Olmaz

(hekayə)
  
      Şahinlə Cəmilə dost idi. Baxçaya bir gedir, həmişə bir yerdə oynayırdlılar. 
     Bir gün dostlar dondurma almaq üçün mağazaya getmişdilər. Dondurma alıb yeyə-yeyə mağazadan çıxdılar. Evlərinə qayıtmaq üçün maşın yolu keçməliydilər. Səkidə dayanıb gözlədilər ki, maşınlar yoldan azalsın, sonra yolu keçsinlər. 
     Birdən Şahin gördü ki, anası və nənəsi yolun o tayı ilə gedirlər. Şahin tez onlara çatmaq istədi: 
     -Ana, nənə! – deyə çağırdı. 
     Maşın səsindən isə heç nə eşitmək olmurdu. Buna görə də nə ana, nə nənə onu eşitdilər.    
     Şahin Cəmiləyə:
    - Gəlirəm!-  deyib, yolun o tərəfinə qaçdı. Maşınlar isə ara vermədən şütüyürdü.
     Cəmilə arxadan onu səslədi: 
    - Dayan, maşın gəlir, ötsün, sonra…
     Amma Şahin dayanmadı. Bir göz qırpımında anasıgil tərəfə götürüldü. Bu vaxt yoldan sürətlə keçən yük maşını az qaldı  Şahini vursun. Yaxşı ki, sürücü vaxtında əyləci basdı. Yolla şütüyən maşınlar bir anda qəfildən dayandı. Səsə Şahinin anası Zərifə xala da döndü. Oğlunu maşının qarşısında görəndə var gücü ilə qışqırdı:
    -Şahin! Şahin! 
    Sonra o Şahinə tərəf qaçdı. Gələn avtobus onların arasında dayandı. Sevda xala çox qorxdu. Amma oğlunu salamat görəndə bir az sakitləşdi. 
     Amma avtobus onların qarşısını kəsdiyindən nənə heç nə görə bilmədi və elə bildi ki, maşın onun nəvəsini vurdu. Yazıq nənənin qorxudan ürəyi getdi. Ona təcili yardım çağırdılar. Həkimlər çox çətinliklə onu ayıltdılar.  
     Aradan bir müddət keçdi. Bir gün Şahinə balaca bir it aldılar. Şahin çox sevinirdi. Axı, onun çoxdankı arzusuydu ki, iti olsun. 
     Şahin və Cəmilə bütün günü itlə oynayırdılar. İtə cürbəcür hərəkətlər öyrədirdilər. Bu onlar üçün ən maraqlı əyləncə idi. 
     Bir gün onlar iti gəzməyə aparanda it dartınıb Şahinin əlindən çıxdı və düz maşın yoluna qaçdı. Şahin və Cəmilə hər ikisi bir səslə: 
   -Toplan, Toplan! –deyə qışqırdılar.
    Toplan isə çox dəcəldi. Onların çağırışına fikir vermədi. Yolun ortasına qədər qaçdı. Amma hər iki tərəfə gedən maşınları görəndə çaşıb qaldı. 
Yaxşı ki, sürücü balaca iti gördü və əyləci basmağa macal tapdı. Şahin qaçıb itini maşın yolundan götürdü. Amma itin ayaqları az da olsa əzilmişdi. Şahin çox məyus oldu. O hiss elədi ki, sinəsi elə qalxıb düşür ki, az qalır dağılsın. Cəmilə isə ağlayırdı.
     Böyüklər onların başına yığıldı. İti həkimə aparıb ayağını sarıtdırdılar. Az müddətdən sonra itin ayaqları sağaldı. Amma o vaxta qədər Şahin çox şeyi başa düşməmişdi. O sonralar başa düşdü ki, niyə o özü maşın yolunun ortasına qaçanda anası ağladı, niyə nənəsinə həkimlər iynə vurdu. 
     Sən demə, Şahinin sinəsində qaxıb-düşən ürək imiş. Hamını sevən ürək! Doğrudan da böyükləri eşitmək, ehtiyatlı olmaq lazımdır. Axı səni dünyalar qədər çox istəyənlər var! Özünü də, onları da kədərləndirmək olmaz! Şahin bunları yalnız indi başa düşdü. 

 

            Müəllif: Gülzar İbrahimova