(hekayə)
Binamızın arxasında böyük tut ağacı, ağacın da altında köhnə bir skamya var idi. Çox vaxt məhəllə uşaqları yığışardıq tut ağacının altına söhbət edər, kiminsə ad günü olanda çalıb-oynayardıq.
Gizlənpaç oynayanda ağacın kötüyündə gözümüzü yumardıq. Tut vaxtı ağacdan düşməzdik. Məhlədə bütün uşaqlar tut ağacının altına yığışmağı, söhbətləşməyi xoşlayardı.
Bir gün yaxınlıqda bir dəzgah emalatxanası açdılar. Orda taxtadan çox maraqlı şeylər düzəldirdilər. Axşamlar uşaqlar evlərinə gedəndən sonra emalatxana müdiri də gəlib skamyada oturardı.
Bir gün o bizə dedi:
- İstəyirsiniz o ağacı kəsib sizin üçün qəşəng skamya və stol düzəldək.
- Uraa! ‒ Deyə, sevinclə qışqırdıq.
Biz səbrsizliklə skamyanın düzəldilməsini gözlədik. Çox çəkmədi skamya da, stol da hazır oldu. Düzdür, bir-iki dəfə bir yerə yığıldıq, amma stol, skamya nə qədər gözəl olsa da, uşaqlar daha əvvəlki kimi bir yerə yığışmadılar.
Quşlar daha o tərəfə gəlməyib, uzaqlara uçub getdi. Onların cəh-cəhi həmişəlik kəsildi.
Amma bu görüşlərimiz əvvəlki kimi şirin qayğısız, dadlı olmadı. Əvvəllər hamını evdən bir neçə dəfə çağırandan sonra ayrılırdıqsa, indi hərə özü evə getdi. Daha heç kəs əvvəlki kimi kötüyün yanına həvəslə, uça-uça gəlmirdi. Hərdən emalatxanada skamyada işləyənlər otursa da, çox vaxt boş olurdu. Uşaqlıq xatirələrimiz tut ağacı ilə birgə kəsildi. Bir də böyüyəndən sonra səhvimizi başa düşdük. Başa düşdük ki, biz təbiətin gözəlliyini cansız, səssiz, ətirsiz, təbii yox, sünii gözəlliyi olan taxta parçasına dəyişmişdik.
Böyüyəndən sonra səhvimizi başa düşdük, peşman olduq. Hər dəfə pəncərədən boş qalmış skamyaya baxıb təəssüf hissi ilə “ah” çəkirdik. Amma bu peşmançılıq nə küsüb getmiş quşları geri döndərə bilirdi, nə də bizim uşaqlıq sevincimizi...
Müəllif: Gülzar İbrahimova