(hekayə)
Bir gün həyətdə gördüm üç-dörd balaca uşaq ağlayır. Biri oğlan idi, üçü qız. Elə bildim dalaşıblar. Yaxınlaşdım, səbəbini soruşdum. Böyüklər başını aşağı saldı, balacası dedi:
- Deyirlər, Fərhad baba ölüb!
Düzü qəhərlənsəm də, özümü yığışdırdım ki, balacaları sakitləşdirməyə söz tapım:
- Nə olsun, qoca kişiydi, ondan ötrü uşaqlar gərək ağlamasın! Böyüklər ağlayır, bəsdir!
Bunu demişdim ki, bir az böyük qız:
- Yox, o, yaxşı baba idi! ‒ Deyib elə bərkdən ağlamağa başladı, o birilər də ona qoşuldu.
Dediyimə peşman oldum. “Qaş düzəldən yerdə, göz çıxartdım”, desəm, yerinə düşər. Özümü saxlaya bilmədim, tez ordan qaçdım ki, balacalar mənim hönkürtümün şahidi olmasın.
Dostlar! Bu, həmişə sizə yazdığım müdrik hekayələrdən deyil, bu yaxınlarda olmuş bir hadi-sədir. Tanıdığım, xətrini çox istədiyim bir insan, ömrünün 67 yaşında dünyasını dəyişdi. Fərhad babanı tanıyan uşaqlar da ona ağladı, İnşaat və Memarlıq Universitetinin bütün tələbələri də...
Məzunları onun ölümünü eşidib çox kədərləndilər, sosial şəbəkələrdə bir-birilərinə başsağlığı verdilər. “Allah sənə rəhmət eləsin, müəllim, dedilər!”.
Görürsünüz, insanların bir-birinə get-gedə soyuduğu bir zəmanədə, qaçaqaç dünyasında hələ də tikanlıqda bitən çiçəklər var. Amma çox heyf ki, elə insanlar get-gedə azalır, sizə pis bir xəbər deyim, yaxşılar qurtarır.
Pilləkənlərlə ağır-ağır evlərinə qalxdım. Həmişə bizi üzügülər qarşılayan Fərhad müəllimin əvəzinə, indi evdə çoxlu adamlar vardı. Mətbəxə boylandım. Cavanlar orda ağlaşırdı. Adətən 60 yaşdan sonra ölənlərin hüzründə cavanlar çox ağlaşmır. Mətbəxə toplaşıb çay işinə baxır, söhbətləşirlər. Burda isə əksinə, hərə Fərhad müəllimlə bir xatirəsini danışır, sonra yenə də...
- Uşaq vaxtı məni görən kimi pul verərdi, qaç özünə mağazadan bir şey al, deyərdi...
- Mənə elçi gələndə qonaqlara o qədər təriflədi, özümdən xoşum gəldi...
- Atam mənə qışqıranda qoymazdı, deyərdi, mən də uşaq vaxtı belə olmuşam.
- Məni lap çox istəyirdi...
- Mənə balaca olanda ağ dovşan almışdı. Çoxdan istəyirdim, heç kim almırdı...
- Yeni ildə hər dəfə bizi bir cür sevindirərdi...
Onlar danışdıqca, yadıma Şaxta baba düşdü. Həmişə uşaqları sevindirən Şaxta baba. Belə qəhrəmanlar da xalqın içərisindən çıxıb, yaxşılıqlardan yaranıb. İnsanları sevindirmək, onlara gözəl anlar bəxş etmək üçün yaranıb. Elə bizim Fərhad müəllim kimi. Yaxşı baba kimi!
Müəllif: Gülzar İbrahimova