Hirsli oğlan

 (hekayə) 

   Tərlangil yaşayan həyətdə Həsir adlı bir oğlan da yaşayırdı. O hamını cırnadır, uşaqlarla pis davranırdı. Özünü həmişə hirsli göstərir, istəyirdi ki, hamı ondan qorxsun. Tez-tez həyətdəki uşaqlarla dalaşırdı. Doğrudan da məhəllə uşaqları ondan qorxurdu.
      Çox vaxt Nəsir tək gəzirdi. Bir gün o, Tərlana yaxınlaşıb dedi: 
    - Tərlan, bir söz soruşum səndən, amma ikimizin aramızda qalsın. Bax mən həm səndən qəşəng geyinirəm, həm də səndən yaraşıqlıyam, səndən də güclüyəm. Amma sən bütün günü dostlarınla oynayırsan, mənim isə bir nəfər də dostum yoxdur. Tək oynamaqdan bezmişəm. Heç sən də mənimlə oynamaq istəmirsən. Görəsən bunun səbəbi nədir?
       Tərlan bir xeyli fikirləşib dedi: 
   - Hə, düz deyirsən, mənim dostum çoxdur. Aydın, Elçin, Tərlan, Elşən. Onların hamısı da məni çox istəyir. Amma mən bilirəm ki, onların heç biri səninlə oynamaq istəmir. Bunun səbəbini də yaxşı bilirəm. Axı sən bütün günü hirsli-hirsli gəzir, hamını cırnadırsan. Səninlə oynamaq istəyəni də hirsləndirirsən. Tez-tez hamı ilə dalaşırsan. Elə mənimlə də oynayanda həmişə oyunda birinci sən olmaq istəyirsən. Mənə elə gəlir ki, elə buna görə də heç kəs səninlə oynamaq istəmir. 
       Nəsir başını aşağı saldı. Deyəsən Tərlanın sözləri onun ağlına batmışdı.
     Aradan bir neçə gün keçdi. Tərlan fikir verdi ki, Nəsir yavaş-yavaş dəyişir. O daha əvvəlki kimi özündən balcaları incitmir, hirsli-hirsli gəzərək uşaqlardan soruşmur: «Kim mənimlə dalaşmaq istəyir?». 
       Bir müddət belə keçdi. Bir gün Tərlan baxdı ki, Nəsir həyətdədir və ətrafına isə çoxlu uşaq yığılıb. Nəsirə yaxınlaşıb ona göz vurdu və zarafat elədi: «Nəsir, nə çox dostun var?». 
       Nəsir ona əl uzadıb dedi: 
   - Bu dostları tapmaqda sən mənə kömək oldun, çox sağ ol! 
Tərlan onun əlini sıxdı:
    -  Bu gündən məni də özünə yaxın dost bil!  
Həmin gündən onlar yaxın dost oldular. Nəsir daha heç kəsin qəlbini qırmadı. Çünki o tək qalmaqdan çox qorxurdu. 

 

         Müəllif: Gülzar İbrahimova