(hekayə)
Cavid adlı bir oğlan vardı. Bir gün Cavid qorxulu, dəhşətli bir filmə baxdı. Ana da evdə yox idi ki, onu belə filmə baxmaqdan çəkindirsin.
Həmin filmə baxandan sonra oğlanda qəribə bir dəyişiklik yarandı. O harda bir böcək, cücü, və ya kəpənək, ümumiyyətlə gücü çatan nə görsəydi onu məhv etməyə, və ya öldürməyə çalışardı.
Bu qəribə dəyişiklik ananı narahat eləməyə başladı. Özü də başa düşmürdü ki, oğlu nəyə görə belə olub.
Bir gün Cavid həyətdə oynayanda anası onun qarışqanı necə əzib məhv elədiyini gördü və dəhşətə gəldi:
- Cavid, nə edirsən?
Cavid təəccüblə soruşdu:
- Nə elədim ki?
- Necə yəni nə elədin? Sən onu məhv elədin!
- Nə olsun ki? Hər yan qarışqadır!
- Bəs sənin ananı məhv eləsəydilər, xoşuna gələrdi?
- Məgər o ana idi?
- Təsəvvür elə ki, o anadır. Onu balaları gözləyəcək, gözləyəcək, amma o gəlib çıxmayacaq!
- Bəlkə o heç ana deyil, baladır!
- Bu ondan da pisdir!
- Necə?
- Sən evə beş dəqiqə gec gələndə hiss edirsən ki, mən nə vəziyyətə düşürəm? Səni hər yanda axtarıram, tapana qədər sakitləşə bilmirəm. İndi təsəvvür elə ki, mən səni axtarıram, axtarıram, tapa bilmirəm. Gör onda mən, atan nə vəziyyətə düşərik?!.
Cavid düşünməyə başladı. Ana sözünə davam elədi:
- Bəlkə də sən məhv elədiyin elə ata qarışqadır. O balalırana yem aparırmış, sən isə onu öldürdün. Balalar isə yemək gözləyə-gözləyə qalıblar.
- Başqa qarışqalar ona yemək verərlər.
- Qarışqalar zəhmətkeş olurlar. Hərənin öz işi var.
- Bəs onda bala qarışqalar nə edərlər?
- Heç nə! Onlar hələ balacadırlar, özlərinə yemək gətirə bilməz, acından ölərlər!
- Doğrudan?
- Əlbəttə!
Cavid bir az fikirləşəndən sonra hönkür çəkib ağlamağa başladı. O əlbəttə ki, öldürdüyü qarışqaya ağladı. Qəddarlıq onun göz yaşlarına qatışıb canından çıxdı.
Müəllif: Gülzar İbrahimova