Nəyimə gərəkdir oxumaq?


(hekayə)
                 
 Tikintidə fəhlə işləyən cavan oğlan yorğun-yorğun işdən qayıdırdı. Dolu avtobusda birtəhər özünə yer tapıb durdu. Birdən sürücü avtobusu elə qəfil saxladı ki, ayaq üstə duranlar bir-birilərinə dəydi. Səs-küy qopdu. Bu vaxt oğlanın yanında dayanmış qız onun yaxasından yapışıb çığırdı:
 - Tez elə, telefonumla pulumu qaytar!
 - Nə telefon, nə pul?
 - Çantamdan götürdüklərini! Tez qaytar, polis çağıraram! 
Nə isə... 
   Oğlan nə qədər and-aman elədisə də, ona inanmayıb polis məntəqəsinə apardılar. İş uzandı. Qız avtobusda dediklərini burda da təkrar elədi:
 - Oğrular üç nəfərdi. Özlərini şübhəli aparırdılar. Tez çantamı yoxlayanda onlardan ikisi düşüb qaçdı, biri qaldı. Baxdım ki, telefonum, bir də yanındakı yüz manat yoxdur.
   Oğlanın günahsızlığına inanmadılar. İş məhkəməyə düşdü. Hamı oğlanın üzünə dururdu. Oğlan bu işə məəttəl qalmışdı. "Yəqin ki, heç nə sübut eləyə bilməsəm məni tutacaqlar!" − Deyə, oğlan ürəyində qorxu hissi fikirləşdi.
   Durduğu yerdə işə düşmüşdü. Nişanlısı eşidəndə ona nə deyəcəkdi. Bəlkə elə o da o birilər kimi ona inanmayacaqdı.
   Yaxşı ki hakim işə baxıb ədalətli qərar çıxartdı. Yoxsa oğlan lap biabır olacaqdı. Onu elə məhkəmə zalından azad elədilər. 
   Oğlan isə, getmək əvəzinə bir xeyli dayanıb hakimə baxdı. Yaddaşı onu məktəb illərinə apardı. O da hakim olmağı arzulayırdı. Peşmançılıqla pıçıldadı:
- Kaş məktəb illərində vaxtımın qədrini biləydim. Dərslərdən qaçmazdım, az yatardım, məhəllə uşaqları ilə az veyillənərdim, futbola, kinolara az baxardım, kompyüterdə az oyun oynayardım... 
   Sən demə, başqasına yox, özümə pislik eləmişəm. O vaxt oxusaydım, indi mən də o hakimin yerində ola bilərdim. Kaş o vaxt deməzdim, "Nəyimə gərəkdir oxumaq?!"   
  İdmançını hava limanında qarşıladılar. Güllə, çiçəklə, alqışlarla, məhəbbətlə. Başına o qədər azarkeş toplanmışdı ki... İdmançının sevincdən gözləri yaşarmış, özünü ağlamaqdan güclə saxlayırdı. O, çox xoşbəxt idi. 
   Bu, bir neçə il davam elədi. Bir gün yarış vaxtı idmançı yıxıldı, qolu sındı. O daha yarışlara gedə bilmədi, komandaya, vətəninə şöhrət gətirə bilmədi. Ali təhsili olmadığından məşqçi də işləyə bilmədi. Çünki şöhrət qazandığı vaxtlarda ona oxumaq təklif eləyəndə demişdi, "Nəyimə lazımdır oxumaq?!" Bu, onun uşaqlıqdan xoşladığı kəlmə idi. Amma indi evdə işsiz olduğu vaxt işə həvəslə gedənlərə həsrətlə baxır, onlara həsəd aparırdı. Fikirləşirdi: Kaş onda deməyəydim, "Nəyimə lazımdır oxumaq?!"

  Balıqçı yenə səhər tezdən səhərin gözü açılmamış balıq tutmağa yollandı. Hava soyuq idi. Şaxta balıqçının sümüklərinə işləyirdi.
   Birdən isti külək əsməyə başladı. Balıqçı şübhələndi. Bu soyuqda isti küləyin əsməyi yaxşı əlamət deyildi. Bu, tufan başlayacağına işarə idi. Tərslikdən də bu gün balıqçının yoldaşı xəstələnmiş, o, balıq tutmağa tək gəlməli olmuşdu. Balıqçı mobil telefonla yoldaşına zəng elədi. "Deyəsən tufan başlayır, dənizdəyəm, dalğıc dostlarımıza xəbər elə, qoy işlərini bilsinlər. Mən tez qayıdıram!" Dostu nə lazımdırsa elədi. 
   Onlar sahilə çatanda tufan bərkimiş, amma nə qayıq, nə də balıqçı görünürdü. Ona zəng də çatmırdı. İki yoldaş hər dəfə balıq tutanda sahildən çox da uzaqlaşmırdılar. Buna görə də köməyə gələnlər diqqətlə dənizə baxdılar, amma tufana qarışmış dumanın əlindən heç nə görünmürdü.
   Balıqçı yoldaşına zəng edəndən sonra qurduğu toru yoxladı. Torun boşluğunu hiss eləsə də qərara aldı ki, toru yığsın. Qəfildən tufan toru onun əlindən necə aldısa, balıqçı müvazinətini itirib suya düşdü.
   Balıqçı yaxşı üzə bilsə də dalğalar ona aman vermir, əl- qol atmağa qoymurdu. O, özünü suyun üstündə saxlamağa can atır, özünü boğulmaqdan qoruyurdu. Amma belə bir dəhşətdə çox qalmaq qeyri-mümkün idi.
   Xəstəxanaya bir balıqçı gətirdilər. "Yol verin, balıqçıdır, dənizdə boğulub." − Deyə, həkim və tibb bacısı xərəyi sürətlə sürüb reanimasiya şöbəsinə çatmağa tələsirdilər.  
   Bütün bunları qulaqları eşidən balıqçı belə tez ölmək istəmirdi. Yaxşı ki, balıqçının dalğıc dostları özlərini vaxtında çatdıra bilmişdilər. Həkimin səyi nəticəsində balıqçı ölüm yatağından uzaqlaşdı. 
   Faciənin acısını yaşayanda ilk əvvəl balıqçının yadına düşən uşaqlıq illəri oldu. O böyüyüb həkim olmaq istəyirdi. Amma o vaxt onun tez-tez işlətdiyi bir kəlmə yadına düşdü: Nəyimə gərəkdir oxumaq?!". O çoxdan bu kəlmələrə nifrət edirdi. Amma indi o sözlərə nifrəti daha da çoxaldı. Əlbəttə, o vaxt oxusaydı, valideynlərinin, müəllimlərinin dediyini eşitsəydi, sevdiyi işdə işləyər, bir qarın yeməkdən ötrü indi ölüm yatağına düşməzdi. 
  Müğənni gur, məlahətli səsi ilə ürəkləri fəth edir. O qədər şöhrətlənir ki, ulduza çevrilir. Pərəstişkarları ona heç yerdə rahatlıq vermirlər. Yolda, konsertdə ətrafına toplaşıb onunla şəkil çəkdirmək istəyi bildirir, avtoqraf almağa çalışırlar. Ulduza çevrilmiş müğənni onlardan gizlənməyə çalışır. 
   Günlər keçir, bir gün müğənninin şah-şöhrətinin sonu çatır. Konsertin ortasında səsi tutulur, nə qədər çalışır, oxuya bilmir. Tamaşaçılar yavaş-yavaş konsert zalını tərk edirlər. Müğənni bu stresi yaşasa da öz səsinə arxayın olub bir gün səsinin açılacağına güman edir. Amma müğənninin səsi açılmaq bilmir. Zaman keçir, onun ətrafındakılar yavaş-yavaş ondan uzaqlaşırlar. Camaat da əvvəlki kimi fonoqram konsertlərə üstünlük vermir deyə, müğənninin şöhrətli günlərinə, gəlirli "şou-biznesinə" son qoyulur. Həyatının rəngarəng, dəbdəbəli anları qurtarır, qəmli-qüssəli anları başlayır. Əlində başqa sənəti olmadığından heç bir işə əl qoya bilmir, heç bir sahədən başı çıxmır. Müğənnilikdən də dərs deyə bilmir, çünki, nəinki ali təhsili, heç orta təhsili də yoxdur.    
   Hələ məktəbdə oxuyanda məktəb konsertlərində çıxış edəndə bədii rəhbəri onu həm tərifləyər, həm də danlayardı: "Çox gözəl səsin var, necə ki gözəl oxuyursan, dərslərini də elə oxusaydın, tayın-bərabərin olmazdı!". "Mən müğənni olcağam, nəyimə gərəkdir oxumaq?!" − Deyərdi məktəbin sevimli, ərköyün şagirdi. "Oxumaq hər kəsə gərəkdir!" − Bədii rəhbəri məktəblini başa salsa da, o eşitmək istəmirdi. 
   Müğənni son vaxtlar − səsi tutulandan sonra bu sözləri daha tez-tez yadına salırdı, amma nə faydası... Sonrakı peşmançılıq fayda verməz!  
    Səliqə və zövqlə geyinmiş mühəndis çəkməsilənə yaxınlaşanda çəkməsilənin ürəyi sevinclə döyünməyə başladı. "O yenə gəldi!" − Sevinclə ürəyində təkrarladı. 
   Mühəndis səliqə ilə geyinsə də, onun ayaqqabıları toz və palçıq içərisindədir. O, "Salam!" verir və çəkməsini sildirmək üçün bir ayağını qaldırıb ayaqqabı təmizlənən stula qoyur. Çəkməsilən mühəndisin salamını alandan sonra dəri parçanı götürüb əvvəl palçığı təmizləyir, sonra isə onu parıldatmaq üçün xüsusi dəri yağı ilə silir. O vaxta qədər silir ki, çəkmələr par-par parıldayır. 
   Mühəndis razı halda stula bir manat qoyub gedir. Çəkməsilən manatı götürüb cibinə qoyur, həsrət və həsədlə tikinti mühəndisinin arxasınca baxır. Bir xeyli baxandan sonra mühəndis gözdən itir.   
   Çəkməsilən dərindən bir "ah" çəkir. Axı o da bir vaxt, yəni uşaqlıqda tikinti mühəndisi olmağı arzulayıb. Amma o vaxt beynində fırlanan "Nəyimə gərəkdir oxumaq?!" sözləri arzusunun həyata keçməsinə mane olub. 
   Çəkməçi bütün bunları yadına salıb acı-acı güldü. Yaşadığı günə, özü-öz həyatına güldü. İstehza ilə uşaq vaxtı tez-tez təkrar elədiyi sözləri təkrarladı: "Nəyimə gərəkdir oxumaq?!". Yoldan keçən məktəb uşaqları bu sözləri eşidib təəccüblə çəkməsilənə baxdılar. Yəqin ki, fikirləşdilər ki, dəlidir, öz-özünə danışır. 
   Çəkməsilən elə bil onların ürəyini oxudu:
-  Yox, mən dəli deyiləm, sadəcə sizin yaşda ağılsız olmuşam, oxumaqdan qaçmışam, "Nəyimə gərəkdir oxumaq?!" − Demişəm... İndi ağıllansam da, çox gec ağıllanmışam, amma çox gecdir, çox gec!

 

           Müəllif: Gülzar İbrahimova