Xoş xəbər

(hekayə)
   
Bir gözəl bahar günündə uşaqlar meşəyə gəzməyə getdilər.  Axşam tərəfi hava sərinlədiyindən isinmək üçün tonqal yandırdılar. Uşaqların gülüş səsi və tonqalın tüstüsü dağların başına yayıldı. Evə gedəndə tonqalı söndürdülər. Tonqal sönən kimi hər yan alaqaranlıq oldu. Uşaqlar da bir an sakitləşən kimi eşitdilər ağacdan bir quş balasının civ-civ səsi gəlir. Eldar dedi:
-    Eşidirsiz? Quş balasıdır, elə bil həyəcanla köməyə çağırır! 
-    Yəqin anasını çağırır. Acıb, bizim kimi! – Tural belə deyəndə hamı gülüşdü. 
-    Gedək gecdir! – Uşaqlar belə deyib getmək istədilər. 
-    Yox, durum! - Eldar deyərək, tənbəllik eləmədən ağaca dırmaşdı. Uşaqlar deyinə-deyinə onu gözləməli oldular. 
Eldar ağacın oyuğundakı quş yuvasından bir sərçə tapdı. Onu əlinə götürəndə hiss elədi ki, bala sərçənin qanadları qarsıyıb. Bala sərçə dayanmadan civ-civ edirdi. Eldar həyəcanla qışqırdı:
-    Uşaqlar, biz tonqal yandıranda bala sərçəni yandırmışıq! 
-    Necə? – Hamı qaçıb ağacın altına yığışdı. 
Eldar quşun qanadlarını açanda uşaqlar dəşhətə gəldilər. Bala sərçənin bir qanadı tam açıldı, o birinin isə yarısı yox idi. Eldarın bacısı bunu görməməkçün üzünü çevirdi. Lalə də onu qucaqlayıb hər ikisi ağladı. Oğlanlar da çox pərt olmuşdular. Gördükləri onları yaman məyus eləmişdi. 
Bala quş daha heç vaxt uçmayacaq? - Nəzrin dedi:
Əli işgüzar-işgüzar dedi:
-    Sızıldamaq yeri deyil, neyləyək? 
-    Neyləcəyik, axmaq başımızı daşa çırpaq! Yazıq quşu şikəst elədik. Bir qanadla uçan quş görmüsüz? Dedim Tural, tonqalı o boyda yandırma, qulaq asmadı.  
-    Gərək tonqalı ağac olmayan yerdə yandırardıq!
-    Düzdü!
-    Mübahisə vaxtı deyil, quşa nəsə eləməliyik, neyləyək?
-    Gedək bizə, atam baytar həkimidir, aparaq baxsın, bəlkə bir şey fikirləşdi. 
-    Gedək, - deyib uşaqlar quşu götürüb Elvingilə qaçdılar. Onlar ağacdan aralanan kimi ana quş qonşu ağacdan yuvasına qayıtdı. Balasını yerində görməyib…
Uşaqlar çox pis olmuşdular. Olan hadisədə başlarını itirdiyindən hərə günahı biri o birində görürdü:
-    Dedim quş səsi gəlir, heç kəs mənə qulaq asmadı.
-    Yaxşı ki Eldar qayıtdı, çıxdı ağaca.
-    Nə olsun, quşa köməyimiz dəymədi. 
-    Bilmək olmaz, bəlkə Sabir əmi kömək eləyə biləcək?
-    Kaş kömək eləyəydi, - Eldar belə deyib quşun qanadını tumarladı. Bu vaxt quşun qanadındakı yanmış tüklər töküldü, onun qanadı bir az da qısaldı. 
Neyləyirsən? Dəymə ona, qanad lap qısa qaldı! – deyə Nəzrin qardaşına qışqırdı:
-    Yanıb, kül olub, nəyə gərəkdir yanmış tük?
-    Dəymə! – deyib bacısı yenə ağladı. 
Uşaqlar baş vermiş hadisəni Sabir həkimə danışanda o da dilxor oldu. Bala quşa baxıb başını buladı:
-    Neyləmisiz? Yazıq quş bir aylıq ola, ya olmaya. Daha uça bilməz! 
Belə deyəndə, uşaqların ürəkləri bir daha sızıldadı. Onların saralmış üzlərini görəndə Sabir əminin uşaqlara da yazığı gəldi:
-    Hər halda bilərəkdən eləməmisiz. Yaxşı ki onu yuvasında qoymamısız. Yoxsa, uçmaq üçün atılıb-düşəndə yuvadan düşüb ölə bilərdi. Amma sizə acı bir həqiqəti də deyim ki, burda həkimlik peşəsi acizdir. Allaha yalvaraq, dua edək, quşun qanadı uzanıb yerinə gəlsin. 
Nəzrinlə Lalə gecə-gündüz dua edib yalvardılar, bala sərçə uça bilsin. Uşaqlar hər gün quşa baş çəkdilər. Yemək qaydasına ciddi əməl elədilər. Quşu Eldar yanında saxladı. Amma hər gün onu uşaqlarla meşəyə aparır, yuvasına qoyurdular ki, anasını görsün. Sonra yenə qaytarırdılar. 
Bu minvalla iki ay keçdi. Bir gün Nəzrin bala sərçəni əlinə götürəndə quş tullanıb yerə düşdü. Qız onu yenə götürəndə bu dəfə lap uzağa tullandı. Nəzrin sevindi:
-    Eldar, bala sərçə az qala uçdu. Qanadları böyüyüb!
Eıdar qulaqlarına inanmadı. Özü quşu yoxlamaq üçün çarpayının üstündə göyə atdı. Quş qanad çalıb azca uçandan sonra yorğan-döşəyin üstünə düşdü. 
Bacı-qardaş sevincək dostlara şad xəbər apardılar. Dostlar xoş xəbəri, “Uraaaa!”, ilə qarşıladılar. On gündən sonra isə uşaqlar meşəyə gedib bala sərçənin anası ilə göydə neçə uçmasına tamaşa elədilər. Sevindiklərindən atılıb düşdülər, qol açıb oynadılar. 

 

    Müəllif: Gülzar İbrahimova