(hekayə)
Eliş və Gülüş qərara gəldilər ki, bazar günü özləri raket düzəltsinlər və kosmosa – Marsa uçsünlar. Onlar öz qərarlarından çox sevinirdilər.
Səhərisi günü Eliş – Gülüşgilə gəldi. Qapını Gülüşün anası Lətifə xala açdı. Açan kimi də Elişi mətbəxə dəvət elədi. Gülüş orda oturmuş, qaşıqla sıyığı qurdalayırdı. O, nifrətlə boşqaba, yeməyə baxırdı. Həmişə dostunu görəndə gülümsəyən qız bu dəfə gülümsəmədi. Elişə hər şey aydın oldu.
Ana hirslə dedi:
- Bu gün Gülüş gəzməyə getməyəcək!
Eliş gözlərini döydü:
- Necə? Axı biz axşamdan danışdıq ki, sabah Marsa uçaq...
- Gülüş sıyığını yeməyib, həyətə düşməyəcək!
Eliş bu xəbərdən çox pis oldu. O bilirdi ki, Gülüşün mannı sıyığından zəhləsi gedir. Hansı gün ki, evdə bu sıyıqdan bişirilirdi, həmin günü onun iştahı küsür, hətta o biri yeməkləri də güclə yeyirdi. Eliş bunu bildiyindən dostuna yazığı gəldi. Onun yanında oturub dedi:
- Lətifə xala, olar ki, əmr edim, Gülüş sıyığı yesin?
- Elə bilirsən səni eşidər?
- Əlbəttə eşidər! Mən Gülüşün ekipaj kamandiriyəm! Sıyıq yeməyən kosmosa uça bilməz! Mənim anam belə deyir!
- Anan düz deyir. Bəs sən necə, sıyıq xoşlayırsan?
- Çox da yox! Amma hər bir qaşıq südlü sıyıq, kosmosa tərəf addımdır, - böyüklər belə deyir.
- Düz deyir böyüklər, - Lətifə xalanın bir az hirsi soyudu.
- Kapitan komandiri kimi sənə əmr edirəm! Tez sıyığını ye, qurtar!
- Özün ye! Gülüş küskün dilləndi.
Ana yeməkdən bir boşqab da Elişə verdi:
- Əlbəttə, o da yeyəcək! Bu da onun payı!
Bunu görəndə Elişin dili topuq vurdu. O özü evlərində südlü sıyığı zorla yeyib Gülüşgilə qaçmışdı. Qaba baxıb dedi:
- Lətifə xala! Məəən təzəcə südlü sısıyıq yemişdim!
- Bir qab da yeyərsən! Komandir həmişə nümunə göstərməlidir.
Düzdü, Elişin də südlü mannı sıyığından xoşu gəlmirdi, amma əlacı kəsilərək güclə sıyığı yeməyə başladı. Gülüş isə yeməyini qurdalayır, altdan-altdan gülürdü. Oğlan təzəcə qabını boşaltmışdı ki, Lətifə xala bir dolu stəkan ərik kompotunu ona uzatdı:
- Al bunu da iç, çox dadlıdır!
- Çox sağ olun! – deyib Eliş stəkanı aldı və ərik kompotunu birnəfəsə başına çəkdi. Yəni, ləzzətlə içdi. Çünki ərik kompotunu çox xoşlayırdı.
Ana mətbəxdən çıxan kimi Gülüş dedi:
- Al mənim də kompotumu iç! Amma gərək südlü sıyığımı da yeyəsən!
Eliş əvvəl istədi razılaşmasın, amma ərik kompotunu xoşlayırdı deyə, etiraz eləmədi. Güclə də, zorla da olsa, Gülüşün də sıyığını birtəhər yeməyə başladı. Gülüş onu tələsdlirirdi:
- Tez ye, anam gəlib görməsin, yoxsa hirslənər...
Eliş qaşığı dolu-dolu doldurub birətəhər sıyığı yeyib qurtardı. Bu vaxt ana mətbəxə girdi. Boşqabları boş görəndə lap çaşdı. Gözələrinə inanmadı:
- Gülüş hanı yeməyin, zibilqabına tökdün?
Lətifə xala əyilib zibilqabına baxdı. Oranı təmiz görüb məəttəl qaldı:
- Afərin sizə uşaqlar! Tez yeyib qurtardınız!
Sonra qazanı əlinə alıb orda qalan sıyığı da onların boşqablarına tökmək istəyəndə Gülüş ananın əlini tutub qışqırdı:
- Yox ana, mən doymuşam, deyəsən sıyıq Elişin xoşunə gəlib, ona tök!
Eliş doğrudan əsl dost idi. O susdu, danışmadı. Lətifə xala boşqabına nə tökdü, onu yedi. Necə yedi, bir Allah bilir...
Bir əli ilə qarnını tutmuşdu, az qala partlayacaqdı, birdən Lətifə xalanın səsindən diksindi:
- Bax, bu da ikinci stəkan kompot.. İç, çıxın həyətdə nə qədər istəyirsiz, oynayın, lap istəyirsiz, Marsa yox, Yupiterə uçun!
Bunu eşidən kimi Eliş sevincək oldu. Kompotu necə birnəfəsə içdisə, ayağa qalxanda başı gicəlləndi. Dostunun xətrinə çoxlu yeyib-içən Elişin halı çox pis idi. Qarnı burulur, özünü gömbul əmilər kimi ağır hiss edirdi.
Gülüş kosmik raketlərdən birini Elişə uzatdı:
- Yoldaş komandir, mən Marsa uçmağa hazıram, bəs sən necə?
Elişin isə raket götürmsəyə halı olmadığından sızıldaya-sızıldaya dedi:
- Bu gün yox, kosmosa başqa vaxt uçarıq, indi mən təcili evə getməliyəm! Belə deyib Eliş evə qaçdı. Gülüş məəttəl-məəttəl dostunun ardınca baxdı. Başa düşmədi ki, niyə dostu Marsa uçuşu təxirə saldı. Axı o bunu çox istəyirdi...
Müəllif: Gülzar İbrahimova