Əziz gün 

(hekayə)   
  
     Hamı Təzə ili qarşılamağa hazırlaşırdı. Elşən Yeni  il bayramını bütün bayramlardan çox xoşlayırdı. Bu gün onların məktəbində Yeni il şənliyi olacaqdı. Ona görə məktəbin uşaqları əvvəlcədən hazırlıq görmüş, böyük bir yolka bəzəmişdilar.
     Elşən hər bayram olduğu kimi bu bayram da yollandı ki, dostlarına uzaqdan-uzağa da olsa əl eləyib, onların bayramını təbrik eləsin.
    Bəs görəsən, Elşənin dostları kim idi ki, Elşən onları uzaqdan-uzağa təbrik edəcəkdi?
    Elşəngilin kəndi İranla sərhəddə yerləşirdi. Elşən ilə dostları arasında Araz çayı və tikanlı məftillər olduğuna görə dostlar heç vaxt yaxından görüşə bilmirdilər.         
   Elşənin sərhəd yaxınlığına getməkdən çox xoşu gəlirdi. Çünki sərhəddin o tərəfində onun yaşıdları çox idi. Elşən uzaqdan da olsa onlarla dostlaşmışdı.O taydakı dostlarını görmək, onlara əl eləmək, çığıra-çığıra onların kefini soruşmaq  Elşənə çox  xoş gəlirdi. Özü də onlar bu tərəfin uşaqlarını görəndə sevindiklərindən bilmirdilər ki, neyləsinlər. Gah onlara əl eyləyir, gah atılıb-düşür, gah da bərkdən mahnı oxuyurdular. Dostlar bəzən tikanlı məftilləri keçib bir-birlərinin yanına qaçmaq istəyirdilər, amma əli avtomatlı rus əsgərləri, tikanlı məftillər və Araz çayı onları bu istəklərindən çəkindirirdi. 
      Həm də məktəbdə Elşəngili başa salmışdılar ki, sərhədə yaxın getmək, o tərəfdəki adamlarla söhbət etmək qəti qadağandır. 
     Bəzən «o tərəfin», bəzən də «bu tərəfin» uşaqları bir-birlərinə meyvə, qoz, fındıq atırdılar. Bilə-bilə ki, atdıqları heç vaxt bir-birlərinə çatmayıb, Araz çayına düşəcək, yenə də atırdılar. Bəzən isə uşaqlar sakit durur, həsrətlə bir-birlərinə baxırdılar. 
    Bu gün isə dostlarının yanına yollanan Elşən sərhəd kənarına çatanda baxdı ki, bu gün orada çoxlu adam var. Kənd camaatı, hətta nabələd adamlar da sərhədə yığılaraq, tikanlı məftillər boyu düzülmüşdülər. Elşən izdihamın arasından «o tərəfə» boylandı ki, İran tərəfdəki dostlarını görsün. Bu vaxt nə görsə yaxşıdır? O tərəfdə də eynən camaat tikanlı məftillər boyu düzülmüşdü. Elşən nə olduğunu başa düşmədi. Bir azdan camaat odlu-alovlu  çıxışlar etdilər. Çıxışlarını qurtarandan sonra isə hər iki tayın adamları əlləri ilə tikanlı məftilləri dartıb qırmağa başladılar. Bu vaxt çoxunun əlləri qanayırdı.  Amma buna baxmayaraq onlar dayanmadan məftilləri qırıb sərhədi açmağa çalışırdılar. Nəhayət ki, hamının arzuladığı an gəlib çatdı. Aradan «tikanlı sərhəd» götürüldü. Sərhəd açılan kimi hər iki tərəfin camaatı bir-birlərinin üstünə qaçıb qucaqlaşdılar. Elşən də «o taylı» dostlarına, dostları isə ona tərəf götürülərək bir-birlərinə çatıb möhkəm qucaqlaşdılar. 
     Dostlara məlum oldu ki, hər iki tərəfin camaatı öz doğma qohumlarından illərlə aryı qalmaqdan bezərək öz etiraz səslərini qaldırmış və ortadakı sərhəddi dağıtmaq qərarına gəlmişlər. 
      Bu dostları çox sevindirdi. Elşən dostlarını da götürüb məktəblərinə -  yolka şənliyinə apardı. «O taylı» balacalardan Mehdad adlı biri Elşəndən soruşdu:
     -Siz Yeni il bayramını nəyə görə keçirirsiniz ki?
     Elşən təəccübləndi:
     -Məgər siz yolka bəzəyib, Yeni ili qarşılamırsız? 
     Oğlan çiyinlərini çəkdi:
     -Biz təzə ili yalnız yazda, bahar bayramında qarşılayırıq. İlimizdə dəyişiklik isə yalnız Milad təqvimi ilə hesablanır. 
       Elşən maraqla:
      -Bu çox qəribədir, mən bunu heç bilmirdim.
       Behzad adlı başqa bir oğlan əlavə elədi:
      -Elşən, sən də yazda, Milad bayramında gəlib bizimlə Yeni ili qarşılayarsan! Bu bayram da bizdə çox maraqlı keçir. 
       Elşən sevincək:
       -Əlbəttə, Behzad, böyük məmuniyyətlə gələrəm! 
        Neçə vaxtdır bir-birinə həsrət qalmış dostlar xeyli söhbət edəndən sonra şənliyə gəlib Yeni ili bir yerdə qarşıladılar. 
   Sonralar həmin gün - 31 Dekabrı bütöv xalqı iki yerə ayırmış sərhədlərin açılması münasibətilə Dünya  Azərbaycanlılarının Həmrəylik günü elan edildi. Həmin tarixi hadisədə Elşən də iştirak edərək ən yaxın dostilarını tapmışdı. Bu onun üçün ən əziz bir gün idi. 

 

  Müəllif: Gülzar İbrahimova