(nağıl)

Bir kənddə yaşayan Gülü nənə vardı. Şəhərdə yaşayan nəvələri üçün çox darıxdığından, üzü gülməz, həmişə qəmgin gəzərdi.
Bir gün nəvələri Osman, Əli, Sara kəndə gəldilər. Nənə sevindi, üzü güldü, dedi:
- Başınıza dönüm, nə yaxşı gəldiz. Siz gələndə həyət-baca işıqlanır!
Sara:
- Necəsən ay nənə?
Osman:
- Nənə, nə bişirmisən, həyətdən dadlı qoxular gəlir.
Sara:
Gələn kimi yeməyi soruşursan, nənəni incitmə, bəlkə yemək hələ hazır deyil…
Əli:
- Nənə, planşeti harda qoya bilərəm enerji yığsın?
Osman:
- Bütün fikrin planşetdədi. Əlindən qoyma yerə!
Əli:
- Sənə qalmıyıb. Nənənin yanında özüvü ağıllı göstərmə! Sən də bütün günü telefondasan. Özün də mənə deyirsən!
Sara:
- Uşaqlar, yol boyu mübahisə eləmisiz, bəsdirin, camadanları evə aparın.
Nənə:
- Ay Allah saxlamışlar! Dalaşmayın, qardaş-qardaşla mehriban olsun gərək. Yoldan gəlmisiz, yuyunun, sərinlənin, ağacın altında süfrə açmışam. Keçin süfrə arxasına.
Osman:
- Nə yaxşı, Gülü nənə, heç demədin bizə nə bişirmisən?
Nənə:
- Siz xoşlayan yeməklərdən bişirmişəm. Təzə qoğal da bişirmişəm. Sən onu xoşluyursan, Tez-tez bişirib şəhərə göndərirəm ha, o duzlu, məzəli qoğaldan.

Uşaqlar süfrə arxasına keçdi. Onlar qoğal yesələr də, başqa yeməklərə ağız büzdülər. Nənə təzə kənd südü gətirdi, içmədilər.
Osman:
- Nənə, südü o yana qoy, süddən qoyun iyi gəlir.
Nənə:
- İnəyin südüdü, səhər sağmışam, qoyun iyi hardan gələ bilər?
Əli:
- Onda mən də içmirəm!
Nənə:
- Alagöz inəyin təzəcə balası olub. Ona görə südü lap dadlıdı. Sara, heç olmasa sən bir stəkan iç.
- Sara da süd içmədi, nənə pərt oldu. O çox istəyirdi ki, nəvələri təzə süd içsinlər.
- Nənə təzə kənd çolpası bişirmişdi. Onu da yemədilər.
Əli:
- Ay nənə, mən belə toyuq yemirəm.
Nənə:
- Niyə, ay Əli, nə olub ki toyuğa?
Əli:
- Toyuqdan kənd iyi gəlir!
Nənə:
- Kənd iyi necə olur, a başına dönüm?
Əli:
- Nə bilim, ay nənə, yeyə bilmərəm!
Osman:
- Mən də kənd toyuğu istəmirəm!
Nənə:
- Ay Osman, qurbanın olum, heç olmasa bir dadına bax, sonra istəmə, Axı sən heç onun dadına da baxmadın!
Osman:
- Baxdım, istəmirəm!
Nənə:
- Ləvəngili aş bişirmişəm ondan yeyin, heç olmasa!
Sara:
- Ay nənə, süfrədə neçə yemək var, yeyəcəyik, narahat olma!
Nənə bikef olsa da, həvəsdən düşmədi. Gedib fermadan toyuq aldı, nəvələrinə təndir toyuğu bişirdi. Ləzzətlə yedilər, amma “sağ ol, nənə!”, demədilər.
Yeyən kimi hərəsi bir planşet çıxartdı, oyun oynamağa başladı. Nənə süfrəni yığışdırıb soruşdu:

Nənə:
- Başınıza dönüm, əlinizdəki televizora oxşayan nədir elə?
Osman gözünü planşetdən ayırmadan dedi:
- Planşetdir, nənə!
Nənə:
- Nə, anket?
Uşaqlar nənənin sözünə güldü.
Nənə:
- A bala, neyləyim, qocalmışam, belə şey harda görmüşəm? O dediyiniz anketdi, raketdi nə üçündür? Dərs oxumaq üçündü?
Sara da gözlərini planşetdən ayırmayıb gülə-gülə dedi:
- Yox, nənə, onunla oyun oynayırsan!
Nənə:
- Baxım, nə oyundu elə? Gözlərinizi zilləmisiz ona, çəkmirsiz.
Sara:
- Mən oyunun vacib yerindəyəm, uduzacam. Əlidəki planşetə bax!
Əli :
- Yox mənə dəyməyin, Osmandakı planşet böyükdü, nənə onda yaxşı görər.
Osman:
- Nə yaxşı bir şey olan kimi Osman, Osman. Mən dostumla yazışıram, vaxtım yoxdu! Nənə, incimə, bir azdan gələrsən.
Nənə yenə Əlinin yanına qayıdıb gözlərini planşetə zillədi.
Əli:
- Bax nənə, amma mane olma!
Nənə yavaşca soruşdu:
- O adamlar niyə yıxıldı?
Əli:
- Nənə, dedim mane olma, az qalmışdım uduzum!
Nənə:
- Bağışla başına dönüm, bilmədim.
Əli:
- Görürsən, hamısı öldü!
Nənə:
- Allah sən saxla! Niyə a başına dönüm? Naxoşuydular?
Nənə belə deyəndə yenə hamı güldü.
Əli:
- Mən öldürdüm!
- Sən adam öldürdün? – Burda nənə qəhərləndi. - Mənim nəvəm adam öldürdü. – Deyib zülüm-zülüm ağlamağa başladı.
Bu yerdə uşaqlar planşetlərini yerə qoyub o qədər güldülər, o qədər güldülər. Nənə pərt oldu.
Nənə:
- Düz deyirəm də, adam da adam öldürər? Nə olsun ki, cansızdır. Adamdır ki…
Sara:
- Ay nənə, bu oyundur, doğruçu öldürmürük ki…
Nənə:
- Fərqi nədir yalançı, ya doğruçu, adam öldürmək elə adam öldürməkdi!
Sara Osmanı köməyə çağırdı:
- Osman, nənənin suallarına sən cavab ver, mənim cəmi ikicə “canım” qalıb. Onu da itirsəm, uduzuram!

Bu dəfə nənə Saranın başı üstündə dayanıb soruşdu:
Nənə:
- Sən neyləyirsən ki? Sən də adam öldürürsən?
- Yox, mən üçbaşlı əjdaha ilə yarışıram. Onun başını kəsməliyəm ki, bir başın yerinə üç baş olmasın!
Nənə:
- Neyləyib sənə əjdaha?
Sara:
- Quyudan su çəkib içməliyəm! O da quyunun başında yatıb!
Nənə:
- Su çək görüm!
Sara gözlərini narazı-narazı süzdürüb nənə deyəni elədi. Quyudan su çəkib içdi. (Yəni oyunda şahzadə vardı. Bütün bunları o edirdi). Əjdaha daş kimi yatmışdı.
Nənə sevindi:
- Gördün, heç əjdahanın başını kəsməyə ehtiyac qalmadı.
Sara:
- Nənə, sən qocalmısan, oyunun qaydasını bilmirsən! Gördün, uduzdum. Əjdaha məni uddu!
Nənə pərt oldu:
- Necə uddu? Qarşımda sappasağ dayanmısan, deyirsən əjdaha məni uddu!
Sara planşeti hikkə ilə söndürüb həyətə çıxdı. Çıxanda dedi:
Sara:
- Gedim həyətdə oynayım, burda sən mane olursan!
Nənə:
- Bıy, başına dönüm, mən neylədim?
Əli:
- Nənə, sən bilmirsən, oyunun qaydası belədir. Şahzadə istədiyi vaxt gedib sakitcə su içsə, onda oyun maraqsız olar. Amma hər dəfə su içəndə əjdahanın bir başını kəsəndə, sənə 10 xal verilir.
Bunu eşidəndə nənə başını tutub deyindi:
Nənə:
- Bunun nəyi maraqlıdır ?
Osman planşetini nənəyə uzadıb dedi:
Osman:
- Nənə, çox maraqlıdır, istəyirsən gəl, sən də oyna!
Nənə:
- Bunlar vəhşi oyunlardır, uşaqlar üçün belə oyunları ancaq qara qüvvələr düzəldə bilər ki, vəhşiləşsinlər, adamlıqdan çıxsınlar. Mən elə şey oynaya bilmərəm!
Osman:
- Asandır, öyrədərəm, oynayarsan!
Osman nənəyə oyun oynamaq öyrətdi. Nənə əvvəl-əvvəl oyunlara görə uşaqları danlasa da, bir azdan sonra öyrəşdi, oyundan əl çəkmədi. Nahar vaxtı uşaqlar dedi:

- Nənə, acmışıq, nə yeyək?
- Aman, qoca başım qarışıb oyun oynamağa, yemək bişirməyi unutmuşam!
Nənə tez təndir saldı, uşaqlara yağlı fətir bişirdi. Ayran düzəltdi, nəvələrinə sərin ayran içirtdi. Uşaqlar ləzzətlə fətirdən yedilər, tez qaçdılar oyun oynamağa. Yenə də unutdular, nənəyə heç “sağ ol!” da demədilər.
Vaxt gəldi, məktəb vaxtı çatdı, uşaqlar yığışdı, şəhərə getdi. Yolun ortasında Sara dedi:
- Vay, unutdum, planşetimi kənddə qoydum.
Osman:
- Sən huşsuzsan, hər şey yadından çıxır.
Əli güya Saranı müdafiə etdi.
Əli:
- Sən də huşsuzsan da, Çox vaxt dərsdən gələndə nəyinsə qalır məktəbdə.
Osman:
- Sən planşetdə o qədər qalırsan ki, əsəbi olmusan, böyük qardaşınla necə danışırsan?
Əli:
- Lap yaxşı danışıram, mən nə dedim ki…
Osman:
- Qoy çataq, ata-anaya deyəcəyəm ki, Əli kənddə bütün günü planşetdəydi!
Əli:
- Bilməmişdik, Bəs sən özün hardaydın?. Neçə dəfə dedim gedək meşəyə, getmədin. Bütün günü planşetdə oyun oynadın!
Sürücü – Qulu əmi dözməyib dedi:

- Qurtarın, nə qədər mübahisə eləmək olar. Maşın sürə bilmirəm! Mane olursuz.
Sara axşam planşeti həyətdə unutmuş, gecə planşetin üstünə yağış yağmışdı. Xarab olduğundan Sara bikef oldu, hətta ağladı da. Şəhərə gedəndə isə yadından çıxartdı, planşetini kənddə qoydu.
Bir neçə gündən sonra nənə yenə nəvələri üçün darıxmağa başladı. Planşeti əlinə alıb nəvələrini yadına saldı. Xarab olsa da, onu atmadı. Tozunu siləndə birdən planşet açıldı. Nənə sevindi.
O gündən nənə hər darıxanda planşetdə oyun oynamağa başladı. Aradan neçə ay keçdi.
Uşaqlar bu dəfə tətilə gələndə az qala nənəni tanımadılar. Nənə qoşa hörüklərini kəsdirmişdi. Onun rəngi saralmış, səsi kobudlaşmışdı.
Osman:
- Nənə, nə olub sənə, rəngin niyə saralıb?
Nənə:
- Bala, evdən bayıra çıxmıram, yəqin ondandır.
Sara:
- Nənə, iki dənə uzun hörüyün vardı, onlar hanı?
Nənə:
- Bala, vaxtım var ki, saç hörəm?! Kəsmişəm!
Əli:
- İşə düzəlmisən, nənə?
Nənə:
- Yox , a bala, planşet məni elə avara qoyur, bir işimi çatdıra bilmirəm. Bütün günü oyun oynamaqdan az qala kor olmuşam. Başım da ağrı tapıb!
Uşaqlar elə bildi nənə zarafat edir, güldülər. Amma sonra fikir verdilər ki, nənənin xasiyyəti də dəyişib, kobudlaşıb. Elə bil uşaqlara məhəbbəti də azalıb. Daha o, əvvəlki kimi nəvələrinə tez-tez “can, qurban olum”, demirdi. Hətta ev-eşiyi də toz- torpaq basmışdı.

Sara:
- Ay nənə, ev niyə bu gündədi?
Nənə:
- Nə olub ki evə?
Sara:
- Evdə toratanlar, hörümçəklər adamın başına dəyir.
Uşaqlar baxdı ki, mətbəx bulaşıqlı qablarla doludur, məətəəl qaldılar.
Osman dedi:
- Yol gəlib acmışıq, nənə, nə var yeməyə?
Nənə:
- Baxın, görün, yumurtadan-zaddan tapın, bişirin yeyin, mənim vaxtım yoxdur.
- Necə? – Deyə uşaqlar təəccüblə bir-birlərinə baxdı.
Əli:
- Biz ocaq yandıra bilmirik!
Nənə:
- Əjdaha öldürə bilirsiz, ocaq yandıra bilmirsiz?
Sara:
- Nənə, nə olub sənə, elə bil sən əvvəlki nənə deyilsən!
Nənə həmin günü çox vaxt planşetlə oyun oynadı. Söz soruşana səbrsiz cavab verdi, kobud danışıb uşaqlara qışqırdı. Uşaqlar nə dedilər, nənə onlarla höcətləşdi. Axırda uşaqlar küsüb, ac yatdılar. Gecə Ayşən oyanıb gördü nənə yenə oyun oynayır. Özü də elə həyəcanlıdır, elə bil uduzsa, aləm dağılacaq:
Sara:
- Nənə, su hardadır, Əli su içmək istəyir!
Nənə:
- Bilmirəm, mətbəxə bax gör, su qalıb?
Sara bütün qablara baxdı, su tapmadı ki balaca qardaşına versin. Qayıdıb nənədən su istədi. Nənə deyinə-deyinə gedib ona bulaşıq stəkanda, bulanıq su gətirdi.

Sara:
- Bu bulaşıqlı suyu Əliyə verə bilmərəm.
Nənə:
- Başqa su yoxdu, get bulağa, özün gətir!
Sara:
- Bu qaranlıqda?
Nənə:
- Getmək istəmirsən, bulanıq su için, mən də gedə bilmərəm. tək canım qalıb, oyunu yarımçıq saxlaya bilmərəm. Saxlasam, o canım da gedəcək.
Sara:
- Nə danışırsan, nənə, heç belə nənə olar? Gecə ilə bizi göndərirsən bulağa. Elə bilirsən getmərəm?
Sara hirslə gedib Osmanı yuxudan oyatdi:
Sara:
- Osman, dur gedək bulaqdan su gətirək!
Osman yuxulu səslə:
- Nə danışırsan, gecə ilə mən heç yerə gedən deyiləm, yuxum gəlir, nənə getsin!
Sara:
- Əli, dur səninlə gedək, əlacımz nədir?
Əli:
- Mən getmək istəmirəm!
- Sara:
- Mən də tək gedə bilmərəm. Sən necə qıyarsan mən tək gedim meşədən sənə su gətirim?
- Əli:
- Yaxşı, bezdirmisiz məni. Bütün işləri mənə deyirsiz.
Əli deyinə-deyinə durub geyindi.
Sara, Əli su qabını götürüb cığırla meşə yoluna çıxdılar. Qaranlıqda bulağa – su gətirməyə getdilər.
Nənə onların arxasınca qışqırıb zarafat elədi:
Nənə:
- Bulaq başında üçbaşlı əjdaha oturub, bir başını kəssən, su içə bilməyəcəksən. gərək üçünü də kəsəsən, – deyib qəhqəhə çəkib güldü. Onun zarafatından heç kəsin xoşu gəlmədi.

Meşədə İşıldaböcək şən-şən oxuyurdu. Çox qaranlıq deyildi deyə, uşaqlar qorxmadı. Amma nənənin dəyişməsindən uşaqlar çox pis olmuşdular. Sara özünü saxlaya bilməyib ağladı.
Su doldurub, evə qayıtmaq istəyirdilər, hər tərəfi qaranlıq bürüdü. Uşaqlar səhəngi yerə qoydular, çünki yol görünmürdü. Gözlədilər yol bir az işıqlansın.
- Görəsən niyə belə qaranlıq oldu? – Əli soruşdu.
Sara:
- Bilmirəm!
- Mən bilirəm! – Yerdən səs gəldi.
- Kimsən? – Uşaqlar qorxudan bir-birilərini qucaqladılar.
- İşıldaböcək!
Sara:
- Belə ad olar? “İşıldaböcək”.
Böcək:
- Mən böcəyəm. Hamı məni tanıyır, siz nə əcəb tanımırsız?
Əli qorxa-qorxa dedi:
- Tanıyırıq, amma İşıldaböcək işıq salır, sənin isə işığın yoxdur.
Böcək:
- Mənim işığımı sənin bacın söndürdü.
- Mən söndürdüm? Necə söndürdüm? – Sara soruşdu.
Böcək:
- Göz yaşın düşdü üstümə, söndüm!
Sara:
- Bağışla! Hardasan, gəl səni qurulayım!
Sara yerə oturdu, İşıldaböcək onun qucağına hoppandı. Sara, qaranlıqda görə bilməsə də, əlini sürtə-sürtə böcəyi əlinə götürdü. Paltarı ilə onu quruladı. Ətraf yenə işıqlandı. Uşaqlar sevindi.
Sara :
- Ay, nə yaxşı oldu!
Əli:
- Nə yaxşı oldu…
Böcək:
- Deyin, gecə vaxtı meşədə nə gəzirsiz?
Uşaqlar başlarına gələnləri böcəyə nəql eləyəndə İşıldaböcək onları sakitləşdirdi:
Böcək:
- Gəlin gedək, yolunuza işıq salım, yolda da sizə deyim ki, nənəyə nə olub!
Sara:
- Nə olub nənəyə?

Böcək:
- Eşidin, bilin! Bütün bunlar qara qüvvələrin işidir. Nənə də, siz də qara qüvvələrin tilsiminə düşmüsüz. Ona görə tilsimli oyunlardan can qurtara bilmirsiz. Sizi tilsimdən qurtarmaq lazımdır.
Sara:
- Necə?
Böcək:
- Bunun yolu çox asandır. Amma gərək Qara qüvvələrlə heç vaxt əlaqədə olmayasız.
Əli:
- Necə əlaqədəyik ki?
Böcək:
- Əvvəla məni qoyun su qabının üstünə, su sehrlənəcək. O sudan içsəz, yalnız onda tilsimdən qurtularsız! Sizi oyunlar qara qüvvələrlə yaxınlaşdırır. Onlardan uzaqlaşmaq mümkündür. Oyunları hər yerdən silib təmizləsəz, onlarla əlaqə kəsilər, qara qüvvələr sizi axtarsa da, tapmaz.
Uşaqlar İşıldaböcəyə minnətdarlıq bildirib, ondan ayrıldılar. Sonra onun dediyini elədilər. Hamı bulaq suyu içəndən sonra tilsim sındı.
Planşetdən vəhşi oyunlar itdi, getdi. Nənə bulaq suyu içən kimi nəvələrini qucaqlayıb ağladı:
- Mən ola-ola siz niyə qaranlıqda meşəyə - bulaq başına gedirsiz?
O yenə də əvvəlki kimi “can-can” deyə-deyə nəvələrini öpən, əzizləyən nənə oldu. Osman, Əli, Sara çox sevindilər.
Nağılımız nağıl idi, şirinləşdi, oldu noğul. Göydən dolu yerinə noğul yağdı. Uşaqlar noğulları yerə düşməyə qoymayıb göydə tutub, yedilər. Yedilər, arzu-muradlarına yetdilər. Nağılı düzüb-qoşan Gülzar nənəyə də Allahdan uzun ömür dilədilər. 
Nağılçı: Gülzar İbrahimova