Mən mütləq oxumalıyam!

(hekayə)                
 
        Əhməd ilk dəfə məktəbə getdi. Hələ dərs başlamamışdı ki, neçə uşaqla tanış olub dostlaşdı. Dərs başlandı. 
        Əhməd pəncərə tərəfdə oturmuşdu. Günəş Əhmədin gözünə düşür, oğlanın yuxusu gəirdi.  
       Müəllim uşaqlara dərs başa salırdı. Birdən Əhmədə elə gəldi ki, o darıxır. Çantasını yığışdırdı, sinifdən çıxanda müəllim soruşdu: 
     - Əhməd, hara gedirsən?
Əhməd dodaqlarını uzadaraq narazı-narazı dilləndi:
 - Oxumaq istəmirəm, evimizə gedirəm!
Müəllim eynəyini gözündən çıxarıb başını buladı, Əhmədin sözlərinə məəttəl qaldı:
        - Bu necə ola bilər? Sən həmişəlik savadsız olmaq istəyirsən?
Əhməd dedi: 
        - Mən savadsız olmayacağam. Anam kimi həkim olacağam. Xəstələri sağaldacağam!
        Müəllimə Əhmədi başa salmaq istəyirdi. Ona görə dedi: 
       - Yaxşı, tutaq ki, sən həkimsən, xəstəni sağaltmaq üçün ona resept yazmalısan ki, aptekdən dərman alsın. Hərfləri tanımadan sən ona necə resept yaza bilərsən?
Əhməd bir az fikirləşib dedi: 
      - Onda mən atam kimi gəmi təmirçisi olaram! 
      Əhməd belə deyib sinifdən çıxdı. Atası bu gün ikinci növbə olduğundan hələ işə getməmişdi. 
      Əhmədin məktəbdən qayıtmasının səbəbini biləndə bikef oldu, amma bunu oğluna bildirmədi. Onu başa salmaq istədi ki, Əhməd səhvini özü başa düşsün. Ona belə dedi: 
     - Sən əgər doğrudan da mənim kimi gəmi təmirçisi olmaq istəyirsənsə, onda gəl bir yerdə gəminin sxeminə baxaq. Mənə bir gəmi veriblər ki, onu təmir edim. Gəminin korpusu səhv yığılıb, işləmir.
       Əhməd gözlərini qıyıb sxemə baxdı. Orda xırda yazılar yazılmış və çoxlu nazik, qarışıq xətlər çəkilmişdi. 
       Əhməd gözlərini bərəldib sxemə baxsa da, ondan başı çıxmadı. Təəcüblə atasından soruşdu:
    - Mən bu yazıdan heç nə başa düşmədim. Onu başa düşmək üçün neyləməliyəm?
       Atası onun başını sığalladı:
    - Əlbəttə ki, bunun üçün ən əvvəl hərfləri yazmağı və kitab oxumağı bacarmalısan!
      Əhməd bir xeyli fikirləşəndən sonra çantasını da götürüb yenidən məktəbə yollandı. Yolda öz-özünə qəti qərar verdi: «Mən mütləq oxumalıyam!» 

 

               Müəllif: Gülzar İbrahimova