(hekayə)
- Biz artıq böyümüşük!
- Biz artıq böyümüşük!
Deyib iki qonşu uşaqlar uzaqdan qaça-qaça gəlib bir-birlərini qucaqladılar. Valideynləri uşaqların hərəkətlərinə güldülər. Onlar sinif yoldaşlarının belə mehriban olmalarını alqışlayırdılar.
Yay tətili başlayandan artıq iki aydan çox idi ki, Pərvanə Qubada idi. Murad az qala Pərvanəni tanımayacaqdı. Qız böyümüş, lap qəşəng olmuşdu. Muradın təəccübdən gözləri böyüdü. Pərvanə də Muradı başdan-ayağa süzüb güldü:
- Böyük oğlan olmusan!
Uşaqlar ürəkdən güldülər. Dərslər qurtarandan, yay tətili başlayandan, valideynləri onların hərəsini dincəlmək üçün bir tərəfə apardığı gündən heç biri belə ürəkdən gülməmişdi. Bir anlığa gülməklərini saxlayıb bir-birlərinin gözlərinə baxdılar. Hər ikisinə çox doğma gəldi bu baxışlar. Valideynlər bir az dostların necə görüşmələrinə tamaşa elədilər, bir azdan başları söhbətə qarışdı.
Pərvanə və Muradgil həm qonşu, həm də, sinif yoldaşı idilər. Elə ata-analarının da yaxınlığı, tanışlığı, mehribanlığı uşaqların dostluğundan başlamışdı.
Valideynlərin söhbətinin tutması, fikirlərinin eyniliyi balaca dostların dostluğunu günü-gündən möhkəmləndirirdi.
İbtidai sinifdən başlayan bu dostluq yenə davam edirdi. Uşaqlar dərslərini də bir yerdə hazırlayır, çox vaxt, yaxınlıqdakı zooparka, ya cizgi filminə, ya kinoya baxmaq üçün sinemakluba da bir gedirdilər. Əvvəllər – ibtidai sinifdə oxuyanda əl-ələ tutub gedərdilər. 5-ci sinifdə isə daha əl-ələ tutmadılar, çünki, sinif yoldaşları onları lağa qoyub, gülməyə başladılar: “Yol verin, Təhminə və Zaur gəlir!”, “Yox, Leyli Məcnun gəlir!”, “Yox, Fərhad, Şirin” gəlir. "Romeo Culyetta" - Hərə onlara bir ad qoyurdu.
Bundan sonra daha Murad və Pərvanə əl-ələ tutub getmədilər. Amma ətrafdakıların mənasız baxışları, yersiz zarafatları, müəllimlərin tənəli sözləri Muradla Pərvanənin dostluğunu az da olsa azalda bilmədi. Əksinə, onları daha da yaxınlaşdırdı. Uşaqlar bu dostluğa heç pis baxmır, əksinə, bir-birlərini bu qədər çox istədiklərinə görə, ürəklərində fəxr edirdilər.
Hətta bir gün iş o yerə gəlib çatdı ki, sinif nümayəndəsi Elmira sinif rəhbəri Qənirə müəllimənin təklifi ilə Muradla Pərvanənin münasibətini sinif iclasına çıxartdı.
- Ayıbdır, hamı sizə baxır. Kiçik siniflər sizdən nümunə götürür! – deyə Elmira sinif yoldaşlarını tənbeh elədi.
- Götürsünlər, biz möhkəm dostuq, qoy onlar da bizim kimi həqiqi dost olsunlar! – Murad dedi.
- Iki nəfərin dostluğu niyə hamını belə narahat edir? Biz dərslərimizi hamıdan yaxşı oxuyuruq. Geri qalanda bir-birimizə kömək edirik. Mən burda pis heç nə görmürəm!
- Düzünə qalsa, mən də, axı bu müzakirə nəyə gərəkdir? – Sona belə deyib çiyinlərini çəkdi və o biri uşaqlara baxdı.
Müzakirə uzun çəkdi. Uşaqların yarısı Pərvanə ilə Muradın tərəfinə danışdı, digər yarısı isə onların belə hərəkətini tərbiyəsizlik kimi qiymətləndirdi. Müzakirənin belə uzanması Qənirə müəlliməni narahat elədi. O sinfə girəndə Pərvanə danışır, uşaqların qarşısında özünü təmizə çıxarmağa çalışırdı. Qənirə müəllimə onun spözünü ağzında qoyub qışqırdı:
- Sənin hələ dilin də var, danışırsan? Heç utanırsan?
- Qənirə müəllimə, mən neyləmişəm ki? Nəyə görə utanmalıyam?
- Bütün məktəb səndən, utanmaz-utanmaz oğlanın yanından əl çəkmədiyindən danışır, sən isə özünü təmizə çıxarmağa çalışırsan?
- Mən ayıb olan bir iş görməmişəm!
- Qızım, sən dünən oğlanla bir kinoya getmisən?
- Getmişəm! – Pərvanə utanıb başını aşağı salanda Murad irəli çıxıb dedi:
- Kinoya getməyin nəyi pisdir? Biz uşaqlar üçün olan saat 12 seansında Qarri Poter filminə baxdıq.
Müəllimə elə ürəkdən güldü, arxadakı qızl dişləri par-par parıldadı:
- Fərqi nədir? Hər nəyə baxdız, baxdız! 12 yaşlı qızın oğlanla kinoda nə işi ola bilər? – o bunu elə istehza ilə dedi, uşaqlar gülüşdü. Pərvanə hönkür çəkib ağladı. Eynəyini çıxarıb gözlərini siləndə Murad buna dözmədi, yaxınlaşıb Pərvanəni sakitləşdirdi. Onun gözlərinin yaşını siləndə Pərvanə diksindi:
- Ay, yavaş, xalıma dəydin!
Pərvanənin gözü çox zəif görürdü. Gözünün üstündə balaca, qara ət xalı vardı. Həkim ona tapşırmışdı ki, ona dəymə, dəysən böyüyəyəcək, görmənə bir az da maneəçilik törədəcək. Bunu Murad da bilirdi. Ona görə qız belə deyəndə diksindi və Pərvanəni çiynindən qucaqlayıb dedi:
- Bağışla Pəriş, bilmədim! – Bu elə ani baş verdi ki, bir anlığa hamı susdu. Qənirə müəllimə rəng verib, rəng aldı. Onun qara üzü bir anda oldu kömür rəngdə:
- Tərbiyəsizlər! – dedi, - o dərəcəyə çatdırmısız ki, müəllimənin yanında qucaqlaşırsız! Təcili valideynlərinizi məktəbə çağırtdırın! Özü də, həm ananızı, həm atanızı. Kimin valideyni gəlməsə, səhər məktəbə gəlməsin!
Səhərisi valideynlər məktəbə gəldi. Nəticə isə onunla bitdi ki, Pərvanə başqa məktəbə keçməli oldu.
Bütün bu müzakirələrdə, söz-söhbətdə Qənirə müəllimənin şəxsi “qisas” hissi vardı: “Nə üçün bütün uşaqlar imtahan vaxtı müəllimələrə “hörmət” edir, Pərvanə ilə Murad eləmir? Nə olsun yaxşı oxuyurlar?
Pərvanə ilə Muradı “tərbiyələndirmə” prosesi uzun sürdü. Söhbət elə ciddi şəkil aldı ki, valideynlər uşaqları bir-birindən ayırmalı oldu. Evlər dəyişdirildi, məktəblər ayrıldı. Murad aşkarda, gizlində nə qədər Pərvanəni axtardı, tapa bilmədi. Murad eşitdiyinə görə Pərvanəgil şəhərdən aralı, dəniz kənarına köçmüşdülər.
Pərvanə gedən gündən Muradı daha qəh-qəhə çəkib gülən və ya gülümsəyən, kiməsə qoşulub gəzməyə gedən, dərsə qulaq asan, dərs danışan, dərs yazan görən olmadı. Murad dərslərindən pis qiymət almağa başladı. O, sanki hamıdan küsmüşdü. Hətta valideynləri ilə də “salam, sağ ol”- dan başqa danışmağa söz tapmırdı.
Bununla belə evdə otağına çəkilib hey oxuyur, oxuyurdu. O, Pərvanənin gözləri ağrıyanda, zəifliyəndə ona söz vermişdi:
- Sən böyüyəndə hansı peşəni, ya sənəti seçəcəksən?
- Qoy fikirləşim...
- Zarafatsız!
- Sən de, sonra mən deyim!
- Mən ya hakim, ya da müstəntiq olmaq istəyirəm! Caniləri, pisləri axtarıb-tapmaq mühakimə eləmək istəyirəm!
- Maraqlıdır! Amma mən göz həkimi olacağam, hakimin gözlərini sağaltmaq üçün!
- Dedim axı zarafatsız!
- Mən də zarafatsız dedim!
- Elə isə sən çox yaxşı dostsan! Biz məktəbi qurtarandan sonra da dost olarıq, yaxşı?
- Əlbəttə, yoxsa səni hardan taparam gözlərini sağaldam?
- Bilmək olmaz, ola bilər o vaxta gözlərim sağalsın. Yaxşısı budur, ürəyin istəyən peşəni seç!
- Göz həkimi pis peşədir ki? Nə qədər adamın gözlərini sağaldırsan, insanları sevindirirsən!? Həm də məlumdur ki, kompyuter zəmanəsində göz həkimlərinə ejhtiyac çoxalacaq.
- Nə deyirəm ki?.. Ürəyindən həqiqətən göz həkimi olmaq keçirsə, əlbəttə ol. Sənə uğurlar...
- Sağ ol, sənə də!
Pərvanə ilə Murad əziyyətlə ayrıldılar. Ayrılığa əzabla dözdülər. Hər ikisinin sevinci əllərindən alndı. Bunda günahkar Qənirə müəlliməni sayırdılar. Sinif uşaqları da səhvlərini indi anlamışdılar. Amma gec idi. Onlar saf bir məhəbbətlə bir-birini sevən iki yeniyetməni bir-birindən ayırmışdılar.
Pərvanə Muraddan ayrılandan sonra özünə gələ bilmədi. O, hər gün, hər gecə ağlayırdı. Ana və ata onun ağlamağından xəbər tutan kimi hirslənirdilər:
- O qədər ağlayırsan, gözlərin tutulacağından qorxmursan? Axı sən bilirsən ki, gözlərin çox zəifdir!
- Bunu əvvəldən fikirləşmək lazım idi. Məni əziz dostumdan niyə ayırdınız...
Belə söhbətlər əvvəllər olurdu. Pərvanənin həqiqətən də əzab çəkdiyini görən valideynlər daha bu haqda danışmaq istəmirdilər. Onlar da elədiklərinə peşman olmuşdular. Axı bir-birini çox istəyən iki dostu bir-birindən niyə ayırmalı idilər. Özü də məktəbdə heç kəs tərəfindən sevilməyən, rüşvətxor bir müəllimənin dediyinə görə.
Bir gün ana şəhərdən qayıdanda Pərvanəyə dedi:
- Daha bu haqda düşünmək lazım deyil. Həyəcanlarını da unut! Murad İngiltərəyə oxumağa gedib. Deyilənlərə görə, Tibb universitetinə girib, amma oxumağa xaricə gedib.
Murad haqda eşitdiyi xəbərlərə həmişə Pərvanə göz yaşları ilə qulaq asar, göz yaşları ilə də cavab verərdi.
İllər keçdi. Murad təhsilini uğurla başa vurdu. Həkimlik diplomu ilə qane olmayıb tanınmış xəstəxanalardan birində işləməyə başladı. Yalnız elmi dərəcə alandan sonra vətənə qayıtdı. Aradan neçə il keçsə də o, Pərvanəni unutmadı, hər yanda Pərvanəni axtarsa da, soraqlasa da, tapa bilmədi.
Muradgilin sinif yoldaşları hər il son zəngdə görüşürdülər. Murad Azərbaycana qayıdandan sonra o da bir il həmin görüşə qatıldı. Sinif yoldaşlarından biri ona kitab hədiyyə elədi. "Mütləq oxuyarsan", dedi. Kitabın adı belə idi "Kiçik sevgi romanı”.
Murad kitab oxuyan idi. O saat kitabı vərəqləyib yazılarına göz gəzdirdi. Müəllifin kor olması haqda məlumat gözündən yayınmadı. Kitabı əlindən yerə qoymayıb, ordaca sakit bir künc tapıb kitabı tələsik, ordan-burdan oxumağa başladı. Roman iki hissəyə ayrılmışdı. Birinci hissənin adı “İtmiş dost” idi. İkinci hissənin isə adı belə idi: “Sənin gözlərini sağaltmaq üçün mütləq həkim olacağam!”. Üçüncü hissənin adını oxuyanda Muradın gözləri qaraldı, daha gerisini oxuya bilmədi. Üçüncü hissə belə adlanırdı: “Etibarsız dost”. Murad müəllifin adını dəqiqləşdirmək üçün kitabı örtdü. Müəllifin adı belə idi. Pərvanə Murad.
Murad oxuduqlarından dəhşətə gəldi. Amma, Pərvanənin izini tapdığına görə çox sevindi. Mətbəə ilə əlaqə saxladı. Soraqlaşıb Pərvanəni Bakının Göradil kəndində, dənizin sahilində tapdı. Pərvanə görməsə də gözlərini dənizə dikmiş, qulaqcıqlarla telefondan diqqətlə nəyə isə qulaq asırdı.
Yanında bir köməkçisi vardı. Köməkçi əlinin işarəsi ilə Murada bildirdi ki, qıza mane olmasın. Murad onun dediyinə məhəl qoymayıb Pərvanəyə yaxınlaşdı. Pərvanə qumun üstündəki addım səslərini eşidəndə qulaqcığı söndürdü. Murad onun isti əllərindən tutub yavaşca dedi:
- Pərvanə Murad sənsən?
- Mənəm! Sən kimsən? - Pərvanə diksinib cavab verdi.
- Mən Pərvanə adının yanındakı Muradam...
Səs Pərvanəyə doğma gəlsə də, o təəccüblə soruşdu:
- Murad?
- Murad!
Pərvanə bu anı çox gözləmişdi. O, bir xeyli duruxdu, danışa bilmədi. Köməkçi Pərvanənin başına gələnlərdən də xəbərdar idi, Muradı da qiyabı tanıyırdı. Ona görə həm həyəcandan, həm də sevindiyindən iki əli ilə üzünü örtdü, sonra da yavaş-yavaş onlardan aralandı ki, söhbətlərinə mane olmasın.
Murad Pərvanənin hər iki əlindən tutub gözlərinə baxdı. Pərvanənin gözlərində əvvəlki məna yox idi. Çünki hər iki göz Muradın başı üstündən bir nöqtəyə zillənmişdi. Pərvanə pıçıldadı:
- Bilirdim gələcəksən...
- Sənə söz vermişdim, gələcəkdim...
- "Kiçik sevgi romanı"nın üçüncü hissəsinin adı bəs niyə etibarsız dost olub?
- Çox ağladım sənin üçün!
- Mən də sənin gözlərini sağaltmaq üçün çox çox oxudum. Sonra da çox aradım səni. Məgər etibarsız belə edərmi? Heç kəsi sevmədim, sən vardın deyə!
Pərvanə Muradın sinəsinə sıxıldı. Murad Pərvanıni qucaqlayıb bir xeyli danışandan sonra onun çiyinlərindən tutub soruşdu:
- Niyə susursan?
Bu vaxt Pərvanə yıxıldı. Sən demə, o həyəcandan, bayaqdan huşunu itirib. Murad tutmasaydı, Pərvanə yerə yıxılacaqdı.
Murad Pərvanənin xəstəlik vərəqəsinə baxanda sevindi. Bu onun elmi ixtirasına uyğun bir diaqnoz idi. Ona görə də vaxtı uzatmayıb tez Riçardın Bakıya gəlməsini xahiş etdi. Riçard onun İngiltərədə oxuduğu tələbə yoldaşı idi. Onlar həmçinin elmi ixtiranın da nəticələrini bir müdafiə etmişdilər. Murad İngiltərədə bir neçə uğurlu əməliyyat aparsa da, indi Pərvanənin gözünü tək əməliyyat etmək istəmirdi. Qorxurdu həyəcandan əlləri titrəyə. Ona görə qətiyyətlə Riçardı köməyə çağırdı.
Pərvanə əməliyyat otağında qorxudan rəngi qaçmaq əvəzinə sevinc içərisində gülümsəyirdi. Düşünürdü ki, hətta əməliyyat uğurlu alınmasa belə, o xoşbəxtdir.
Çətin və uğurlu əməliyyatdan sonra Pərvanənin gözləri açıldı. Gözləri təzə-təzə dumanlı görsə də, daha dünya işığına həsrət qalmadı. Onun baxışları Murada yenə məhəbbətlə baxdı. Mürad çox göz müayinə eləmişdi. Belə gözəl baxışları o heç kəsdə görməmişdi.
Pərvanənin gözünün açılması xəbəri hamını sevindi. Hər dəfə həkim otağa girəndə Pərvanənin dərddən qocalmış ata-anası dik yerlərindən qalxır, Murada minnətdarıq bildirirdilər.
Həkim onlardan nəsə soruşanda baxışları yerə dikili cavab verirdilər. Xəcalətlərindən həkimin gözlərinin içinə baxa bilmirdilər.
Həkim xəstəni evə yazanda ona balaca bir qutu uzatdı. Qutuda bir üzük vardı.
- Mənimlə evlənərsənmi? – Murad xəstəsindən soruşanda Pərvanə sevincdən kövrəldi. Murad tez üzüyü arxasında gizlədib dedi:
- Yoox, sənə qəti ağlamaq olmaz! - Sonra zarafatla əlavə etdi, - bax ha, ağlasan, üzüyü başqasına verəcəyəm!
Gözləri açılandan sonra Pərvanə Murad daha da gözəl əsərlər yazdı. Yazıçı yuxarı sinif şagirdləri ilə görüşlərində çəkinmədən sevgisindən danışırdı. O, yeniyetmələrə, gənclərə təmiz, pak, saf sevgi arzu edir, sevgilərini hamıdan qorumağı öyrədirdi.
Müəllif: Gülzar İbrahimova