(hekayə)
Hikmətlə Ceyhun bir bağçaya gedirdilər. Onlar həm də qonşu idilər.
Bir gün Hikmətlə Ceyhun bağçadan gələndə danışdılar ki, axşam yaxınlıqdakı parka karuselə minməyə getsinlər. Ceyhun evə gələn kimi paltarlarını səliqə ilə soyunub yerindən asdı. Yeməyini yeyəndən sonra bir cizgi filminə baxdı və həyətə düşməyə hazırlaşdı. Hikmət isə evə gələn kimi gödəkcəsini bir tərəfə, ayaqqabısını bir tərəfə, papağını isə stolun altına atdı.
Nənəsi ona yemək verdi. O, yeməyini yeməmiş başladı televizora baxmağa. O vaxta qədər cizgi filminə baxdı ki, bir də eşitdi, qapı döyülür. Gələn Ceyhun idi. O gəlmişdi Hikmətlə bir karuselə minməyə getsin. Hikmət onu görən kimi tez ayağa qalxdı. Tələsik yeməyini yedi. Geyinmək üçün bir xeyli corablarını axtarmalı oldu.
Ayaqqabılarını çox axtarmadı, çünki onlar evin ortasında idi. Amma papağını axtarıb-tapana qədər xeyli vaxt keçdi.
Ceyhun elə dilxor oldu ki, az qaldı çıxıb parka tək getsin. Amma bildi ki, elə etsə Hikmət ondan küsəcək. Ona görə gözlədi.
Onlar parka çatanda artıq park bağlanmışdı. Hikmət başa düşdü ki, onun səhvi ucbatından belə oldu. Utanıb başını aşağı saldı. Yoldaşından üzr istədi.
Elə həmin gündən də o da Ceyhun kimi olmağa çalışdı. Sonralar onlar daha mehriban dost oldular və parka həmişə bir yerdə getdilər.
Müəllif: Gülzar İbrahimova