Yarasa haqqında əfsanə

    Deyirlər qədimdə Asa adlı bir quş varmış. Bu quş tovuz quşu kimi rəngarəng, bülbül kimi gözəl səsli, qartal kimi məğrur bir quş imiş. Bir gün yaraşıqlı Asa gözəl Bülbülə aşiq olur. Bülbül də onu sevir. Bir bahar günündə quşlar çiçəkli bir budaqda görüşürlər. Onların şən səsləri hər tərəfə yayılır. Adamlar səs gələn səmtə gəlib heyranlıqla quşlara qulaq asırlar. Sonra isə tor atıb onları tuturlar. Asa çırpınıb qəfəsdən çıxıb, uçur. Bülbülü isə qəfəsə salırlar. Asa o vaxtdan sevgilisindən ayrılır, onu daha heç vaxt görmür. Onu yarından ayırdıqlarına görə adamları sevmir, onlardan qaçıb gizlənir. Həmişə qaranlıq mağaralarda məskən salır. Gündüzlər axşama qədər ağlayır. O qədər ağlayır ki, üstü yam-yaş olur. Ona görə də başıaşağı yatır ki, göz yaşları axıb yerə tökülsün, üstünü islatmasın. Az uçduğundan qanadları bir-birinə yapışır, az oxuduğundan səsi tutulur. Gündüz Günəşinə həsrət qaldığından rəngi get-gedə solur, bozarır, get-gedə qaralır. 
    Deyilənə görə yarından ayrı düşəri adı qalır, Yarasa. 

 

    Müəllif: Gülzar İbrahimova