə verən olmamışdı. Qanı qara da yuxuya getdi. 
 Səhərisi o qonşuluqda yaşayan Orxangilə gedib ona dedi: 
- Orxan, gəlmişəm səni ad günümə dəvət edim! 
Orxan sevincini gizlətmədi. Çünki o ad günlərini çox xoşlayırdı.
 - Nə yaxşı oldu, mütləq gələrəm! 
  Sevinc hər yana göz gəzdirib soruşdu: 
  - Bəs ad günümə nə hədiyyə edəcəksən? 
Orxan çaşıb qaldı və sonra nə fikirləşdisə, qutuya yığdığı oyuncaqlarını yerə töküb Sevincə göstərdi və dedi: 
 - İstəyirsən oyuncaqlarımdan verim sənə …
Sevinc oyuncaqları bir-bir o tərəf-bu tərəıfə çevirdi. Sonra isə ağzını büzüb bir tərəfdə dayandı. Orxan ayını götürüb qıza göstərdi:
 - Bax, ayını sənə hədiyyə edə bilərəm!
Sevinc ayını əlinə alıb o tərəfəinə bu tərəfinə baxıb qaşqabağını tökdü: 
- Yox, o təzə deyil, istəmirəm!  
  Sonra Orxan ona sevimli təyyarəsini göstərdi:
 - Bəlkə onda təyyarəni götürəsən!  
  Sevinc təyyarə də istəməyib bəhanə gətirdi:
 - Yox, o köhnə modeldir.
   Sonra Sevinc yaxınlaşıb qutudakı qırmızı maşını əlinə aldı: 
  - Bax,  mən bunu istəyirəm! 
Sevincin istəyi isə bu dəfə Orxanın ürəyindən olmadı:
 - Yox, onu atam mənə lap təzə alıb. Özüm lap az sürmüşəm.
  Sevinc qaşqabağını tökdü:
- Onda heç nə istəmirəm! Sənin hədiyyən də mənə lazım deyil! 
Orxan onun qəlbini qırmaq istəmədi. Axı necə olsa Sevincin ad günü olacaqdı:  
  - Yaxşı, götür!. 
Sevinc sevincək maşını qoltuğuna vurdu. Qapıdan çıxmaq istəyəndə Orxan soruşdu: 
   - Heç demədin ad gününə nə vaxt gəlim? 
Sevinc pilləkəndən düşə-düşə cavab verdi: 
  - Yanvarın səkkizində!
 Orxan peşiman-peşiman soruşdu: 
  - Axı yanvarın səkkizinə hələ çox var? 
Sevinc ayaq saxladı. Gözlərini iri açaraq dedi: 
   - Mən səni əvvəlcədən dəvət edirəm! Nədi, yoxsa gəlmək istəmirsən?
    Orxan Sevincin xətrinə dəymədi: 
   - Yox, yox, mən elə demək istəmədim! Mən mütləq gələcəyəm! 
   - Gözləyəcəyəm! - deyə Sevinc yerində donub qalmış oğlana əl elədi.  

 

             Müəllif: Gülzar İbrahimova