(nağıl)
Biri vardı, biri yoxdu, bir tırtıl vardı. Bu tırtıl bütün günü güzgüyə baxar, deyərdi:
- Görəsən mən neyləsəm hamıdan gözəl olaram? Hansı paltarda qəşəng görünərəm? Saçlarımı nə cür yığsam, mənə çox yaraşar? Necə yerisəm hamı mənə baxar? Gözəllik ondur, deyiblər, doqquzu dondur. Gərək qırmızı paltar tikdirib geyinəm ki, gözəl görünəm. Yox sarı paltar daha maraqlı olar. Özü də zolaqlı. Yox, onda arıya oxşayaram. Yaxşıcı budur, ağ paltar geyinim. Yox onda buluddan seçilmərəm. Qara paltar yaxşıdır. Ciddi görünərəm. Yox onda qaranlıqdan seçilmərəm. Yaşıl paltarda isə yaşıl ota oxşayaram. Mavi paltarda suda itərəm. Aman, lap başımı itirdim. Başım dedim saçlarım yadıma düşdü. Saçlarımı necə darayım, neçə hörük horüm? Aman başımı itirmişəm. Heç bilmirəm necə geyinim?...
Tırtıl kim qarşısına çıxsaydı, onunla saatlarla modadan danışar, ayrılanda isə deyinərdi:
- Heç modadan başı çıxmır, zövqü yoxdu!
Bir az böyüyən kimi tırtılın kəpənəyə dönmək zamanı gəlib çıxdı. O bilmədi özünə nə rəngdə paltar alsın. Qonşuluqda yaşayan kəpənəkdən soruşdu:
- Necə paltar tiksəm mənə daha çox yaraşar? Görəsən indi moda necədi?
- Bilmirəm, mən hansı paltarı tikə bilirəmsə, onu da geyiniəm.
- Sonra o bir başqa kəpənəkdən də eyni şeyləri soruşdu. Onlara da “zövqləri yoxdu”, dedi.
- Sarı, zolaqlı arını görüb özünə həmin paltardan tikdirdi. Görən ondan soruşdu:
- Sən arısan?
- Yox, mən kəpənəyəm!
O qədər belə cavab verdi ki, axırda yoruldu və qərara gəldi ki, yenə paltarını dəyişsin. Parabüzəndən soruşdu:
- Bilmirsən dəbdə olan son moda nədir?
- Qırmızı paltar, üstündə də qara xallar!
Bunu eşidən kimi tez özünə qırmızı xallı paltar tikdirdi. O artıq kəpənək olsa da hamı onu “Parabüzən” deyə çağırdı. Bu dəfə də ona güldülər:
- Elə bil parabüzənsən! - dedilər.
Buna görə də Kəpənək bu paltarını da çox geyinmədi. Belliklə kəpənək gündə neçə dəfə paltar dəyişdi.
Kəpənək hər dəfə paltarını dəyişəndə deyirdilər:
- Bu paltar sənə necə də yaraşır!
- Sən çox gözələn, Kəpənək!
- Sən bir dənəsən!
Paltarlar kəpənəyi doğrudan da çox gözəl göstərirdilər. Amma bu kəpənəyin başqa kəpənəklərdən iki fərqi var idi. Birincisi o idi ki, o gözəl idi. İkincisi isə o idi ki, o çox darıxdırıcı həyat keçirirdi. Başqa kəpənəklər uşur, şənlənir, o isə bütün günü fikirləşərdi: “Görəsən sabah nə geyinim?”.
Nağılçı: Gülzar İbrahimova