Quş dilini bilən qız

  (hekayə)

    Gülüş göyərçinlərə baxır, hərdən də onlara dən atırdı. Göyərçinlər qanad çala-çala, ləzzətlə dən yeyirdilər. 
      Birdən kimsə quşlara daş atdı. Daş göyərçinlərə dəyməsə də, quşlar uçub getdi. 
     Gülüş dönüb daş atılan tərəfə baxanda gördü ki, daş atan onun dostudur. Eliş kolluqda gizlənmişdi ki, raqatka ilə quş vursun. Quşlar uçub gedən kimi o gizləndiyi yerdən çıxıb gülə-gülə Gülüşə tərəf gələndə qız onu acıladı:
    - Nə pis oğlansan, quşları qorxutdun!
    - Göyərçinlərdən ötrü mənə pis deyirsən? 
    - Niyə onlara daş atırsan? Xoşuna gələr kimsə sənə daş atsın? 
    - Məni quşlara tay eləyirsən? Quşlar başa düşür ki?
    - Əlbəttə başa düşürlər! Onlar danışa da bilirlər. Bütün canlılar danışır. Quşlar quş dilində. Pişiklər pişik, itlər isə it dilində.
     Eliş qızı cırnadaraq bərkdən güldü: 
    - Eşşəklər də anqıra-anqıra eşşək dilində danışır!
     Gülüş dərindən ah çəkdi: 
    - Sən heç nə başa düşmürsən!
    - Sən heyvanların, quşların dilini başa düşürsən? 
    - Əlbəttə! Bax, indicə quşlar səndən danışırdılar. Deyirdilər ki, sən çox pis oğlansan. Özün insan cildində olsan da hərəkətlərin heyvan hərəkətləridir!
    - Sən məni söyürsən? 
    - Mən yox, quşlar. Amma mən də onların fikri ilə razıyam. 
      Eliş raqadkasını qaldırıb damda oturan quşları hədələdi:
    - Qoy onlar bir də bura gəlsin. Başlarına oyun açacağam. 
    - Sən burda olsan  heç vaxt gəlməzlər. Çıxıb getsən gələrlər. 
   - Onların dilini bilirsənsə, de gedirəm, gəlsinlər. 
   - Deyə bilmərəm, birdən getməzsən, vurarsan onları!
   - Əlbəttə vuracağam! 
   - Onda demirəm, onları aldada bilmərəm! Göyərçinlərin zəhləsi səndən getmirdi, indi onların da səndən zəhləsi gedir. 
    - Daha kimin zəhləsi gedir məndən? 
    - Toplanın!
    - Nə bilirsən? 
    - Bilirəm, onun quyruğuna konservi qabı bağlamısan!           
    - Hardan bilirsən? 
    - O günü Toplan özü deyirdi.
    - Gop eləmə, onu pəncərədən görmüsən!
    - Bütün itlər deyir ki, pis oğlansan, daş atırsan! 
    - Daha kim məndən xəbərçilik edir? 
    - Həyətimizə gələn, yaxınlıqda yaşayan bütün heyvanların, quşların səndən zəhləsi gedir. Bunu bil!
     Eliş pərt olub sakit oturdu. Bu vaxt bir küçük yaxınlaşdı və zingildəyə-zingildəyə quyruğunu Gülüşün ayaqlarına sürtdü. 
    Eliş hirslə soruşdu: 
  - Deyirsən heyvanların dilini bilirsən, nə deyir bu küçük?
  - Küçük deyir ki, acmışam, ət yemək istəyirəm!
  - Gözümüz aydın, mən də kabab yemək istəyirəm! 
    Gülüş oğlana tərs-tərs baxıb küçüyü tumarladı:
  - Qəşəng bala, gözəl bala, dur, gedim sənə kolbasa gətirim! 
   Küçük bu dəfə başını qızın ayaqların sürtüb zingildəyəndə Eliş onu lağa qoydu: 
 - Hə, nə dedi, dedi yanında meyvə şirəsi də gətir?..
 - Yox, küçük dedi ki, mən pis oğlandan qorxuram məni onunla tək qoyma! 
 - Qorxma, küçüyün biri  küçük! Mən sənə heç nə eləmərəm! 
  Gülüş qaçdı evdən kolbasa gətirməyə. Bu vaxt Eliş əlini uzatdı küçüyü tumarlasın. Küçük qorxudan girdi skamyanın altına. Eliş nə qədər onu çağırdı çıxmadı. Oğlan hirslənib raqadkanı cibindən çıxaranda küçük qaçdı. 
     Gülüş əlində kolbasa gəlib küçüyü həyətdə görməyəndə və Elişin əlində raqadka görəndə hər şey ona məlum oldu. Soruşdu:
   -  Hanı küçük?
   -  Bilmirəm, yəqin vacib işi vardı, getdi!..
   - Sən ona bir şey eləmədin ki?
  - Yooox...
  -  Yalan danışma ha, yoxsa göyərçinlərdən soruşaram! 
  - Soruş da...
   Gülüş bir az dən atdı, göyərçinlər lap yaxına gəldilər. Qanad çalıb oxuya-oxuya dəni yedilər.                   
   Gülüş dönüb tərs-tərs Elişə baxdı: 
  - Bəs deyirsən küçüyə heç bir şey eləməmisən? Quşlar deyir ki, sən raqadlka ilə küçüyü vurmaq istəmisən, o da qaçıb! 
    Eliş qızardı:
   - Mən raqadkanı bir cibimdən çıxarıb o biri cibimə qoymaq istədim! 
   - Sən çox kobudsan, Eliş! Məni danışdırma! Dostluğumuz da qurtardı! 
   Eliş istəmirdi ki, dostu ondan incisin: 
  - Sən daha bizə gəlməyəcəksən? 
  - Yox! 
  - Biz daha bir yerdə oynamayacağıq? 
  - Yox! 
  Onlar küsüşüb ayrıldılar. Eliş yaman dilxor idi. Cibindən raqadkanı çıxartdı ki, quşlara daş atsın. Amma fikrini dəyişib raqadkanı tulladı. 
     Sonra isə gedib mağazadan çoxlu dən alıb göyərçinlərə səpdi. O inanırdı ki, quşlar bunu Gülüşə xəbər verəcək. Və Gülüş də Elişin səhvini bağışlayacaq. Onlar yenə də dost olacaq. Bir-birlərinə qonaq gedəcəklər! Eliş dostuna söz verəcək! Söz verəcək ki, heç vaxt heyvanları, quşları  incitməyəcək!         

 

            Müəllif: Gülzar İbrahimova