İqtibas
Meşə qəsəbəsində bir Lovğa Dovşan yaşayırdı. Özü də guya ki, usta idi. Özü öz işini elə bəyənirdi ki, hətta özünə mahnı da yazmışdı.
Mən necə da yaxşı ustayam!
İnanın mən yalan demirəm...
Mənim üstümdə həmişə davadır,
Çünki, mən hər işi bacarıram.
Bir gün qoca Kirpinin evinin damı sökülür. Düzəltməyə də gücü çatmır, qocadır axı... Qarğa ona məsləhət gördü ki, usta çağırsın. Kirpi gedib Usta Dovşanı çağırdı. Dovşan gəldi, dama baxıb:
Dam düzəltmək mənim sevimli məşğuliyyətimdir - dedi və işə başladı..
Kirpi işin necə getdiyinə baxmaq üçün gələndə gördü ki, Dovşan kərpicləri bir ucdan doğrayıb bir ucdan tez-tez, necə gəldi düzür. Dedi:
- Bəlkə daha səliqəli, daha bərk yapışdırasan onları?
- Əşi, heç nə olmaz...Belə də gedər...
Bunu deyən kimi bir dənə möhkəmdən asqırdı:
- Həpçii!!!
Öz asqırmağının gücündən yıxılan “Usta” düz düşdü kərpiclərin üstünə. Durub ufuldaya-ufuldaya alət çantasını götürüb ordan əkildi.
- Bunu ustalığına baxın!!! - deyə Qarğa onun dalınca güldü.
Kirpinin evindən qaçan Dovşan gəlib çatdı Tülkünün evinin qabağına. Tülkünün evindən elə dadlı iylər gəlirdi ki, adamın lap ağzı sulanırdı.
Sən demə Tülkü qonaq gözləyirmiş. Amma qonaqların gəlməsinə az qalmış tərslikdən stulunun biri sınmışdı. Nə qədər əlləşirdisə düzəldə bilmirdi. Bunu görən “Usta” Dovşan dedi:
- İstəyirsən sənə kömək eləyim?
- Hə, xahiş eliyirəm. İndicə qonaqlarım gələcək bu da qırılmağa vaxt tapdı.
Dovşan işə başladı. Amma iş görə-görə fikri qalmışdı stoldakı piroqun yanında. Ona görə də stulu tələm-tələsik düzəldib dedi:
- Stul hazırdı!
Bunu eşidən tülkü çox sevindi, dedi:
- Aa nə yaxşı?! Buyurun piroqa qonaq olun.
Dovşan elə öz düzəltdiyi stulda oturdu. Elə təzəcə əlini piroqa uzatmışdı ki, stul şaqqıltıyla qırıldı.
Dovşan yerə yıxıldı, əlindəki çayı da tökdü Tülkünün təzə paltarının üstünə. Tülkü hirsindən bilmirdi neyləsin. Süpürgəni götürüb düşdü Dovşanın canına.
Dovşan qaça-qaça ordan uzaqlaşdı. Gəlib çıxdı Porsuğun evinin qabağına. Gördü Porsuq yaman dilxordu. Özü də dilinin altında nəsə deyinir. Dovşan soruşdu:
- Nə olub ay Porsuq qardaş?
Heç... İşıq sönüb mən də zəhrimara qalmış lampanı dəyişə bilmirəm.
- Mən sənə kömək eliyə bilərəm. Mənim üçün bu su içmək kimi bir şeydir.
Bunu deyib dovşan işə başladı. Dovşan işə başlayan kimi Qarğa uçub gəldi. Başladı deyinməyə:
- Buna baxın! Adını usta qoyub indi yenə nəyisə ya qıracaq ya da dağıdacaq.
Elə bu bu sözlər qarğanın ağzından çıxan kimi nəsə bərkdən çartıldadı. Ətrafa qığılcım saçıldı. Dovşan da da yombalanıb düşdü aşağı.
- Kömək eliyin! Kömək eliyin!- deyə Qarğa qışqırmağa başladı. Dovşan isə açıq pəncərənin çərçivəsinə ilişmiş, ordan başıaşağı sallana-sallana qalmışdı.
Birdən yenə işıqdan səslər, qığılcımlar gəlməyə başladı. Bu dəfəki silkələnmə Dovşanı yerə atdı. Pəncərənin çərçivəsində isə dovşanın cins şalvarınıdan cırılmış iri bir hissə qaldı.
- Vay-vay! Bu cür şalvar gör necə pis cırıldı... Dərziyə getməli olacaqsan.
Dərzi Göstəbək neçə vaxt idi ki, işsizlikdən darıxırdı. Ona görə də Dovşanı görəndə çox sevindi və söz verdi ki, ona kömək edəcək.
- Əlbəttə eliyərəm. Bu mənim əlimdə su içmək kimi bir şeydir.- Göstəbək dedi və başladı mahnı oxuya-oxuya işləməyə.
Göstəbək qayçıyla, iynəylə bir az oynadı. Heç on dəqiqə keçməmişdi ki, dedi:
- Hazırdır, buyurub geyinə bilərsiniz.
“Usta” Dovşan cinsini əyninə keçirdi. Güzgüdə özünü görüb dəli oldu. Şalvarın cırılan yerində kobud tikilmiş ayri bir yamaq vardı. Ayaqlar isə lap dəhşət idi; biri uzun bir isə lap qısa. Dovşan hirsindən bilmirdi neyləsin.
- Bu nədi belə? Belə iş görmək olar?!
Göstəbək isə bunun cavabında Dovşana tanış olan bu sözləri dedi:
Əşşi belə də gedər!
Siz necə düşünürsünüz uşaqlar?
Müəllif: Gülzar İbrahimova