Sehirli  Panda  

İqtibas
 

   Meşənin yaxınlığında qəşəng bir daxma var idi. Həmin daxmada Orxan adlı oğlan nənəsi ilə yaşayırdı. Nənə çox qocalsa da çətinlik çəkmirdi, çünki nəvəsi Orxan ona bütün işlərdə kömək edirdi. Özü də şən mahnı oxuya-oxuya. 
     Nənə Orxana baxıb o qədər fərəhlənirdi ki, sevincinin həddi-hüdudu yox idi.  
     Orxan, həm odun gətirir. Həm onu doğrayır, həm də sobanın yanına daşıyırdı. O quyudan su çəkir, boş vedrələri doldururdu. Yağışdan sonra göbələk yığmağa da vaxt tapırdı. 
     Bir gün Orxan meşəyə odun yığmağa getmişdi. Küçük Toplan da onunla idi. O gah Orxanın qarşısına keçir, gah da geriyə qalıb, yerdə nəsə axtarırdı. Orxan həmişəki kimi şən mahnısını oxuyurdu.
      Birdən Orxan baxdı ki, Toplan yoxdur. Toplanı çağırdı. Toplanın zingildəyən səsi yan tərəfdə qalın bir ağacın arxasından gəldi. Orxan tez ora qaçanda nə görsə yaxşıdır? Ağacın arxasında gözəl bir Panda balası hərəkətsiz yerə uzanıb, Toplan da onun başının üstündə dayanıb zingildəyir. Panda çətinliklə nəfəs alırdı. Orxanın Pandaya yazığı gəldiyindən ehmallıca onu tumarladı. Pəncəsinə toxunanda isə heyvan elə diksinib inildədi ki, Orxan onun yaralı olduğuna əmin oldu. Tez onu qucağına alıb komalarına apardı. Pandanın əzilmiş pəncəsini yaxşı-yaxşı sarıdı. Panda inildəməyini kəsdi. İki gün Pandaya qulluq elədi. Ona qoz, fındıq dərib gətirdi, yedirdi, içirtdi. Üçüncü gün Panda ayağa qalxdı. Pəncəsi sarıqlı olsa da yeriməyə başladı. Orxan sarığı açdı. Panda əməlli-başlı, heç nə olmayıbmış kimi gəzdi. Orxan elə sevindi ki… Toplan da sevindiyindən atılıb-düşməyə başladı. 
      Orxan Pandanı meşəyə ötürəndə axırıncı dəfə onun başını tumarladı ki, ayrılsın. Bu vaxt nə baş versə yaxşıdır? Nə? Möcüzə! Hə, hə möcüzə! Panda insan kimi dil açıb danışmağa başladı. Sən demə, Panda sehirliymiş. O dedi:
     - Çox sağ ol, xeyirxah oğlan, sən olmasaydın, ölmüşdüm. Sən həyatımı xilas elədin. İndii isə ürəyində nə arzın var, de, yerinə yetirim! 
      Orxan qorxdu, qorxudan gözləri bərəldi. Dili güclə söz tuta-tuta dedi: 
     - Əgər doğrudan da sehirlisənsə, onda elə et ki, mənim çoxlu konfetim olsun, rəngli, zərli kağızlı. Onda bilərəm ki, doğrudan sehirlisən.
      Panda pəncəsini yuxarı qaldırmaqla göydən konfet tökülməyə başladı. Elə bil konfet yağışı yağırdı. Orxan sevindiyindən atılıb-düşməyə başladı. Doyunca konfet yeyəndən sonra Pandaya dedi: 
    - Çox sağ ol! İndi inandım ki, sehirlisən!
    - Təşəkkür eləməyə dəyməz, bu mənim üçün çox asan bir şeydir. Sən mənə Ən böyük arzunu de!
    Orxan Ən böyük arzusunu fikirləşməyə başladı. Amma səhər quyudan su çəkməliydi deyə, Pandaya dedi:
    - Mən quyudan su çəkməliyəm, istəyirsən sən sehr göstər, vedrələr dolsun, mən də ən böyük arzumu yadıma salım.
     Panda pəncəsini yuxarı qaldırıb endirdi. 
    Orxan pəncərədən həyətə boylananda vedrələrin dolu olduğunu gördü. Yenə də Pandaya təşəkkür edəndə Panda dedi:
   - Heç vaxt mənə təşəkkür eləmə. Çünki artıq sən mənim ağamsan! Sən bircə əmr et! 
    Orxan güldü:
  - Necə? Mən ağayam? Onda meşədən odun gətirmək də mənə olmaz. Odun doğramaq da, daşımaq da… Sehr göstər, bu işlər öz-özünə görülsün! 
  - Baş üstə! – deyib Panda pəncəsini qaldırdı. Odun işi düzəldi. Odunlar özləri ayaq tutub sobanın yanında sıra ilə düzləndilər. 
   Beləliklə Panda həmin gündən  Orxanın bütün işlərini görməyə başladı. Orxan isə bekarçılıqdan yatdı. Bir gün yatdı iki gün yatdı, nəhayət ki tənbəlləşdi. O artıq həyətə çıxmağa da tənbəllik edir, bütün işlərini Pandaya gördürürdü:
   -  Panda, həvəsim yoxdu, balıqlara yem ver! Meşədən göbələk yığ,  paltarlarımı qatla, ayaqqabılarmı çıxart. 
    Orxanın belə tənbəlləşməsi nənəni narahat edirdi. O nəvəsinə dedi:
   - Sən nə vaxta qədər işlərini Pandaya gördürəcəksən? Yemək də yemirsən, bütün günü konfet yeyirsən. Dişlərin xarab olapcaq. Havaya çıxmamaqdan rəngin saralıb. Yataqdan qalxmırsan, əl-ayağın iş görməməkdən zəifləyib.  
    Orxan nənəsinə qulaq asmadı. Yenə də tənbəlləşdi. Hətta o qədər tənbəlləşdi ki, Panda onu yataqda yedirdib-içirtməyə başladı. Az bir müddətdə o qədər kökəldi ki, qarnı nə boyda oldu. O hətta kitab da oxumurdu. Əvəzinə Panda bərkdən oxuyurdu ki, Orxana əziyyət olmasın.
    Bir gün dostu Çiçək Orxangilə gəldi. Orxanı yataqda kökəlmiş görüb məəttəl-məəttəl soruşdu:
   - Nə olub sənə xəstələnmisən?
   - Bəs niyə şişmisən, lap şara oxşayırsan? 
   Orxan cavab vermədi. Çiçək dedi:
 - Dur qaçaq meşəyə, bir az oynayaq!
 - Toplanla get, həvəsim yorxdur.
   Çiçək təəccüblə nənəyə baxdı. Nənə ağlaya-ağlaya Pandanın yanına getdi, ona dedi:
   - Eh Panda, Panda, gör sən mənim balama necə pislik elədin? O sağlam, işgüzar və şən idi. Odun yığırdlı, su gətirirdi, mahnı oxuyurdu. İndi isə xəstə qocaya oxşayır. 
    Panda başını aşağı salıb dedi:
  - Ürəyini sıxma nənə, o məni sağaldıb, mən də onu sağaldaram. Amma mən adamları sağalda bilmirəm. Qoy dostum Hacıleyləyi çağırım o gəlib sağaltsın.
    Hacıleylək gəldi, oğlana baxan kimi dedi:
  - Bildim xəstəliyi nədir. İdman eləmir, iş görmür, Təmiz havaya çıxmağı sevmir. Ona görə də cəldlik və sağlamlıq ondan küsüb gediblər. 
   Hacıleylək müalicəyə başladı. Əvvəlcə oğlanı yataqdan qaldırıb onu yeritdirdi. Hər səhr ona idman elətdirdi. Orxan yavaş-yavaş arıqlamağa başladı. Özünə gəldi. Yenə şən mahnılar oxudu.    Əli iş tutdu. 
    Hacıleylək gedəndə nənə ona minnətdarlıq elədi. Panda isə getməyə hazırlaşanda Orxan dedi: 
   - Getmə, gəl bizimlə yaşa, sənə söz verirəm, daha səndən heç nə xahiş eləməyəcəyəm. Özüm işlərimi görəcəyəm! Panda sevindi. Onlar bir yerdə sağlam, xoşbəxt yaşadılar. Sən də xoşbəxt ol! Sağlam ol! Şən ol!   
          

          Müəllif: Gülzar İbrahimova