(hekayə)
Günəş yavaş-yavaş çıxmağa başladı. O çıxdı ki, dünyanı, insanları isitsin.
Xoruz yuxudan oyanan kimi möhkəm səslə banladı. Banladı ki, hamını yuxudan oyatsın.
Quşlar yuxudan durub cəh-cəh vurdular. Cəh-cəh vurdular ki, hamının kefi yaxşı olsun, hamı şən olsun.
Keçi mələyib yuxudan durdu. Durdu ki, səhər-səhər hamını təzə südünə qonaq eləsin.
At yuyundu, darandı, sonra isə axurdakı yeməyini yeyib, fınxırdı, şahə qalxıb hazır durdu. Çünki o sahibini uzaq səfərə aparacaqdı.
Səfərə gedən bir tacir çox ciddi bir işlə məşğul olacaqdı. O, kəndin uşaqları üçün top almağa söz vermişdi.
Hərə bir xeyirli işlə məşğuldu. Mən də xeyirli iş görməyi, kimi isə sevindirməyi, kiməsə xeyir verməyi xoşlayıram. Ona görə uşaqlara nağıllar yazıram.
Bəs sən necə, xoşlayırsan xeyirli iş görməyi? Kimi isə sevindirməyi? Düşün bu haqda!
Müəllif: Gülzar İbrahimova