(hekayə)
Yeni ilə bir az qalmış Şaxta baba yorulub şirin-şirin yatmışdı ki, axşam hədiyyə paylamağa getsin. Birdən o yuxuda gördü ki, meşədə bütün yolkalar ağlayır. Soruşdu:
- Nə olub, nə baş verib, niyə ağlayırsız?
- Bizi kəsməyə gəlirlər!
- Kim?
- Emin və Banu-çiçək!
- Bildiyimə görə onlar hər il yolkanı iyirmi gün əvvəl bəzəyirlər...
- Bilmirik, bizi kəsməyə gəlirlər!
- Qoy, bir baxım hədiyyə siyahısına! Kimdirlər, hardan gəliblər? Hansı məktəbdə oxuyurlar? Bilmirlər ağacı kəsmək olmaz?!
- Bilmirik! – Deyib, Yolkalar elə bərkdən ağladılar, səsə Şaxta baba yuxudan oyandı. Tez xizəyinə minib, meşəyə yollandı. Təzəcə çatmışdı, iki uşaq gördü. Uşaqların birinin əlində balta, o birinin əlində mişar vardı. Oğlan elə istəyirdi, baltanı ağaca vursun, Şaxta baba arxadan onu saxladı:
- Dayanın, durun, siz neyləyirsiz, Emin, Banu-çiçək? Belə gözəl yolkanı niyə məhv edirsiz? Yolkalar həmişə sizi sevindirir, siz isə onu baltalayırsız!
Uşaqlar Şaxta babanın dediklərindən utandılar. Banu-çiçək ağladı:
- Yolkanı özümüzə aparmırıq. Səlbi adlı yetim qız var, yolkası yoxdur, ona aparırıq!
Şaxta baba fikrə daldı. Uşaqların başını tumarlayıb dedi:
- Siz yaxşı uşaqlarsız ki, Səlbiyə kömək eləmək istəyirsiz. Amma unutmayın ki, yolkanı kəsmək olmaz!
Uşaqlar peşman-peşman qayıtdılar. Olanları danışmaq üçün Səlbigilə gəldilər. Səlbi sevincək onlara dedi:
- Şaxta babaya siz demisiz ki, bizim evdə yolka yoxdur?
- Nəəəəə? – Uşaqlar xorla soruşdular?
- Gəlin yolkaya baxın! Səlbi onları evlərinə dartıb böyük, rəngli yolkanı uşaqlara göstərdi. Eminlə Banu-çiçək bu sirrə mat qaldı. Onlar nə görsələr yaxşıdır?! Evin ortasında böyük, işıqları yanan bir yolka vardı.
- Onu kim gətirdi?
- Şaxta baba! – Deyib Səlbi sevindiyindən Emini və Banu-çiçəyi öpdü.
Müəllif: Gülzar İbrahimova