Maraqlı vaxt

(hekayə)

Yayın isti günlərindən birində Gülüşgil bağa köçdülər. Bağ çox gözəl idi. Ağaclar elə böyük idi ki, onların bağı lap meşəyə bənzəyirdi. 
Gülüş maşından düşəndə qonşu həyətdə özü yaşda balaca, toppuş bir qız görüb sevindi. Fikirləşdi ki, yaxşı oldu, bir yerdə oynayarıq. Onlar tanış oldular. Qızın adı Ülkər idi.  Ülkər nədənsə qaşqabaqlı görünürdü. 
Gülüş soruşdu:
 - Nə olub sənə?
Qız həvəssiz-həvəssiz: 
 - Bura yaxşı deyil, mən bağda darıxıram.
Gülüş təəccüblə hər tərəfə baxdı: 
 -  Heç belə yerdə darıxmaq olar? 
Balaca qız çiynini çəkdi. Onlar ayrıldılar. 
Səhər tezdən Gülüş yuxudan oyandı. Geyinib əl-üzünü yuyandan sonra həyətdə, təmiz havada səhər yeməyini yedi. Bir az anasına kömək eləyəndən sonra maraqlı bir evcik düzəldib Ülkəri səslədi: 
 - Ülkər, Ülkər!
Səsə Ülkərin anası çıxdı:
 - Qızım, yatıb Gülüş, neçə dəfə oyatmışam, durmaq istəmir.   
Gülüş təəssüflə tək oynamağa başladı. Bir azdan onlar ailəliklə dənizə getdilər. Bu Gülüş üçün lap maraqlı oldu. Dəniz elə ləzzətli idi ki, adam sudan çıxmaq istiəmirdi. 
Onlar dənizdən qayıdanda artıq günorta idi. Ülkər isə yuxudan təzə qalxmışdı. O:
 - Su çox soyuqdur, deyə deyinə-deyinə əl üzünü yudu. 
Sonra isə anasının gətirdiyi yeməklərə baxıb, ağzını büzüb dedi:
 - Mən bunlardan yemək istəmirəm! 
Bir müddətdən sonra Gülüş yenə də Ülkəri çağırdı: 
 - Gəl gedək bağa, tut yeməyə.
 - Qorxuram, mən ağaca çıxa bilmərəm.
Ülkər dedi və heç yeyib qurtarandan sonra da ayağa qalxmadı. Sonra Gülüş uşaqlarla gizlənqaç oynadı, torpaq yolda velosiped sürdü. Bunlar elə maraqlı idi ki… 
Ülkər isə oturdu, oturdu, sonra isə televizora baxdı. Televizora baxmaqdan yorulanda isə yenə də oturdu. Özü də oturmaqdan təngə gəlmişdi.
 - Darıxmırsan bağda?
Gülüş onu başa saldı: 
 - Bağ çox maraqlıdır. Tənbəl omasan, çox yatmasan, səhər tez durub bizə qoşulsan görəcəksən!
 - Səhərisi gün Ülkər Gülüş deyəni elədi. Tezdən qalxıb əl-üzünü yuyub, saçlarını darayandan sonra gözəlləşdi. 
Ev işlərində anasına kömək eləyəndən sonra uşaqlara qoşulub onlarla müxtəlif oyunlar oynadı. Bir də baxdı ki, axşam düşüb. Uşaqlar evlərinə dağılışanda Ülkər Gülüşə yaxınlaşdı: 
 - Düz deyirsən, Gülüş! Tənbəllik eləməyəndə vaxt çox maraqlı keçir!  

 

             Müəllif: Gülzar İbrahimova