Novruz bayramı möcüzəsi

 

Novruz bayramı ərəfəsində məktəb uşaqları bayrama hazırlaşırdılar:
1-ci siniflər torpaq çərşənbəsində öz aralarında xonca müsabiqəsi keçirəcək; 
2-cilər yel çərşənbəsində yumurta boyama müsabiqəsi keçirəcək; 
3-cülər od çərşənbəsində Novruz adət-ənənələrinə aid viktorina hazırlayacaq;
4-cülər "Ən yaxşı keçəl və ən fəal kosa" personajları hazırlayacaq; 
5-cilər asfalt üzərində rəsm çəkəcək, həm də konsert təşkil edəcək;
6-cılar bayramı Qobustanda keçirəcək; 
7-cilər konsert hazırlayacaq;
8-cilər tamaşa hazırlayacaq;
9-cuların "Şən və hazırcavablar"ı yarışacaqlar;
10-cularda qızlar şəkərbura naxışlayacaq, oğlanlar isə kəndir dartıb, qurşaq tutacaq;
Nəhayət, 11-lər müəllimlərlə birgə bütün bunlara tamaşa edəcək, sonda hər kəsin əməyinə qiymət veriləcək. 
Bütün yarışlar, viktorinalar, müsabiqələr yüksək səviyyədə keçdi. Hətta tamaşaya Bakı Şəhəri Təhsil idarəsinin rəhbərliyi də gəlmişdi. 
Sonuncu müsabiqə qalırdı. Cədvəl üzrə o axırıncı su çərşənbəsində keçiriləcəkdi. 
Asfalt üzərində rəsm yarışı keçirilməsi təklifini məktəb iclasında 5a sinfinin sinif nümayəndəsi Akif irəli sürmüşdü. Hamı da təklifi alqışlamışdı. Həmin tədbirin keçirilməsini direktor öz müavininə, bir də sinif rəhbəri Təranə müəlliməyə tapşırdı. Təranə müəllimə də əsas işləri Akifə həvalə elədi.  
Hamı müsabiqənin maraqlı keçməsi üçün çox zəhmət çəkdi. Müsabiqədə iştirak edənlərin siyahısı hazırlandı. Hərəyə bir iş tapşırıldı. 
Tədbir gününə qədər təbaşir də, qaliblərə təqdim olunacaq 80 ədəd diplom da əvvəldən yazılıb hazırlanmışdı. Təkcə ad yeri boş saxlanmışdı. 
Akifin ata-anası çox vaxt işdə olurdular deyə, Akif sevincini nənəsi ilə bölüşürdü:
- Nənə, hər şey hazırdı, aparıcı da mənəm. Hələ orda mahnı da oxuyacağam. Səsyazma studiyasında musiqi hissəsini yazdırmışam, hazırdır. Əla olacaq.  
- Nə yaxşı! Görürsən, çoxlu kitab oxumağının xeyrini gördün. Aparıcılıq sənə tapşırılıbsa, deməli danışmaq qabiliyyətin gözəldir. 
- Bircə yarış günü tezcə gəlib çatsaydı, müsabiqəmizi keçirərdik!
Nənə təsbehini çevirə-çevirə pıçıldadı:
- İnşallah, Allah qoysa keçirərsiz!
- Nə deyirsən nənə, o qədər əziyyət çəkmişəm, direktor bu işi uşaqlardan təkcə mənə tapşırıb, Allah qoysa da, qoymasa da gərək keçirək!
- Küfr danışma, a bala, hər şey Allahın əlindədir. Onun rizası olmasa, heç bir işi görmək mümkün deyil!
- Eee, nənə, sənə söz demək olmur. O saat başlayırsan, dua edib, Allahı çağırmağa. 
- Əğstəfürüllah! Dinsiz danışma, Tanrıya xoş getməz!
- Sənə nə deyim nənə! Qocalmısan, bütün qocalar sənin kimi olur. 
Tədbirə düz üç gün qalmış Akifin kefi tamam pozuldu. Hava birdən-birə elə dəyişdi, sanki yaz deyil, qışın ortası idi. Tufan, qopdu, şaxtalı çovğun, hamını evə qovdu. Elə bil qış təzədən geri qayıtdı. 
Səhərisi gün isə əməlli başlı qar yağdı. Belə qar heç neçə il idi ki, yağmamışdı. Hər yan az qala 20 santimetrə qədər qarla örtülmüşdü. 
Qışdan, qardan xoşu gələn Akifin də bu vaxtsız qardan heç xoşu gəlmədi. Hər yan buzlamışdı deyə, həmin gün məktəb də yox idi. Həyətdə tədbir keçirilməsindən danışmaq gülməli idi. O, az qala ağlayacaq dərəcədə zəng edib Təranə müəllimədən soruşdu:
- Təranə müəllimə, belə qarda biz müsabiqəni necə keçirəcəyik?
- Yəqin ki, keçirmərik! Direktor da, uşaqlar da başa düşər.  
- Necə? O qədər əziyyət çəkmişik, uşaqlar da həyəcanla gözləyirdilər, belə olmaz, bir şey fikirləşməliyik!
- Səncə neyləyək?
- Bilmirəm, - deyib, Akif pərt cavab verdi. 
- Mən də bilmirəm!
Sonra Akif qəmli-qəmli nənəsinin yanına gəldi. Dərdini onunla bölüşdü. Amma nənənin cavabı eyni olduğundan bu Akifi lap əsəbləşdirdi:
- Bikef olma, İnşallah, Allah qoysa keçirərsiz!
Akif nənəni kobud danışığı ilə acıladı:
- Nə danışırsan nənə, bu tufanda, bu boranda necə küçədə tədbir keçirmək olar? Görmürsən qar haracan yağıb? Az qala dizəcən qalxır. Sən də deyirsən, Allah qoysa keçirərsiz! 
Nənə nəvəsinin başını tumarlayıb dedi:
- Sənin hələ Allahın möcüzələrindən xəbərin yoxdu. Ona görə belə danışırsan. Mən də sən yaşda elə sən fikirdə idim. Zaman gəldi, fikrim dəyişdi.
Akif nənənin qucağına elə qısıldı ki, onun yaşarmış gözlərini görən olmasın. Nənə onun başını tumarladı, Akif eləcə də yuxuya getdi. 
Axşamçağı oyandı, qar hələ də yağırdı. Gecəyarı oyandı, pəncərədən boylandı, qar yağır, elə hey yağırdı. O, ümidsiz-ümidsiz pışıldadı:
- Aman Allah, kaş birisigünə qar olmazdı. 
Səhər Akifi gözünə düşən Günəş oyatdı. Qar dayanmışdı. Günəş qarı əridirdi. Bu da Akifin kefini açmadı. Səhər müsabiqə keçirilən tarix idi. Hər tərəf isə qar, su, palçıq idi. Müsabiqə yəqin ki, keçirilməyəcəkdi. Akif dərsə getdi. Ədəbiyyatdan aldığı yaxşı qiymət də kefini açmadı. 
Səhərisi gün isə əsl möcüzə baş verdi. Sanki iki gün əvvəl heç qar yağmamışdı. Elə bil bu yuxu idi, oyandın, yox oldu. Bu gün isə Akifi Günəş yox, nənəsi oyatdı:
- Qurban olum Allaha, indi dur, özün Onun möcüzəsinin şahidi ol!
- Nə möcüzə nənə? - deyib Akif gözlərini açanda pəncərədən gözəl, yaz səhərinin şahidi oldu. Qeyri-ixtiyarı ağzından bu kəlmələr çıxdı:
- Aman Allah, bu nədir belə? Bu ki möcüzədir!
Heç kimin ümidi yox idi ki, bayram keçirilsin. Amma məktəbə çatanda həyətdəki xonçalardan, milli geyimli qızlardan başa düşdülər ki, bayram indicə başlayacaq. 
Tədbirin sonunda Akif də İlaxır çərşənbədə gözəl mahnı ifasına və aparıcılığına görə məktəb rəhbərliyi tərəfindən diplomla təltif olundu. 
Akif yavaşca diplomunu öpüb: "Sənə minətdaram Allahım!", deyə pıçıldadı. 

 

Müəllif: Gülzar İbrahimova