(hekayə)
İlqar və Nigar meşəyə göbələk yığmağa getmişdilər. Özləri ilə itləri Qaplanı da götürmüşdülər.
Birdən yağış başlandı. Uşaqlar Qaplanla birgə böyük bir ağacın oyuğuna girdilər. Axı, onlar yağışın altında qalsaydılar, islanardılar.
Yağış elə güclü yağdı ki, ağacın qurumuş budağı sındı. Sən demə, budaqın üstündə bülbül yuvası varmış. Yuvada da bapbalaca quşcuğaz. Budaq sınanda o da yerə düşdü. Yazıq quşcuğaz hələ uçmaq bilmirdi. Onu birinci Nigar görüb qışqırdı:
- Ay Aman! Quşa baxın… Gölməçəyə düşüb!
İlqar quşu görən kimi dedi:
- Ona kömək etmək lazımdır!
Ən əvvəl quşcuğazın köməyinə Qaplan çatdı. Onu gölməçədən çıxarıb Nigarın yanına apardı. Nigar quşcuğazı götürüb dəsmalı ilə quruladı. Sinəsinə sıxdı ki, soyuq olmasın. Qaplanın quşa yazığı gəldi:
- Gəlin onu aparaq evə!
Nigar etiraz elədi:
- Yox, anası axtarar, tapmaz! Biz ona təzə yuva qurmalıyıq!
İlqar Nigarla razılaşdı, quşcuğazı tumarladı:
- Düz deyirsən, Nigar, ananı baladan ayırmaq olmaz!
Onlar yuva qurub ağacdan asdılar. Yağış kəsmişdi. Bu vaxt ana bülbül uçub gəldi. Balasını tapmayanda elə zil səslə qışqırdı ki, uşaqlar çaşıb qaldılar.
İlqar tez bala quşu yuvaya qoydu. Ana balasını görən kimi sakitləşdi. Onu qanadının altına aldı.
Az sonra bülbül gözəl səslə mahnı oxumağa başladı. Uşaqlar çox sevindilər. Göbələk yığmağa davam elədilər. Qaplan da şadlığından bir yerdə durmur, ora-bura qaçır, dəcəllik edirdi.
Müəllif: Gülzar İbrahimova