(hekayə)
Qədim zamanlarda müharibələr tez-tez olardı. Güclülər gücsüzlərin məmləkətlərinə hücum eləyib talayar, camaatını isə əsir alıb istədikləri qiymətə satardılar. Bu, o vaxtkı müharibələrin vəhşi qanunu idi.
Dinc oturmayan tayfalardan biri də Qıpçaqlar idi. Onlar tutduqları əsirləri satar, bununla da varlanardılar. Qul satanlarda belə bir adət vardı: Bir yerdən qırx qul satanda biri üçün pul almazdılar. Yəni, onu pay verərdilər.
İraqın böyük qul tacirlərindən biri, bu yolla Müftə Müsəllam İldəniz adlı yeniyetmə, amma çirkin, kor-kobud bir qula sahib olur. Tacir alverini başa vurandan sonra onun yük və qul karvanı vətəninə−İraq istiqamətinə yollanır. Gündüzlər çox isti olduğundan karvan yalnız gecələr yol gedir və İldəniz yuxulu olduğu üçün 3 dəfə dəvədən yıxılır. Onu 2 dəfə axtarır-tapır və dəvəyə oturdurlar. Üçüncü dəfə oturdanda tacir hirslənir:
- Qoyun bu fərsizi elə yıxıldığı yerdə qalsın, o qul mənə xeyir gətirməz!
İldənizi daha özləri ilə aparmayıb yola düzəlirlər. Karvan bir neçə gün yol gedəndən sonra mənzil başına yetişirlər. Bir də baxırlar ki, İldəniz də onlara çatdı. Məəttəl qalırlar, çünki bu qədər yolu payi-piyada, isti çöllüklə gəlmək hər adamın işi deyildi. Qul xahiş edir ki, bu qərib diyarda ona da sahib dursunlar. Tacir onun xahişinə əməl eləyir.
Bazara təzə qullar gəldiyini eşidənlər axışıb bazardan qul almağa gəlirlər. İraq-səlcuq sultanı Mahmudun vəziri bütün qulları nəzərdən keçirəndən sonra tacirə deyir:
- Tacir, mən bütün qulları alıram, təkcə bax, o çirkin quldan savayı, − deyə vəzir barmağı ilə İldənizi göstərir.
Tacir bilmir bu qulu necə başından eləsin, qulu tərifləyir ki, vəzir onu alsın:
- Vəzir, bu qul çox diribaş quldur. Nə qədər yolu pay-piyada gedə bilir. O qədər yol gedib ki, gəlib bizim karvana yetişib. Mən əminəm ki , o, sənə yarayar.
- Yox dərviş, mənə elə çirkin, yöndəmsiz qul lazım deyil.
Tacirin əlacı kəsilir, onu pulsuz vəzirə verir. Vəzir isə bəxşişdən imtina eləmir.
Amma az bir müddət keçəndən sonra vəzirin bu qula münasibəti dəyişir. İldəniz öz diribaşlığı və fərasəti ilə vəzirin rəğbətini qazanır. Ağası onu hər yerdə tərifləməyə başlayır. Ən çətin, ən məsuliyyətli işləri İldənizə tapşırır. Qul isə bütün işlərin öhdəsindən layiqincə gəlir.
O, işgüzar olması ilə bərabər, həm də savadlı idi. Çünki o, bütün günü işləyib yorulandan sonra yatıb dincəlmək əvəzinə, ağasının kitablarını vərəqləyib oxuyur, səhərə yaxın isə tez aparıb yerinə qoyurdu. Buna görə də, öz biliyi və savadı ilə bütün qullardan seçilirdi.
Ağası öləndən sonra İraq-səlcuq sultanı Mahmud, İldənizi öz yanına gətirir. Onun bacarığını və savadını görən sultan Mahmud əmr eləyir ki, bu gəncin savadı, elmi və tərbiyəsiylə ciddi məşğul olsunlar. İldəniz dilləri, ilahiyyəti və başqa elmləri də öyrənir. Bundan başqa, yaxşı at sürməyi, qılınc oynatmağı, güləşməyi də mənimsəyir. Özündən güclülərlə güləşir, yıxılır amma yenə də ayağa qalxır. Bir müddətdən sonra o, güclü bir pəhləvana çevrilir. Əvvəl-əvvəl sultan ona etibar eləyib, öz mətbəxinin başçısı qoyur.
Beləliklə, hər dəfə sultanlar dəyişəndə Şəmsəddin İldənizin vəzifəsi daha da böyüyür. Hətta bir gün sultan Məsud paytaxtı Bərdədə yerləşən Aran dövlətinə hakim axtararkən Şəmsəddin İldənizdən başqa heç kəsi ora layiq bilmir və onu Aran dövlətinin hakimi təyin edir. Bu o vaxtlar idi ki, Azərbaycana sultan Məsudun qohumu Qara Sunqur hakimlik edirdi.
Bir gün Azərbaycan hakimi Qara Sunqur qəfildən vəfat etdi. Bu zaman sultan Məsud kimi Azərbaycana başçı qoydu? Mən deyim siz də bilin. Şəmsəddin İldənizi!
Azərbayacana hakim olandan sonra Şəmsəddin İldəniz hər yanda böyük dövlət xadimi və sərkərdə kimi tanındı. Bəli...Heç kəsin bir dinar verib almaq istəmədiyi, yöndəmsiz bir qul olan İldəniz indi öz ağlı və zəhmətkeşliyi sayəsində böyük hörmət və ehtiram sahibinə çevrildi. Bütün Azərbaycan, o cümlədən, Aran, Gəncə və Ərdəbil onun tabeçiliyinə keçdi. Böyük hakim və sərkərdə Şəmsəddin İldəniz İraq sultanlığının əsasında böyük və qüdrətli bir Atabəylər dövləti yaratdı. Qüdrətli Atabəylər dövləti!
Bəli, heç kəsin bir dinar verib almaq istəmədiyi, yöndəmsiz bir qul gör nələr elədi?! Sən bir ağılın, zəhmətin gücünə bax!
Müəllif: Gülzar İbrahimova