Gözəl hədiyyə


(nağıl - iqtibas ) 

       Dənizin dibi bu gün daha da gözəl idi. Delfin o tərəfə, bu tərəfə üzməkdən yorulmurdu. Amma bu gün onun işi lap çox idi. Axı yeddi yaşı tamam olurdu. Ad gününə hazırlaşmaq lazım idi. O, sualtı dostlarını ad gününə dəvət etmişdi. Hər tərəfi bəzəmək istəyirdi. Bunun üçün çox-çox uzaqlardan gözəl gülləri olan yosunlar gətirmişdi. Gülləri asmaq, hər tərəfi bəzəmək lazım idi. Vaxta az qaldığından qonşusu Xərçəngi köməyə çağırdı. Güllərdən birini özü götürdü, birini isə Xərçəngə verib dedi:
      -Xərçəng, xahiş edirəm, gülləri asmaqda mənə kömək edəsən! Təkcə çatdıra bilmərəm. Onları elə asaq ki, hər tərəf bəzəkli olsun!
       Xərçəng razılaşdı: 
      -Bu lap gözəl olar!
      Onlar həvəslə işə başladılar. Hər ikisinin başı işə elə qarışdı ki, bir də Delfin baxdı Xərçəng güllü yosunları xırda-xırda doğrayıb, hirsləndi:
     - Aman-aman, gör bir neylədin? Mən onları çox uzaqdan gətirmişdim, hamısını kəsib zay elədin!
      Xərçəng özü də doğradıqlarına məyus-məyus baxıb dedi:
    -Mən ancaq kəsə bilirəm. 
      Delfin onu danladı:
    -Sənin əlindən doğramaqdan başqa heç bir iş gəlmir! Sənin köməyin mənə lazım deyil!
      Xərçəng küsüb getdi.
     Delfin təkbaşına bütün işləri gördü. Qonaqlarını gözləməyə başladı. Qonaqlar isə gəlib çıxmırdılar ki, çxmırdılar. Delfin lap nigaran qaldı. Üzüb dostlarını axtarmaqa başladı. Ancaq çox qəribə idi ki, suda heç kəsə rast gəlmədi.
      Bir xeyli axtarandan sonra dostlarını tapdı. Amma necə?... Böyük bir torun içərisində. 
      Delfin çox pis oldu. Dostları isə onu görən kimi kömək istədilər. Delfin torun o tərəf,  bu tərəfinə üzdü, amma onlara heç bir kömək edə bilmədi. Birdən onun ağlına bir fikir gəldi. Xərçəngi köməyə çağırdı:
     -Xərçəng, xərçəng, tez köməyə gəl! 
      Xərçəng səs eşidən kimi özünü çatdırdı. Toru görən kimi isə hər şey ona məlum oldu. Toru kəsib-doğramağa başladı. Torun kəsilmiş yerindən balıqlar suya töküldü. Delfin də, dostları da çox sevindilər.
      -Sağ ol, Xərçəng! Mən yanılmışam. Sən çox bacarıqlısan! - Delfin dedi. 
       Xərçəng bu tərifdən sevindi. Üzüb-aralanmaq istəyirdi ki, Delfin onu saxladı:
      -Hara üzürsən?
      -Bir az gözlə, gedim sənin ad gününə hədiyyə gətirim, - dedi Xərçəng.
       Delfin onu buraxmadı:
      -Yox, getmə, bu gün mənə ən gözəl hədiyyəni sən vermisən. Dostlarımı tordan xilas etmisən! Bundan gözəl hədiyyə nə ola bilər ki?  
      Həmin gün suyun dibində Delfinin ad günü çox şən keçdi.       

 

         Nağılçı: Gülzar İbrahimova