Tərs siçan

 (hekayə)

Məti ilə Çəti adlı bacı-qardaş var idi. Bu siçan bacı-qardaşlar bir-birlərini çox istəyirdilər, amma tez-tez küsüşürdülər. Ən çox günah Çətidə olurdu. Kiçik olsa da, bacısını eşitmək istəmir, onu tez-tez hirsləndirirdi:
-    Çəti, evə çəkmə ilə gəlmə, ana döşəməni təzəcə silib!
-    Evə girəndə baxdım, altı tərtəmizdir.
-    Çəti mənim kitabımı sən götürüb yazmısan?
-    Şəkil çəkirdim!
-    Deməmişəm mənim kitabımda şəkil çəkmə? Kitab məgər dəftər, albomdur, onu yazasan?
-    Çox deyingən və pis bacısan! – deyib bacısını hirsləndirirdi.   

Necə oldu ki, Çəti ağıllandı... 
 Dəcəl Çəti hər yanda dəcəllik edir, hamını incidirdi. Məktəbə gedir, müəllimini, evdə qalır bacısını incidirdi. Ona nə deyirdin, tərsini edirdi.  
Bu il qış çox maraqlı keçirdi. Yəni, tez-tez qar yağırdı. Balacalar hər gün qartopu oynamağa çıxır, xizəklə sürüşürdülər. Həyətdə böyük bir göl vardı. Şaxtalar təzə düşdüyündən üstü buz bağlasa da hələ tam donub bərkiməmişdi. Donan kimi balacalar onun üstündə konki sürür, sürüşürdülər. Atası da Çəti ilə Mətiyə konki almışdı ki, buz gölün üstündə sürsünlər.
Bir gün bacı-qardaş xizək sürmək üçün həyətə çıxdılar. Bir az sürmüşdülər, Çəti buz bağlamış gölü görüb sevindi:    
-    Mən buzda təzə konkilərimi sürmək istəyirəm
-    O hələ tam donmayıb! Olmaz sürüşmək! – Deyə bacısı Məti onu nə qədər başa salsa da, Çəti tərsliyindən dönmədi. Qaçıb tez xizəyini çıxarıb evə qoydu, konkilərini  gətirib geyindi. Gölün ətrafı dolu idi balacalarla. Çəti özünü  onlara göstərmək üçün tullandı buzun üstünə. Buz elə bölündü, Çəti düz düşdü gölə qışqırdı:
-    Kömək edin!..
Məti də ona səs verdi:
-    Kömək edin, qardaşım böğulur!
Hamı köməkləşib Çətini sudan çıxartdılar. Soyuqdan Çətinin dişləri bir-birinə dəyib şaqqıldayırdı. O titrəyə-titrəyə bacısının əlini üzünə aparıb dedi:
-    Bacbağ, bacbağğğğ, bacbağğğğğğ...
Ətrafdakılar soruşdu:
-    Bacbağ nədir? Çəti nə demək istəyir?
Məti çiyinlərini çəkdi ki, yəni, “bilmirəm”. Heç kəs başa düşmədi, Çəti nə demək istəyir. Onu evə apardılar, isitdilər, özünə gəldi, dili açıldı. Başa düşdülər ki, Çəti belə deyirmiş:  “Bacı bağışla, mən daha tərs olmaram! 

 

     Müəllif: Gülzar İbrahimova