(hekayə)
Elşən və Günel qonşu idilər. Elşən ikinci, Günel isə beşinci mərtəbədə yaşayırdı. Onlar dost idilər. Həm bağçaya bir gedirdilər, həm də tez-tez bir-birlərinin evinə qonaq gedirdilər.
Bir gün Elşən Günelgilə getdi. Qapını Günel açdı. Evdə heç kəs yox idi. Günel ağ köynək geyinmiş, belini ağ dəsmalla sarımış, başına da ağ kağızdan papaq düzəldib qoymuşdu. Anasının eynəyini də gözünə taxmışdı. - Bu nə geyimdir? - Deyə Elşən təəccüblə soruşdu:
Günel şəstlə dedi:
- Mən böyüyəndə həkim olacağam. İtləri, pişikləri müalicə edəcəyəm. Hələ zooparkdakı şirləri də!
- Bəs qorxmarsan şirlərdən?
Günel sakit-sakit eynəyini düzəltdi:
- Əvvəl adamları müalicə edib öyrənəcəyəm. Onları müalicə etmək çətin olmaz. Onların dili var, haraları ağrıdığını deyirlər. Heyvanlar isə deyə bilmirlər. Bax, indi sənin haran ağrıyırsa, de, sənə dərman yazım!
- Mənim heç yerim ağrımır, - Elşən dedi:
-Yox, bu ola bilməz! Gəl gedək mənim kabinetimə, orda səni müayinə edim. Sonra dərman yazaram – deyə Günel onunla razılaşmadı.
Günel Elşənin əlindən tutub o biri otağa apardı. Həmin otaqda başı sarıqlı bir kukla yatmışdı. Kuklanın üz-gözü yamyaşıl «zelenkada» idi. Oyuncaq ayının qolu sarınmış, başqa kuklanın ayağına yod vurulmuşdu. Stolun üstündə içərisində həkimlər istifadə edən şeylərin oyuncaq formaları var idi. Günel soruşdu:
- Necədir, xəstəxanaya oxşayır?
Elşən başını tərpətdi. Günel əmr etməyi davam elədi:
- Keç, otur, xəstə!
Sonra isə əlinə balaca çəkic alıb Elşənin dizinə vurdu. Elşən ağrıdan hoppandı:
- Neyləyirsən, ağrıyır axı?… - dedi. Günel çəkici bir tərəfə qoydu:
- Ağrıyırsa bu saat sarıyaram! Sonra o böyük bintlə Elşənin ayağını elə bərkdən sarıdı ki, oğlanın ayağı doğrudan da ağrımağa başladı:
- Bax, indi ayağım ağrıdı.
Günel çoxbilmiş-çoxbilmiş dedi:
- Görürsən, sonra deyirsən, heç yerim ağrımır. Sənə mütləq termometr qoymaq lazımdır!
- O nədir ki? - Elşən soruşdu. Günel özünü bilən kimi göstərdi:
- Onu qoyursan qolunun altına, xəstənin ağrısı kəsir. Həm də temperaturu, yəni istisi düşür.
«Günel nə yaxşı həkimdir, hər şeydən başı çıxır» , deyə Elşən fikirləşdi:
Günel termometri Elşənin qolunun altına qoyanda dedi:
- Gərək bu qolunun altında 5 dəqiqə qalsın! Amma bu vaxtda gərək nəfəs almayasan!
Elşən Günel dediyinə qulaq asdı. Nəfəsini dayandırdı. Bir az keçmişdi ki, nəfəsi çatmadığından ovurdları şişdi. Günel bunu görüb sevinclə qışqırdı:
- Tapdım, sənin dişin ağrıyır, gör ovurdun necə şişib?
- Yox dişim ağrımır!
Günel onun dişlərinə diqqətlə baxıb dedi:
- Bütün dişlərin çıxmalıdır!
Elşən bu xəbərdən qorxdu:
- Bəs nə ilə yemək yeyərəm?
Günel güya ki, onu sakitləşdirdi:
- Sonra təzə dişlər çıxacaq!
- Bəlkə çıxmadı? - Elşən lap qorxdu.
- Onda babam kimi çıxmış dişləri təzədən ağzıva taxarıq!
Sonra Günel üzünü çevirib həkim çantasından yekə bir kəlbətin çıxartdı
Sonra isə pambığı yoda batırdı. Sonra isə iynəni dərmanla doldurdu. Sonra isə…
Hər şey hazır olanda başını qaldırdı ki, Elşən çıxıb qaçıb. Elşən isə bütün bunları görüb aradan elə çıxmışdı ki, heç Günelin xəbəri də olmamışdı. Günel bikef-bikef oturdu: Mən həkim olmayacağam. Sonra dostlarım məndən qaçacaq!
Müəllif: Gülzar İbrahimova