(hekayə)
Uşaqlar Murad babanın başına yığışmışdılar. Baba da onlara cavanlığından danışırdı. Murad baba danışırdı ki, cavan olanda göldən çoxlu balıq tuturdular.
Babaya qulaq asandan sonra dostlar - Səfər və Məhəmməd gölə baılq tutmağa getməyə hazırlaşdılar. Səfərin bacısı Ülviyyə də onlarla getmək istəyəndə qardaşı əvvəl razı olmadı:
- Qızlar balıq tutmağa getmir!
- Mən sakitcə oturub sizə baxaram.
- Nə olacaq, qoy gəlsin! - Məhəmməd dedi.
- Yaxşı, gəl! - Axır ki, Səfər bacısının xətrinə dəyməyib razılaşdı.
Ülviyyə sevindi, oğlanlara qoşulub «balığa» getdi. Göl və onun ətrafı çox gözəl idi. Amma nədənsə göldə balıq görünmürdü. Oğlanlar suya tilov atıb çox gözlədilər. Xeyli əziyyətdən sonra Səfər sudan bir ayaqqabı tayı çıxartdı.
- Nə qəşəng balıq tutdun! – deyə Ülviyyə ilə Məhəmməd ona güldülər. Səfər ayaqqabı tayını bir yana tullayıb balıq tutmağa davam elədi. Bir azdan Məhəmməd tilovu çəkib sudan təkərsiz bir oyuncaq maşın çıxartdı.
Bu dəfə Səfər ona güldü:
- Maşının mübarəkdi! Yəqin ki, onu heç bir maşın ötməz!
- Ötməz, ötməz! – deyə Məhəmməd özünü sındırmayıb sınıq maşını bir yana atdı.
Onlar yenə balıq tutmağa davam elədilər.
Dostlar daha sonra tilov, tor atıb qulpsuz çömçə, sınıq stəkan, sınıq velosiped, maşın rulu, konserv bankası, cırıq top, əlcək, hətta daş balıq çıxartdılar. Ülviyyənin daş balıqdan çox xoşu gəldi. Onu götürüb bir ağacın altında oynatmağa başladı. Sonra isə nə vaxt onu yuxu tutdu, bilmədi. Bir də yatıb yuxuda gördü ki, qucağındakı balıq canlandı və insan kimi dil açıb danışmağa başladı:
- Görürsən də nə olub?
- Nə olub? – Ülviyyə təəccüblə soruşdu.
- İnsanlar bizi məhv edirlər!
- Necə?
- Gedək, özün şahid ol!
Balıq əvvəl, sonra isə Ülviyyə üzə-üzə suyun dibinə getdilər. Suyun dibində nələr yox idi… Ülviyyə özünü lap zibil maşınının içərisində hiss elədi. Burda balıqlar xəstələnmiş, az qala boğulurdular. Yazıqlar haldan düşdüklərindən üzməyə halları da yox idi. Çoxu arxası üstə uzanmışdı. Balaca balıqlar yalvarıb analarından yem istəyirdilər:
- Ana, bizə yem ver!
- Dözün balalarım, birtəhər dözün, yem yoxdur. Yəqin ki, bir gün bizi xilas edən tapılacaq!
- Bizə yemək, bizə yemək!
Ülviyyə balıqların bu halını görəndə dözə bilməyib qışqırdı:
- Kömək eləyin, balıqlar məhv olur!
Onun səsinə oğlanlar gəldi. Ülviyyə yuxudan ayılsa da sakitləşə bilmir, ağlayırdı.
Səfər bacısının başını tumarladı:
- Nə olub sənə, Ülviyyə, niyə ağlayırsan?
Ülviyyə içini çəkə-çəkə dedi:
- Elə pis yuxu gördüm ki…
Səfər bacısını sakitləşdirdi:
- Adam da yuxu görəndə ağlayar? Sən məgər balacasan?
- Yuxuda balıq gördüm, daşa dönmüşdü… - Ülviyyə dedi:
Ülviyyə istədi yuxusunun gerisini danışsın, oğlanlar bir-birlərinə baxdılar. Onlar bir az bundan qabaq -Ülviyyə yuxuda olanda göldən daş balıq tapmışdılar. Məhəmməd daş balığı gətirib Ülviyyəyə göstərdi:
- Yuxuda gördüyün bəlkə elə bu balıq olub?
Qız balığı qəribə hərəkətlə əlinə alıb təəccüblə ona baxdı:
- Özüdür ki, var! Yuxuda gördüyüm balıqdır. Onu əlimə alan kimi canlandı, danışdı. - Məhəmməd dedi:
- Uşaqlar, bizdə bir möcüzələr kitabı var, orda yazılır ki, bəzən yuxular adamı xəbərdarlıq edirlər! Məncə Ülviyyənin yuxusu sehirli yuxudur. Ona yuxuda insan dili bilməyən balıqların istəyi, arzusu çatıb.
- Ola bilər! – deyib Ülviyyə yerndən qalxdı, daş balığı öpüb gölə atdı. – o sehirli balıqdır. Biz gölü təmizləsək canlanacaq!
Oğlanlar Ülviyyənin bu hərəkətinə gülsələr də, təklifini bəyənib qərar qəbul elədilər:
- Biz gölü mütləq təmizləməyik!
- Gücümüz çatana qədər işləməliyik ki, göl təmizlənsin!
Bunun üçün onlar məktəb uşaqlarını da köməyə çağırdılar. Hətta kömək üçün böyüklərə də ağız açdılar. Böyüklər çayın bir qolunu gölə səmt döndərib gölün suyunu təzələdilər. Uşaqlar isə hər gün gölə gəlir, onun dibindən nəsə çıxarıb tullamağa çalışırdılar.
Onlar bir gün də gələndə gördülər ki, göldə balaca-balaca balıqlar üzür. Çox sevindilər. Sehirli balıq öz sehrini göstərmişdi.
Müəllif: Gülzar İbrahimova