(hekayə)
Eliş atası ilə balıq ovuna getdi. Səhər çaya çatanda o qədər tez idi ki, Günəş çıxmamışdı. Hava elə gözəl, elə təmiz idi ki… Ata, oğul həvəslə balıq tutmağa başladılar. Balıq da az deyildi ha… Tez-tez, hər 15-20 dəqiqədən tilova balıq düşürdü. Eliş də həvəslə balqları götürüb vedrəyə salırdı. Eliş lap çox sevinirdi. Çünki balıqların içərisində çoxlu qəşəng, rəngli balıqlar var idi. Elişin də çoxdankı arzusuydu ki, akvariumda balıq saxlasın.
Vaxt elə keçirdi ki, ata-bala bir də başlarını qaldırdılar ki, gün-günorta olub, Günəş odlu şəfəqlərini hər tərəfə yayıb. Hər yanı elə isidiv ki, istidən Adam durmuş yerdə tər tökür. Günəşin şüaları düz Elişin üzünə düşür, Eləiş gözlərini aça bilmir, nəticədə heç nə görə bilmirdi. Ona görə də balıq əlində vedrəyə tərəf gedəndə ayağı kola ilişib yıxıldı. Balıq da əlindən düşüb quru yerdə çapalamağa başladı.
- Ehhh… Bu Günəş də çıxmağa vaxt tapdı, - Eliş deyind.
Atası ona cavab verdi:
- Günəşi niyə qınayırsan? Özün ayağının altına bax, diqqətli ol ki yıxılmayasan.
- Eeee… Nəyə lazımdır e Günəş, Adamı yandırır, Adam gözlərini aça bilmir.
- Kiməsə lazımdır, kiməsə yox.
- Ata, başa düşmədim, necə yəni kiməsə lazımdır, kiməsə yox?
- Günəş haqda heç vaxt kobud söz demə. Günəşin çıxması vacibdir. Günəş olmasa dünya isinməz. Dünya isinməzsə, canlılar yaşaya bilməz, bitkilər, yaşıllıqlar olmaz. Nəinki heyvanlar, quşlar, balıqlar olmaz. Heç bizim özümüz də olmarıq. Günəş haqda heç vaxt kobud danışma, Günəş müqəddəsdir.
Eliş başını qaldırıb diqqətlə Günəşə baxmaq istədi. Bu vaxt buludlar Günəşin qarşısını kəsdi. Külək qopdu. Özü də necə külək. Hər yan toz-tozanaq oldu. Elə bil çay da hirslə axmağa başladı. Hətta çayda dalğalar əmələ gəldi. Tilova daha balıq düşmədi. Göyə sovrulan torpaq Elişin gözlərinə doldu. Eliş gözlərini aça bilmədiyindən bu dəfə də küləyəin qarasıqnca danışmağa başladı:
- Ata, mən düz deyirəəəm, külək lazımsız bir şeydir. Onun heç kəsə, heç nəyə xeyiri yoxdur.
- Kiməsə lazımdır, kiməsə yox!
- Məgər o da lazımlıdır?
- Əlbəttə, bax uzaqda Üzən yelkənli qayıqları görürsən? Əgər külək olmasa onlar irəliləyə bilməzlər. Külək olmasa dəyirman pərləri fırlanmaz, dəyirmanlar işləməz. Dəni üyüdə bilməzlər. Sənin, hamının yediyi ləzzətli çörək olmaz. Təbiətdə heç nə artıq deyil, nə varsa, onların hər birinin öz xeyiri var. Külək buludları qovdu, onların yerinə qara buludlar gəldi. Bir azdan yağış başladı. Hər yan islandı. Ata-bala islandılar.
Eliş deyinməyindən qalmadı:
- Ata, bircə demə ki, yağış da kiməsə lazımdır, kiməsə yox!
- Əlbəttə elədir, yağış da kimsəyə lazımdır, kimsəyə yox!
- Doğurdan? Kimə lazımdır ki yağış?
- Əlbəttə kim ki, hazırda taxıl zəmisi biçir, kim ki bizim kimi balıq tutur, Kim piyada uzaq yol gedir, ona yağış lazım deyil. Amma yağış təbiətə, insanlara lazımdır. Yağış, hətta qar olmasa yaşıllıq olmaz, hər tərəf quruyub çat-çat olar. Yaşıl ağacların yerində qurumuş ağaclar olar. Güllərin, çiçəklərin yerində susuzluqdan çatlamış torpaq olar. İnsanlar susuz qalar.
Eliş atasının sözləri haqda düşünə-düşünə yol çantasından bir solfet götürdü üz-gözünün yaşını qurulayıb, yerə atdı.
Ata bunu görəndə oğlunu başa saldı:
- Yox oğlum, hər kəs yerə zibil atsa, hər yan zibillənər, təbiət gözəl görünməz, insanları gözəlliyi ilə sevindirməz. Biz təbiəti qorumalıyıq.
Eliş pərt oldusa da səhvini başa düşdü. Atdığı zibili yerdən götürüb salafan torbaya qoydu ki, yolda zibilqabına atsın. Sonra isə yağışın altında ora-bura qaçaraq oynadı. Yağışla dostlaşdı. Təbiəti daha da çox sevdi. Daha heç vaxt Gün gözünə düşəndə hirslənmədi, külək saçlarına sığal çəkəndə, yağış üzünə su səpəndə acıqdan deyinmədi, hətta sevindi.
Müəllif: Gülzar İbrahimova