Savadlı Tutuş 

 (fantastik hekayə)

   Ayaz adlı balaca bir oğlan və Tutuş adlı danışan tutuquşu vardı. 
    Vaxt çatdı, Ayazın məktəbə getmək zamanı gəlib çatdı. O məktəbə getməyə hazırlaşdı. 
     Tutuş bu xəbəri eşidəndə çox pis oldu. Çünki Ayaz çox vaxt Tutuşla oynayırdı, indi isə onlar günortaya qədər ayrı qalmalı olacaqdılar. 
    Tutuş bunları fikirləşib bikef oldu ki... Uçub düz məktəbə getdi. Axtarıb Ayaz oxuyan sinfi tapdı. Yavaşca sinfə girdi. O bunu elə səssiz elədi ki, uşaqlar onu görmədilər. Axı görsəydilər fikirləri dağılar, dərs pozulardı.
    Müəllimə uşaqlara sual verdi:
    - Əlifbada axırıncı hərf hansıdır?
    - Z ! -  şkafın üstündən tutuquşu dilləndi. 
    Sinifdə səs-küy qopdu. Müəllimə hirslə qışqırdı:
    - Tutuquşunu  kim sinfə gətirib?
   Ayaz utana-utana irəli çıxıb dedi:
    - O mənim quşumdur. Özü uçub gəlib. Yəqin ki o da oxumaq istəyir, ona görə gəlib. 
    Tutuş dostunun sözlərini təkrar elədi: 
   - Oxumaq istəyir, ona görə gəlib!
   Hamı güldü. Müəllimənin hirsi soyudu:
   - Nə deyirəm, oxumaq, savadlı olmaq istəyirsənsə gəl dərsə. Amma yerindən danışmaq olmaz. Söz demək istəyəndə qanadını qaldır, söz sənə çatanda onda danış!
     Elə o vaxtdan da Tutuş oxuyub hərfləri tanıdı. İnsanların dilini öyrənib bütün quşlardan savadlı oldu.  

 

       Nağılçı: Gülzar İbrahimova