(hekayə)
Eliş səhər durub əl-üzünü yudu. Səhər yeməyi yemək üçün mətbəxə keçdi. Anası Sevinc xala süfrəyə dadlı yeməklər qoymuşdu. Eliş baxdı ki, stolun üstündə bal yoxdur. Axı o balı çox xoşlayırdı. Narazı-narazı dedi:
- Ana, mən bal yemək istəyirəm!
Sevinc xala təəssüflə bildirdi:
- Balımız qurtarıb, bircə qaşıq qalıb, onu da bala qarışdırıb babaya vermək istəyirəm. Axı baba xəstələnib, boğazı ağrıyır.
Eliş qaşqabağını tökdü. Heç nə yemək istəmədi. Bir azdan Sevinc xala mətbəxdən çıxdı. Eliş şkafın gözündəki bala baxdı. Durub bal qoyulmuş nəlbəkinin yaxınlığına gəldi. Qaşığın ucunda balaca bal götürüb ağzına qoydu.
- Bəh-bəh! - o elə dadlıydı ki… Eliş özünü saxlaya bilmədi. Çörəyini götürüb ona əvvəlcə yağ çəkdi, sonra isə nəlbəkidəki balı onun üstünə yaxdı. İstədi ağzına yaxınlaşdırsın, anasının sözləri yadına düşdü. «Axı baba xəstələnib, boğazı ağrıyır». Ürəyi titrədi. O babasını çox istəyirdi. Həm də axı bal onun deyildi. Başqasının idi. Başqasına məxsus olan şeyi götürmək də oğurluq sayılır. Bütün bunları ürəyində fikirləşən Eliş tez-tələsik balı bıçaqla çörəyin üstündən qaşıyıb təzədən nəlbəkiyə tökdü. Bir azdan mətbəxə gələn ana nəlbəkidəki balı görüb təəccübləndi. Balın içərisinə yağ qarışmışdı. Başa düşdü ki, bu Elişin işidir, başını təəssüflə buladı:
- Sən düz eləmirsən, Eliş. Adam bəzən özünə "yox" deməyi bacarmalıdır.
Atası bunu eşidəndə o da narazılığını bildirdi:
- Başqasının payına göz dikmək olmaz bu elə oğurluq kimi bir şeydir.
Elişin çox pərt olduğunu görən anası dözmədi. Ona bir stəkan süd Verdi və dedi:
- Apar babaya içsin. Ayağa qalxa bilmir. Həm də gör necədir?
Eliş südü babaya apardı:
- Baba, süd gətirmişəm, iç, sağal!
Baba yastığa dirsəkləndi:
- Sağ ol, bala! Bir qaşıq da bal gətir, südə qatım, boğazım sağalsın. Eliş nəlbəkidəki balı gətirdi.
Baba balı görəndə dedi:
- Yox o yağlıdır, südə qatmaq olmaz. Eybi yoxdur, balsız içərəm! Bu sözləri eşidəndə Eliş çox pərt oldu. Özünü saxlaya bilməyib ağladı:
- Bağışla baba, mən bir də belə iş görmərəm!
Baba məsələni başa düşəndə nəvəsini öpdü. Ona başa saldı ki, başaqasına saxlanılan paya dəymək olmaz.
Ondan sonra Eliş nə götürmək istəsəydi anasından icazə almağı yaddan çıxartmazdı.
Müəllif: Gülzar İbrahimova