(fantastik hekayə)
- İstəmirəm, şəxsən mən Rəşidənin kuklası olmaq istəmirəm!
Bunu eşidəndə hamı dönüb kukla Arzuya baxdı.
- Niyə ki? – Kukla Nərmin soruşdu.
Kukla Arzu hirslə deyinməyə başladı:
- Rəşidə nə özünə baxır, nə mənə, nə özünün saçlarını darayır, nə mənim, nə yerim var, nə yatağım... Hara gəldi tullayır məni, yazıq canım, mən də harda olsa yatıram.
Nərmin onun sözlərini təsdiqlədi:
- Düz deyirsən, o mənə də baxmır, paltarım söküləndə tikmir, yatmaq vaxtı gələndə gecə köynəyimi geyindirmir, hara gəldi məni atır, mən də harda olsa yatıram. Amma nə etmək olar, axı Rəşidə səhər yuxudan durub bizi görməsə çox pis olar? Pərt olar, ağlayar...
Bu vaxt Yumşaq Ayı deyinməyə başladı:
- Gecənin bu vaxtında nə danışırsız, qoymursuz yataq?
Kukla Arzu ona cavab verdi:
- Sənin nə vecinə... Yerin isti, rahat, yatmısan sahibinin yanında, bizdən isə xəbərin yoxdur!
- Fikriniz nədir? – Yumşaq ayı soruşdu.
- Arzu təklif edir ki, çıxaq gedək, başqa birisinin oyuncaqları olaq!
Bunu eşidəndə Yumşaq ayı yerindən dik qalxdı:
- Nə danışırsız? Səhər Rəşidə dürüb oyuncaqlarını tapmasa, heç bilirsiz, onun halı necə pis olar?
- Bilirik! Amma nə edək, o nə özünə, nə də bizə baxır! – Arzu hirslə dilləndi.
Yumşaq Ayı hamını sakitləşdirdi:
- Elə bilirsiz başqası sizə yaxşı baxacaq? Bax, biz Rəşidə ilə o günü birinci mərtəbədə yaşayan Vüqargilə getmişdik. Şkafın altından nə çıxsa yaxşıdır - Bala Dili curnalı. Curnal orda o qədər qalmışdı ki, rəngi də saralmışdı, özünü də toz basmışdı.
- Düz deyirsən, hələ bizim həyətdə yaşayan Vüsaləni demirsən, Vüsalə həmişə oyuncaqlarının hamısını bir qutuya yığır. Güya çox səliqəlidir. Bir qutuda həm maşın, həm qaldırıcı kran olur, həm də kuklalar, yumşaq oyuncaqlar, çəngəl-bıçaqlar. Məgər bu səliqədir? Onun oyuncaqları olsaq bizi də o qutuya yığacaq! – Kukla Nərmin dedi.
Yumşaq Ayı yenə də hamını sakitləşdirdi:
- Siz tələsməyin, gəlin mənə diqqətlə qulaq asın, söz verirəm sizə, az vaxtda hər şeyi yerinə qoyacağam.
- Yaxşı, gəlin gözləyək! - Hamı bir səslə dillənərək, dedilər və yatmağa getdilər.
Səhər tezdən Rəşidə yuxudan duran kimi otağını tərtəmiz yığışdırdı. Bütün kuklalarının saçlarını daradı, hördü, oyuncaqların hərəsini öz yerinə qoydu. Oyuncaqlar məəttəl-məəttəl bir-birlərinə baxdılar. Görəsən Rəşidə birdən-birə niyə belə dəyişmişdi?
Yumşaq Ayı isə altdan-altdan yaman gülürdü. Deyəsən o nəsə bilirdi. Elə ki, Rəşidə otaqdan çıxdı, hamı Yumşaq ayıdan soruşdu:
- Nə olub Rəşidəyə, o tamam dəyişib!
Yumşaq Ayı kreslonun üstündən yerə hoppandı, pəncələrini belinə qoyub təkəbbürlə dedi:
- Mən Rəşidənin yuxusuna girdim, hər şeyi ona başa saldım. O da səhvini başa düşdü, dəyişdi.
Doğrudan da belə olmuşdu. Yumşaq Ayı Rəşidənin yuxusuna girmiş, qıza hər şeyi başa salmışdı. Bütün oyuncaqların ondan incidiyini və nəyə görə incidiyini başa salmışdı. Axı oyuncaqlar insan dili bilmirlər, insanlar da oyuncaqların dilini bilmirlər. Ona görə də yumaş Ayı bunların hamısını Rəşidəyə yuxuda başa salmışdı. Yuxuda hər möcüzə baş verə bilər. Rəşidə də hər şeyi başa düşmüşdü.
Müəllif: Gülzar İbrahimova