Əjdahalar şahzadəsi

 
(nağıl - iqtibas)
 
  Bir balıqçı oğlan var idi. Adı Toşi idi. Hə, hə, Toşi! Çünki yapon idi. Elə bu hadisə də Yaponiyada baş vermişdi. Toşi dərs oxumur, yazı öyrənmirdi. Həmişə xəzinə axtarır, şahzadə olmağı arzu edirdi. 
Bir dəfə Toşi yenə dəniz kənarına gəlib qarmaq atdı ki, balıq tutsun. Yenə də dövlətli olmaq arzusu ilə fikrə getdi. Birdən Toşi hiss elədi ki, qarmaq dartılır. Qarmağı çəkəndə hiss elədi ki, tutduğu balıq böyükdür. Güclə qarmağı çəkəndə gördü ki, balıq yox, böyük, zərli sandıqdır. Sandığı açdı. Orda zınqırovlu papaq, bəzəkli xalat, kəmər, dörd yumru daş, təlxək papağı, uzun taxta çomaq və kitab var idi. 
- Bunlar sehrli əşyaya  oxşayır! –Toşi sevinib papağı başına qoydu, xalatı geyinib, özünü şahzadəyə oxşatdı. Kitabı açıb səhifələdi. Hərfləri tanımırdı deyə, oxuya bilməyib şəkillərə baxdı. Təzədən sandığa qoydu. Sandıq ağır olduğundan, daşları dənizə atdı. 
Birdən yer, göy titrədi, ildırım çaxdı, dənizdən alov qalxdı. Ətrafa dəhşətli səs yayıldı:
- Özünü gözlə!  
Toşi uzaqdan səs eşitdi. Bu, qoca imperatorun səsi idi. 
- Ey, adamlar, qaçın, canınızı qorxulu əjdahadan qurtarın! Yatmış əjdaha Xançi oyandı.   
Hər tərəfdən qışqırıqlar eşidildi:
- Yatmış əjdaha Xançi oyandı.   
- Kim oyatdı yatmış əjdahanı?
- O, indi hamını məhv edəcək, öldürəcək!
Sən demə, Toşi daşları dənizə atanda, onlar əjdaha Xançinin başına düşmüş, o da yuxudan oyanıbmış...
Toşi bilmədi neyləsin ki, əjdaha dənizə çəkilib yuxuya getsin. O, yenə sandıqdakı kitabı açdı ki, sirləri öyrənsin.
- Camaat, qaçın, Əjdaha Xançi oyanıb, kəndə gəlir! 
Əjdaha elə nərə çəkirdi ki, ağzından alov çıxırdı. Alov elə böyük idi ki, bütün kəndin üstünü almışdı. Toşinin ağlına gəldi ki, “Sehrli kitab”ı oxuya bilməsə də, şəkillərinə baxıb, şəkildəki kimi hərəkət eləsin. Sehrli çubuğu götürüb, göyə qaldıraraq dedi:
- Fil-filooooo...
Bu vaxt  Əjdahanın qarşısını nəhəng hasar kəsdi. Amma sehr düzgün deyilmədiyindən, hasar daşa yox, kağıza çevrildi. Əjdahanın ağzından çıxan alov asanlıqla kağızı yandırdı. Əjdaha bərkdən güldü:
- Ha, ha, ha... Mənim əlimdən asanlıqla qurtara bilməzsiniz! Bu saat sizə göstərərəm!
Toşi kitabda gördü ki, sehrbaz sehrli çubuğu yerə vurur, ondan sonra yüzlərlə əsgər peyda olur. Toşi də belə elədi:
- Əsgərlər, köməyə gəlin!
Doğrudan da, həmin saat yüzlərlə əsgər peyda oldu. Amma onlar canlı yox, oyuncaq idilər deyə, sakitcə durdular. Xançi onları əzdi. 
Əjdaha yenə qorxulu səslə, bərkdən güldü:
- Ha, ha, ha.... Mənə gücünüz çatmaz!
Bu dəfə Toşi kitaba baxıb, bir neçə gül dərdi. Sehrli çubuğunu onların üstünə gəzdirib əmr etdi:
- Sehrli qılınclar! Əjdahaya hücum!
Güllər qılınc əvəzinə kəpənəyə çevrildilər. Rəngli kəpənəklər əjdahaya hücuma keçdi. Onlar bulud kimi Xançini əhatəyə alıb, onu vurmağa başladılar.  Xançini gülmək tutdu. Çünki qıdığı gəlir, gülməkdən dayana bilmirdi. Əjdaha o qədər güldü ki, gözlərindən yaş gəldi. Axırda Xançi yorulub oğlana yalvardı:
- Toşi, haldan düşdüm, dayandır kəpənəkləri. Gülməyimi dayandıra bimirəm, gülməkdən qarnım ağrıyır!
Toşi əjdaha Xançiyə qulaq asmadı. Xançi gülməkdən uğundu, təzədən dənizə girib yuxuladı. Toşi sehrli əşyaları sandığa qoyub dənizə atdı. İmperator Toşini yanına çağırıb dedi:
- Sağ ol, Toşi, sən camaatı qorxulu əjdahanın əlindən xilas elədin!
Toşi utana-utana dedi:
- Günahkaram, əjdahanı yuxudan mən oyatmışdım!
Toşinin sözləri imperatorun xoşuna gəldi:
- Belə igidlik göstərə-göstərə, səhvini boynuna aldın, sənə hədiyyə düşür. Nə istəyin varsa, de!
- Bir müəllim istərdim ki, mənə yazıb-oxumaq öyrətsin! 
İmperator Toşinin arzusunu yerinə yetirdi. Adını isə “Əjdahalar şahzadəsi” qoyub, həmişəlik yanında  “məsləhətçi” saxladı

 

     Nağılçı: Gülzar İbrahimova