Dilli Güllü


(hekayə)

    Bir dəfə uşaq bağçasına gombul bir qız gəldi. İçəri girəndə heç kimlə salamlaşmadı. Qaşqabağını töküb bir tərəfdə dayandı. Onun qucağında gözəl bir kukla var idi. Nərgiz ona yaxınlaşdı. Həm təzə qızla tanış olmaq istədi, həm də onun kuklasına baxmaq istədi:
   - Nə gözəl kuklan var? Adı nədir onun?
    Qız əlindəki kuklanı arxasında gizlətdi. Nərgizə isə dil göstərdi. Gedib başqa tərəfdə dayandı və əlindəki qırmızı almanı dişləyib şirin-şirin yeməyə başladı.
    İkinci dəfə təzə qıza Elçin adlı oğlan yaxınlaşdı:
   - Tək qalma, gəl bizimlə oyna!  - dedi.     
    Təzə qız ona da dil göstərdi. Elə həmin gündən də təzə qızın adı Dilli qaldı. Onun əsl adı isə  Güllü idi. 
   Tərbiyəçi Güllüyə dedi: 
  - Güllü, dil göstərmək yaxşı deyil, tərgit bu xasiyyətini!
    Amma elə bil Güllü bunu eşitmədi. 
Bir gün uşaqlar bağçanın həyətində oynayırdılar. Yaz havası, Günəşin istisi hamını sevindirirdi. Kəpənəklər güllərin üzərində ora-bura uçuşur, onlar da uşaqlartək şənlənirdilər. Təkcə Güllü bir tərəfdə oturub acgözlüklə paxlava yeyirdi. Birdən uşaqlar Güllü nin başı üstündə arı uçduğunu gördülər. Onlar qorxa-qorxa arıya baxdılar.
  - A..a… Dilli, arı səni sancmaq istəyir! -Elçin onu xəbərdar elədi. Dilli isə həmişəki kimi Elçinə dil göstərdi. Paxlava yeməyə gəlmiş arı Güllünün dilindən elə sancdı ki, qızın səsi aləmi başına götürdü. O üç gün bağçaya gəlmədi. Dördüncü gün gələndə uşaqlar onu dövrəyə aldılar. Kefini xəbər aldılar. Dilli onlarla yaxşı-yaxşı söhbət elədi. O daha heç vaxt uşaqlara dil göstərmədi.    

 

         Müəllif: Gülzar İbrahimova