(hekayə)
- Uşaqlar, məni eşidirsiz? Mən suriyalıyam! Tək arzumuz müharibənin yox olmasıdır. Səsimizə səs verin!
Mən Azərbaycanda doğulmuşam. Atam da, anam da, mən də azərbaycanlıyıq. Suriyada müharibə başlayanda soruşdum:
- Onlar hansı ölkə ilə düşməndilər, nə uğrunda savaşırlar?
- Bir-birləri ilə, ölkə rəhbəri olmaq, vəzifə tutmaq üstündə savaşırlar. Pis insanlar isə, hər iki tərəfə gizlincə silah verir, onları daha da qızışdırır, - dedilər.
İllər keçdi, Suriyada silah səsi kəsilmədi, dava-dalaş bitmədi.
Bir gün televizorda dənizin sahilində, üzüqoylu qalmış körpə gördüm. Soruşdum:
- O qumun üstündə yatıb?
Dedilər:
- Suriyalıdır, ata-anası müharibədən qaçmaq istəyib, dənizdə tufana düşüblər, qayıq çevrilib. Dalğalar körpəni sahilə çıxarıb.
Körpəni görüb, bunu eşidib, həmin gündən mən də Suriyalı oldum.
_________________
Yaşadığım Türkiyədə tez-tez terror hadisələri olur. Terror da müharibə kimidir. Oturduğun yerdə kimsə qəfildən səni ya yaralayır, ya da öldürür. Bu bir dəhşətdi. Mənim olkəmdə belə dəhşətlər tez-tez baş verir.
Suriyadan gözü yaşlı, çiynində vətən həsrəti, ayaqlarının altından qan sızlayan adamlar ən çox mənim ölkəmə gəldi. Onların arasında yaşıdlarım çox idi. Onlar qanlı göz yaşları ilə gözlərimə baxdılar. Mən də o gündən dəyişdim, Suriyalı oldum.
Ona görə terrorlar, müharibələr mənim də arzularımu dəyişib. Çoxlu, arzularım azalıb, bir arzu olub. Rəngarəng arzularm rəngini dəyişib ağ-qara olub: "Müharibə olmasın!".
_________________
Mən isə rusam. Vətənimi sevirəm. Mən Suriyadan - isti evlərindən yurdlarından qaçqın düşmüş yaşıdlarımı görəndə müharibə edən, buz ürəkli böyüklərə nifrət elədim, onlardan üz döndərdim və mən də suriyalı oldum.
Bizə müharibədən, onun faciələrindən danışıblar. Mən qorxuram müharibədən. Müharibə insanı əlsiz, ayaqssız qoya bilir. Vətənini əlindən alır, özünü didərgin salır. Müharibədən danışanda hamının gözü yaşarır. Mən müharibə istəmirəm. Axı niyə adamlar bir-birlərini öldürsünlər? Olmasın müharibə! Heç müharibə filmləri də olmasın! Bütün silahlar yandırılsın!
Eşidirsiz böyüklər! Yandırın bütün silahları! Dayandırın müharibələri! Bunu sizə bir suriyalı rus deyir! Cünki, mən də suriyalıyam!
_______________
Ukrayna
Mən ukraynalıyam. Müharibə mənim də arzularımı dəyişdi. Əvvəllər mən karusellər, Disney ləndə getmək, oyuncaqlar, ən müasir kompyuter, oyunlar, böyüyəndə yaxşı evim, yaxşı işim olmasını arzu edirdim. Müharibə zamanı arzularım tamam dəyişdi. İndi tək arzum qalıb: "Bircə müharibə olmasın!".
Mən əlimi qumun üstündə uzanmış körpənin çiyninə qoyub deyirəm: Mən də suriyalıyam, səninləyəm, sən tək deyilsən!".
___________________
Afrikalı
Mən isə qıvrım saçlı, qara dəriliyəm. Nə atam, nə anam, nə də mən heç vaxt Suriyada olmamışıq. Amma səninləyəm, mən də səndənəm, çünki başına gələnlərdən xəbərim var. Fitnə qurbanısan. Kimsə pul, var-dövlət axtarır, bu yolda səni qurbana çevirib. Utanmır, ölmür, əlinə silah alıb, uşaq öldürür. Evlərə od vurub yandırır. Və bundan sonra da xoşbəxt yaşayacağına inanır. Məgər bundan sonra yaşamaq mümkündürmü?
Qara dərimə, qıvrım saçlarıma baxıb deməyin ki, mən Afrikalıyam. Mən də Suriyalıyam. Mən də Suriyalı yaşıdlarıma baxıb, Suriyalı olmuşam.
__________________
Biz Xerasimo, Naqasaki uşaqları da Suriyalı uşaqların əllərindən tutub deyirik: "Bir vaxt bizim də uşaqlar pislərin qurbanına çevrilib. Möhkəm durun, Suriyalılar! Biz də sizinləyik! Sizin başınıza gələnlərdən biz də Suriyalı olmuşuq!
____________
Biz tatarıq, biz udmurtuq, biz tacikik, biz yaponuq, biz çinliyik, amma hamımız birlikdə Suriyalıyıq!
Bu gün qana susamış vampir düşmən Suriyanın gücsüz balalarınaı qıyır, onları rəhmsizcəsinə öldürür. Amma düşmən bilsin ki, biz çoxuq! Sülh səsimiz dünyanın hər yerində əks-səda verir, milyonlar yox, milyardlar səsimizə səs verir. Haqq səsimiz kainata yayılır. Müharibə süvən, uşaqların qatili! Sən azsan, biz çox! Sən heç vaxt bizə qalib gələ bilməzsən!
Başımızı dik tutaq, həmvətənlərim! O gün gələcək ki, Suriyanın günahsız körpələrinə zülm eləyənlər düzəltdikləri edam ağaclarında ayna kimi özlərini görəcəklər.
Bir gün Yer kürəsi qan udmaqdan cana doyacaq, bezəcək, silkələnib pisləri boşluqa tullayıb onlardan təmizlənəcək.
Günəş şahidi olduğu haqsızlıqlara dözməyəcək, alovlanacaq, pisləri Yer üzündən siləcək!
Külək pislərin adını uzaqlara aparıb, sonsuzluğa səpəcək, uşaqları onlardan xilas edəcək!
Onda bütün xalqların xoşbəxt uşaqlarının arzularının rəngi dəyişib göy qurşağı kimi rəgbərəng olacaq!
Müəllif: Gülzar İbrahimova