Ana qurbanlığı

 Mənsur miniatür olmuş hadisədən yazılıb və Çanaqqala savaşına həsr edilib 
  (hekayə)

Döyüşdən əvvəl Türk alay komandanı yeni təlim keçmiş əsgərlərə “Düzlən!”, əmri verdi. Sonra əsgərlərin qarşısında addımlayıb, onların görkəmlərinə nəzər yetirdi. 
İgid oğulların mərd baxışları, duruşları qəlbini kövrəltdi. Ürəyi qürurla döyündü. Elə döyündü ki, az qaldı yerindən qopa. “Azad!”, əmri verəndən sonra gözü saçları qırmızıya çalan əsgərə sataşdı:
-    İsmin nədir? – deyə ondan soruşdu. 
Əsgər bir addım irəli keçib, - Mehmet, - dedi. 
-    Nədən saçlarına həna qoymusan? Zənənlər saçlarına həna qoyar! 
Əsgərin pərt olduğunu görüb əlavə elədi:
-    Bir də saçlarına boya çəkmə!
Mehmed qızardı. Əsgərlər komandanın sözünə gülüşdülər. 
Çox keçmədi komandan “Döyüşə hazır ol!” əmri verdi. Sonra isə özü öndə, əsgərlər də arxasınca, “Düşmənə ölüm!”deyib döyüşə yollandılar. 
Döyüşdən gecə yarısı qayıdan əsgərlərin üst-başları qan içərisində idi. Onlardan kimisi yuyunur, kimisi uzanıb dincəlir, kimisi gördükləri dəhşətdən danışır, kimisi yaralanmağından, kimisi qəhərlə, kədərlə itirdiyi yoldaşından danışırdı. Mehmet isə kağız-qələm götürüb anasına məktub yazdı: “Ana bu gün ilk dəfə döyüşə getdim. Tapşırdığın kimi bacardığım qədər özümü qorudum. Amma çox qanlı döyüşlər gedir. Bu gün neçə yoldaşımızı şəhid verdik.  Sən məndən nigaran qalma. Hətta qayıtmasam da qəm yemə! Təki Vətən sağ olsun! Özündən və qardaşlarımdan muğayat ol! Bir də səndən bir xahişim var, Ana! Qardaşlarımı döyüşə göndərəndə onların başına həna qoyma! Əsgərlər boyalı saçlarima güldülər. Allah amanında olasan, Ana! Salamat qal! Mehmet”.
Bir neçə aydan sonra Çanaqqala savaşında sinəsi düşmən gülləsindən darmadağın olmuş Mehmetlə vidalaşmaq üçün əsgərlər onun dövrəsinə yığışmışdılar. 
Vida anında alay komandanı əsgərlərə anasının Mehmetə yazdığı məktubu oxudu:  “Qorxmaz balam! Məktubunu aldım, salamat olmağına sevindim! Başının hənalı olmasından utanma, igid oğlum! Mən oğlanlarımı Vətənimə qurban demişəm! Heç qurbanlığın da başı hənasız olarmı, oğul?”.
Alay komandanı məktubu oxuyub qurtaranda gözlərindən iki damla yaş süzüldü. Tez onları gizlədib dodağının altında yavaşca dedi:
-    Məni də Vətənə qurban de, Ana! – Pıçıltı və ürək yanğısı ilə deyilən kəlmələri bütün əsgərlər eşitdi. Onların möhkəm səslə dedikləri: “Məni də!”, kəlməsi and sədasına döndü. 

        Müəllif: Gülzar İbrahimova