Gözəllik çiçəyinin sirri
(nağıl)
Trollar hardan və necə yaranıb? Bəziləri deyir, onlar vəhşi heyvandırlar, bəziləri deyir, insandırlar, amma vəhşidirlər. Bəziləri trolların yaxşı, bəziləri isə pis olduqlarını söyləyir. Əsl həqiqət isə sirr olaraq qalır.
Trollar haqqında çox hekayət, rəvayət var. Axırıncısı budur.
Qədim zamanlarda Trollandiya adlı bir ölkə varmış. Ölkənin rəhbəri Kral Maqnus çox yaxşı başçı imiş. Camaatın qayğısına qalar, ölkəsini ədalətlə idarə edərmiş.
Camaatı da krala itaət edər, onu sevərmiş.
Amma Kralın böyük dərdi var idi. O, eynini açmaq üçün hərdən Helin gölünün sahilinə gələr, bir yerdə oturub başını əllərinin arasına alardı.
Qaz otaran Hovard qazları otarmağa gətirəndə Kral qazları tumarlaya-tumarlaya Hovardla dərdləşərdi. Onların hər ikisinin dərdi eyni idi. Uzun illərdi övladları olmurdu.
Bu dərd Kral Maqnusa əzab verirdi. Onun taxtının davamçısı olmayacaqdı. Dərdinə heç yerdən çarə tapılmırdı.
Hovardın atası da, babası da Kral ailəsinin qazotaranı olmuşdu. Kral hər dəfə onunla öz ata-anasından, keçmişdən söhbət edəndə elə bil dərdi bir az yüngülləşirdi.
Hovard qəfildən yoxa çıxır
Bu gün də belə oldu. Kral Hovardla söhbət etdi. O, gedəndən sonra Hovard qazları gölə buraxdı ki, çimsinlər. Günəşin istisi xoşuna gəldi. Kral ilə söhbətdən sonra onun həmişə əhvalı yaxşı olardı. Ağac kölgəsində uzanar, dincələrdi, qazlar da göldə üzərdilər. Bu gün qəflətən başqa bir hadisə baş verdi. Hovard necə oldusa, yoxa çıxdı.
Həmin gün hamı Hovarddan danışdı:
– Xəbəriniz var, Hovard yoxa çıxıb!
– Necə? Hansı Hovard? Qəsrdə işləyən, qazotaran Hovard?
– Hə, hə...
– Aman Tanrım! Görəsən ona nə olub?
– Gözəl insan idi.
– Yazıq...
– Hovardın yoxluğuna Siva necə dözəcək. Ərini çox sevirdi.
Artıq neçə gün idi ki, hamı Hovarddan danışırdı. O, yaxşı insan idi deyə, yoxluğu hamını kədərləndirdi. Hovardı nə qədər axtarsalar da, tapa bilmədilər.
Ən çox kədərlənən Siva idi. Hovard hər axşam evə kiçik də olsa gül dəstəsi gətirər, sevimli arvadını qucaqlayar, ona gül verərdi.
İndi Hovardın axırıncı dəfə gətirdiyi çiçəklər solur, Sivanın onları atmağa əli gəlmirdi. Güllər Hovarddan yadigar idi. Siva gözünü yoldan çəkmir, sevimli ərinin bir gün qayıdacağına inanırdı.
Bir müddətdən sonra Siva hamilə olduğunu başa düşdü. İndi Hovardın yoxa çıxması ona daha çox təsir etdi. İllərlə övlad arzusunda olmasına baxmayaraq, indiki halı onu sevindirmədi: “Aman Tanrım, Hovard körpəmizin yolunu necə həsrətlə gözləyirdi. Arzusu ürəyində qaldı”, – deyib, göz yaşı tökdü. O, körpəni tək necə böyüdəcəkdi?
Sivaya dedilər:
– Darıxma, Siva, Tanrı bu uşağı sənə Hovarddan yadigar verib. Oğlun olsa, Hovardın adını qoyarsan.
Bu sözlər, az da olsa, Sivaya təsəlli verdi.
Hovard qocaya sirr açır
Hara yoxa çıxmışdı Hovard? Niyə yoxa çıxmışdı? Səbirli ol, biləcəksən...
Artıq neçə vaxt idi, Hovard bir adaya gəlmiş, orda tənha yaşayırdı. Hər gün balıq ovlayıb yeyirdi. Dünən fırtına olmuşdu, dəniz çalxalandığına görə Hovard balıq tuta bilməmişdi. Yeməyə heç nəyi yox idi. Acından əməlli-başlı sancılanmışdı. Nəhayət, axşama yaxın balaca bir balıq tutdu. Ocaq yandırıb onu bişirdi.
Təzəcə yemək istəyirdi ki, uzaqdan əli əsalı qoca bir yolçunun ona tərəf gəldiyini gördü. Qoca halsız yeriyirdi.
– Ata, gəl yemək ye.
– Sağ ol, baxıram süfrəndə balaca balıq var, özün ye.
– Mən yeyib doymuşam, sən ye! – Hovard qocanın balığı rahat yeməsi üçün yalan dedi. Arıq, çəlimsiz qocaya rəhmi gəldi.
Qoca balığı ləzzətlə yeyə-yeyə soruşdu:
– Danış görüm, tək-tənha buralarda nə edirsən?
– Burda yaşayıram.
– Gecənin soyuğunda harda gecələyirsən?
– Burda, mağarada.
– Yəqin, bu kimsəsiz adada tək-tənha yaşamağının səbəbi var. Yaxınların, doğmaların yoxdur?
Qoca belə deyəndə Hovardın gözləri doldu:
– Var. Canımdan da çox sevdiyim arvadım var.
– Niyə sizi ayırıblar?
– Bizi heç kəs ayırmayıb.
– Sirr deyilsə, danış, mən də bilim nə baş verdiyini...
– Qoca, söz ver ki, indi eşitdiklərini heç kəsə deməyəcəksən, bir sirr kimi aramızda qalacaq, başıma gələni danışım.
Qoca söz verdi:
– And içirəm, sənin sirrini heç kəsə açmayacağam!
Hovard danışmağa başladı:
– Mən də, atam da, babam da, hamımız Kral qəsrində işləmişik, Krala xidmət etmişik. Ya bağbanlıq, ya mehtərlik etmişik, ya da qazlara, ördəklərə baxmışıq. Neçə nəsildir ki, krallarımız həmişə yaxşı olub, xalq onları sevib. Elə indiki Kral Maqnus da gözəl rəhbərdir. Özü də mənə, sadiqliyimə inanır. Gözəl arvadım vardı. Onu çox sevirdim. Övladımız olmasa da, xoşbəxt yaşayırdıq. Ümid edirdik bir gün övladımız da olar.
Bir gün qazları gölə aparanda gördüm gölə başqa bir qaz uçub gəldi. O, çox gözəl idi. Qızılı rəngə çalırdı. Onu tumarladım. Hürküb qaçmadı, əksinə, yaxınlaşıb o biri qazlara qarışdı. Neçə gün onlarla hərləndi.
Bir gün mən qazları gölə gətirəndə həmin Qızılı qaz qanad çalıb havaya qalxdı, bütün qazlar da ona qoşuldu. Məəttəl qaldım. Bizim qazlar heç vaxt uçmazdı.
Əvvəl sevindim ki, onlar uça bilir, amma uzaqlaşanda qorxdum. Nə qədər tütək çaldım, qayıtmadılar. Dəhşətə gəldim. Qəsrə qayıda bilməzdim. Necə qayıdaydım? Kral Maqnusun üzünə necə baxardım? Camaat haqqımda nə düşünərdi? Mənə oğru kimi baxardılar. Ona görə üz tutub bura gəldim.
Qoca təəssüflə dedi:
– Kədərli hadisədir. Amma səndə elə bir günah görmürəm ki, özünə bu qədər əziyyət verirsən. Bəlkə geri, evinə dönəsən. Kral sənə inanar. Axı qazların yoxa çıxmağında sənin heç bir təqsirin yoxdur. Mağara soyuq olur. Gecə buz kimi mağarada yatma. Sətəlcəm olub ölərsən, sevimli arvadını bir də görməzsən.
Hovard doluxsundu:
– Kral mənə inanmasa, bütün nəslimizin adına “oğru” ləkəsi gətirərəm. “Oğru” adına nifrət edirəm. Bir gündə kralın neçə yüz qazını itirmişəm. Günahkaram. Bircə dəfə mənə “qaz oğrusu” desələr, xəcalətimdən yerə girərəm.
– Səni başa düşürəm. Amma arvadını da fikirləş. Gör indi o necə əzab çəkir, – qoca belə deyəndə Hovardın dolmuş gözlərindən yaş axdı.
– Elədir, amma qayıtmaram, – deyib dərindən “ah” çəkdi, gözlərini sildi.
Bir an hər ikisi susdu. Birdən Hovard dedi:
– Mən danışdım. İndi sən de görüm, bu yaşda səndələyə-səndələyə, əl ağacına söykənə-söykənə hara gedirsən?
Bu dəfə qoca dərdini danışmağa başladı.
Qocanın qəribə dərdi
– Mən cavan ikən güclü pəhləvan olmuşam. Adım gələndə pəhləvanlar əsim-əsim əsiblər. Ən güclü pəhləvanı bir yumruqla yerə sərmişəm. Amma indi elə qocalmışam, dizlərimdə taqət qalmayıb. Uşaq da məni yıxar. Ayaq üstə güclə dururam. Hərdən əsən zəif külək də məni ora-bura itələyir. Cavanlığım yadıma düşəndə ürəyim əsir.
– Bəs indi bu qoca vaxtında hara gedirsən?
– Cavanlığımı axtarmağa gedirəm.
Hovard bunu eşidəndə ürəkdən güldü:
– Güldürdün məni, qoca! Bu vaxta qədər belə şey eşitməmişdim.
Qoca ciddi görkəm alıb ətrafa boylandı, sonra pıçıltı ilə dedi:
– Eşitmişəm bir Qızıl ləçəkli, sağlamlıq gülü var. Onu qoxulayan cavanlaşır, xəstədirsə, sağalır. O gülü axtarıram ki, cavanlaşım, əvvəlki pəhləvan olum.
– Bəlkə, heç elə bir çiçək yoxdur, bu yaşda niyə özünə zülm edirsən? Mən sənin yerində olsaydım, burdan geri dönərdim.
– Qayıtmaram, bilirəm, belə bir çiçək var, onu axtarıb tapacağam. Dünyanın ən varlı adamları, hökmdarları həmişə Qızıl qönçəli çiçəyi axtarıb, amma tapa bilməyib.
– O çiçək harda bitir? – Hovard təəccüblə soruşdu.
– Heç kəs bilmir. Deyirlər, ürəkdən axtarsan, yolunda bütün əziyyətlərə dözsən, mütləq tapacaqsan. Mən də hələ ki dözürəm.
Hovard qocaya qulaq assa da ona inanmadı. “Gül necə sehrli ola bilər”, – deyə düşündü. Qoca isə elə hey güldən, onun sehrindən danışırdı. Sonra yenə pıçıltı ilə Hovarda dedi:
– Yaxşı adama oxşayırsan, istəyirəm sehrli gülün sirrini sənə açım.
Hovard güldü:
– Niyə pıçıldayırsan, burda bizdən başqa heç kəs yoxdur. Sirdirsə, danışmaya bilərsən. Mənim cavanlaşmaq fikrim yoxdur. Şükür Tanrıya, sağlamam. Bir də mən möcüzəyə inanmıram.
– İnan! Məgər kralın qazlarının bir anda uçub yoxa çıxması möcüzə deyil? Əlbəttə, möcüzədir! Eşit! İndi sənə açacağım sirri gərək çox sevdiyin doğma adamından başqa bir kəsə açmayasan.
Qoca belə deyəndə yenə Hovardın gözləri doldu:
– Sənə dedim axı, mənim daha doğmam yoxdur.
– Dünyanın işini bilmək olmaz. Bir də gördün, hər şey dəyişdi, bir axşam doğma ocağında, sevdiyin arvadınla süfrə arxasına oturdun. Bir quş da qondu çiyninə, xoşbəxt anlar yaşadın.
Acından qarnı ağrısa da, qocanın sözləri Hovarda xoş gəldi. Onun xətrinə dəymədi:
– Yaxşı, aç sirrini, eşidirəm səni.
Qoca həvəslə Qızıl çiçəkdən danışmağa başladı.
Cavanlıq çiçəyinin sirri
Qoca dedi:
– Bəlkə bir gün Cavanlıq çiçəyi sənə də qismət oldu. Gülün budağını görən kimi tanıyacaqsan. Qızılı rəngdə olur, günəş kimi bərq vurur. Gülün neçə adı var: “Qızıl çiçək”, “Cavanlıq çiçəyi”, “Gözəllik çiçəyi”...
Qocanın bunları hardan bilməsi Hovarda maraqlı gəldi:
– Gül haqqında sənə kim danışıb?
– Yuxusunu görmüşəm. Nurani bir qoca danışırdı.
Belə deyəndə Hovard özlüyündə əmin oldu ki, qocanın dedikləri tamamilə cəfəngiyatdır.
Qoca Sehrli çiçəkdən çox danışdı. Hovardın isə acından başı gicəllənirdi. İndi onun fikri yalnız balıq tutmaqda idi. Qocanınsa sözünü yarımçıq kəsmək istəmirdi.
Qoca bunu hiss etdi, cibindən sarı, köhnəlmiş vərəq çıxarıb Hovarda verdi və dedi:
– Görürəm, fikrin məndə deyil, daha danışmıram. Amma Qızıl çiçəyin budağı bir gün sənə qismət olsa, onu bu kağıza büküb, qaranlıq yerdə saxlayarsan. Gülün sirrini bu kağızdan da oxuya bilərsən.
Hovard bükülü kağızı aldı. Onu açanda məəttəl qaldı:
– Kağızda heç nə yazılmayıb axı...
– Qızıl çiçəyin budağını əkən kimi kağızda yazı olacaq.
Hovard gülümsəyəndə qoca hirsləndi:
– İnanmırsan! Fikirləşirsən sayıqlayıram? Qocalıb ağlımı itirmişəm?
– Yox, Tanrı eşqinə, danış, qulaq asıram! – Hovard qocanın xətrinə dəyməkdən qorxdu.
– İnan mənə! – qoca dayanmadan gülün sirrini açmağa çalışırdı. – O gül pis adamın əlinə keçməməlidir. Keçsə fəlakət baş verər. Pis və acgöz adamlar bilsə ki, səndə cavanlıq çiçəyi var, mütləq gülü ələ keçirməyə çalışacaqlar. Gül zorla alınsa, ya da oğurlansa, ətrafa pislik, fəlakət yayar.
– Nə pislik yayar?
– Onu mən də bilmirəm.
Qoca bütün bunları danışandan sonra onu yuxu tutdu.
Amma Hovard onu yatmağa qoymadı:
– Burda yatsan, üst-başın dənizdən gələn mehdən nəm çəkər, xəstələnərsən. Gedək, mağarada yat.
Qoca bir söz deməyib, qalxdı. Hovard onu mağaraya apardı. Qoca quru otlarla döşənmiş yumşaq yatağa uzanan kimi yuxuladı.
Hovardın qazları qayıdır
Hovard qaranlıq düşməmiş gedib özünə balıq tutmağa tələsdi. Mağaradan çıxanda nə görsə yaxşıdır? Qazlar uçub qayıdır! Onlar Hovardın ətrafında dövrə vurub yerə otururdular. Hovard sevinclə qışqırdı:
– Sevimli qazlarım qayıdıb! Eşidirsiniz, qazlar qayıdıb! – O şadlığından qarşısına keçən hər qazı qucaqlayıb, bağrına basırdı. – Nə yaxşı oldu. Daha heç kəs məni oğru bilməyəcək.
Birdən qızılı qaz, – uçub gedəndə qazları ardınca aparan quş Hovardın başı üstündə bir neçə dəfə fırlandı və yerə balaca bir çubuq saldı. Hovard çubuğu qaldırdı. Gördü qızılı rəngə çalan bir budaqdır, üstündə də balaca bir qönçə var.
Hovard heyrət içində fikirləşdi: “Məncə bu qızılı qönçə qocanın dediyi həmin Cavanlıq çiçəyidir”.
Budağı göyə qaldırdı. Qönçə Günəş kimi şəfəq saçırdı. O, ömründə belə gözəl qönçə görməmişdi.
Qoca sanki qeybə çəkildi
Hovard tez mağaraya qayıtdı ki, sevincini qoca ilə bölüşsün. Qoca yatdığı yerdə yox idi. O, Hovardın yanından keçib bayıra da çıxmamışdı. Mağaradan çölə başqa yol yox idi. Bu Hovard üçün bir sirr olaraq qaldı. Onun təəccübdən gözləri böyüdü: “Qoca qeybə çəkilmişdi. O, birdən-birə hara yoxa çıxa bilərdi? İndi Sehrli gülü vermək üçün onu hardan tapım?!”
Bu fikirlərlə bərkdən çağırdı:
– Eyyyy, baba, hardasan? Eheeeeyy, səslən, axtardığın Qızıl çiçəyi tapmışam! Hay ver, hardasan?!
Hovard nə qədər axtarsa da, qocadan xəbər çıxmadı. Peşman-peşman qoca verən kağız parçasını çıxarıb budağı ona bükdü.
Sonra qazları qabağına qatıb qəsrə yollandı. Bəlkə yolda qocaya çatar deyə tez-tez yeridi.
Hovard evinə qayıdır
Hovardın qayıtması hamını sevindirdi. Hətta Kral Maqnus hüzuruna çağırtdırıb onu bu hərəkətinə görə tənbeh elədi:
– Nahaq düşünmüsən ki, qazları itirdiyinə görə səni cəzalandıraram.
Hovard səhvini başa düşdü:
– Günahkaram, Hörmətli Kral!
Sivanın hamilə olduğu xəbəri Hovardı çox sevindirdi. Hamilə ola-ola ona bu qədər əzab verdiyinə görə peşmançılıq hissi keçirdi.
Hovardın qayıtmasına ən çox sevinən də Siva oldu. Hovard başına gələnləri arvadına danışdı. Sonra ona sehrli qoca və Qızıl çiçək haqqında danışdı:
– Qızıl çiçəyi yolda qocaya vermək istəyirdim. Onu tapmayanda düşündüm ki, özümüzə qismət imiş. Sən qoxulayarsan, şəfa taparsan, uşağımız olar. İndisə görürəm, buna ehtiyac yoxdur. Artıq bizim uşağımız olacaq. Gülü qoxulayıb gözəlləşməyinə də gərək yoxdur. Çünki gözəlsən.
Siva bir az düşünüb dedi:
– Mən istəyərdim Qızıl çiçəyi Kraliça Ailaya aparaq. Nə bilmək olar, bəlkə doğrudan da sehrlidir. Sehr baş tutar, övladları olar.
Hovard arvadını öpüb dedi:
– Ürəyimdən xəbər verdin. Kral Maqnusun övladı olsa çox yaxşı olar.
Səhər Siva Kraliçanın hüzuruna gedir, Hovardın gətirdiyi çiçək haqda ona danışır. Kraliça adi bir çiçəyin möcüzəsinə inanmasa da deyir:
– Sən çox xeyirxahsan, dediyin gülü gətirərsən mənə.
Siva sevincək evə gəlib Hovarda deyir:
– Kraliçanı inandıra bildim. Çiçəyi ver aparım.
– Tələsmə, Siva, əvvəlcə çiçəyini əkməliyik ki, gül açsın.
– Nə vaxta qədər gül açar?
– Bilmirəm, – Hovard kağıza bükülü budağı açdı. Kağızda yazı yox idi. Qocanın dediyi söz yadına düşdü: “Gülün budağını dibçəkdə əkən kimi kağızda yazı yazılacaq”.
Gülə göz yaşınla su ver
Hovard budağı dibçəkdə əkdi. Kağızda yenə yazı yox idi. O vaxt qocaya diqqətlə qulaq asmadığına peşman oldu. Qoca güldən necə istifadə etməyi Hovarda başa salmağa çalışmışdı.
Kağızda yazı görməyəndə Hovard pis oldu. Düşündü ki, bəlkə, elə bu boş cəfəngiyatdır. Kraliçaya da yalandan ümid vermişdilər. Hirsləndi. Əlindəki kağızı büküb evin küncünə atdı. Siva əlini sığallayıb onu sakitləşdirməyə çalışdı. Birdən əlini çəkib tələsik ayağa qalxdı. Küncə baxıb qışqırdı:
– Orda nəsə yanır!
– Nə yanır? – deyib Hovard təəccüblə yerə baxdı. Onun bir az əvvəl əzib küncə atdığı kağız elə parıldayırdı, elə bil alışıb-yanırdı.
Hovard kağızı götürüb açanda nə görsə yaxşıdır...
Kağızda zərli hərflərlə yazılmışdı: “Elə ki Qızıl çiçək dibçəkdə əkildi, ona su vermək olmaz. Gülə göz yaşından iki damla verilməli və qaranlıq yerdə saxlanmalıdır. Bir gün qönçə gül açıb ətrafa şəfəq saçacaq. Gülün ətrinin havaya qarışmaması üçün üstünə yaylıq atıb dərməlisən. Sonra yaylığı açıb gülü qoxulamaq olar.
Cavanlaşmaq və ya sağalmaq istəyən gülü tək bir dəfə qoxulamalıdır. İkinci dəfə olmaz. Həmin gülü bir başqası qoxulasa peşman olar.
Qoxulayandan sonra gülü yenə kağızına büküb qaranlıq yerə qoymalısan. İldə bir dəfə Qızıl çiçək sehrini göstərir. İldə tək bir dəfə qönçə açır, dada çatır. Qızıl çiçək paxıl, acgöz adamların əlinə düşsə, fəlakət baş verər”.
İndi Hovard da, Siva da çiçəyin möcüzəsinə inandılar. Sevindilər ki, bir gün Kral Maqnusun da övladı olacaq.
Gülü əkəndən sonra Hovard ona göz yaşından su verməli idi. Buna görə Kralın hər səhər gedib göl kənarında qəmgin oturmağını fikirləşəndə gözləri doldu. Əyildi, göz yaşı dibçəyə düşdü. Gülü qaranlıq yerə qoydu.
Bir neçə gün sonra bir də gördülər ev elə işıqlandı ki, sanki bu saat hər yan alışıb yanacaqdı.
Qızıl çiçəyin qönçəsi gözəl bir gülə çevrilmişdi. Siva həvəslə gülü Kraliça Ailaya apardı.
Kraliça sehrli gülü qoxulayır
Siva gülü kraliça Ailaya verib dedi:
– Gülü qoxulayın, əziz Kraliça. Bir gün sehrli gül sehrini göstərər, hamımızı sevindirər.
– İlahi! Mən belə gözəl gül heç yerdə görməmişəm. – Kraliça Aila gülün ətrini içinə çəkdi.
Sonra Siva gülü alıb tez yaylığa bükdü. Gülün gözəlliyi Kraliçanın gözü qarşısından getmirdi.
Siva Kraliçanın yanından bir az gec çıxsaydı, onun birdən-birə necə gözəlləşdiyinin şahidi olardı. Sonralar camaat danışırdı:
– Hovard ilə Siva Kraliçaya nə dərman veriblərsə, Kraliça bir anda gözəlləşib, cavanlaşıb.
– Nə veribsə, Hovard verib. O, yoxa çıxandan sonra özü ilə Gözəllik çiçəyi gətirib.
– Kaş bizdə də o çiçəkdən olaydı.
Bu haqda Sivadan soruşanda heç kimə, heç nə demirdi. Hovard ona möhkəm tapşırmışdı ki, Cavanlıq gülünün sirrini heç kəsə açmasın.
Gözün aydın, Kral!
Yeni il ərəfəsində Kral Maqnus və Kraliça Aila kilsəyə ibadətə getmişdilər. Keşiş Krala şad xəbər dedi:
– Gözün aydın, Kral, nəhayət, Trollandiya ölkəsinin şahzadəsi olacaq!
– Keşiş, nə dediyini anlamadım!
– Övladınız olacaq. Sizi təbrik edirəm!
Kral və Kraliça bu sözdən çaşdılar. Kral təəccüblə soruşdu:
– Keşiş, bunu hardan bildin?
– Kral həzrətləri! Dediyim həmişə düz çıxır. Tanrının köməyi ilə bu da düz olar. Siz kilsəyə girəndə kölgəniz iki yox, üç idi. Hamilə qadınlar ibadətə gələndə onların kölgəsi ikiləşir.
Kral eşitdiyinə inanmasa da bu xəbərə şad oldu. Kraliçaya baxdı, dönüb kölgələrinə baxdı, bir şey anlamayıb dedi:
– Tanrının köməyi ilə bir gün övladımız olar, kölgəmiz doğrudan üçləşər.
Dua zamanı Keşiş müqəddəs kitabı açdı, orda nə gördüsə, tez də örtdü. Kral təşvişlə soruşdu:
– Nə göründü kitabda?
Keşiş özünü itirsə də, kraldan heç nə gizlətmədi:
– Tanrı qorusun Kral həzrətlərini! Kitab göstərdi ki, bu aylar hamilə qadınlara ov əti, bir də vəhşi heyvan əti yemək olmaz. Gələcək balanızın belə heyvanların ətindən qanı qatılaşar, ağırlaşar, zəhərlənər. Ehtiyatlı olun, müqəddəs kitabda yazılanlar düz çıxır.
Kral müqəddəs kitabı öpüb dedi:
– Bu barədə narahat olma, Keşiş! Kraliça ət xoşlamır. O ki qaldı ov əti olsun. Bir də, Müqəddəs kitab nə göstərirsə, biz ona əməl edərik. Təki eşitdiyimiz xəbər düz olsun! Xoş xəbər düz çıxsa, Kraldan sənə hədiyyə çatacaq.
– Tanrı böyükdür! – deyib Keşiş əlini qoynuna qoydu.
Keşiş onları kilsə qapısına qədər ötürdü. Bu vaxt bir qara göyərçin uçub Kralın çiyninə qondu. Keşiş sevincək dedi:
– Kral həzrətləri, bu oğlun olacağına işarədir.
– Hardan bildin? – deyə Kral soruşdu.
– Sınamışıq. Bunu kilsədə xidmət edən hamı bilir. Kilsənin həyətində yaşayan göyərçinlərin qarası kimin çiyninə qonursa, çox keçmir oğlu olur. Ağ göyərçin qonanda isə qız olur.
Bu xəbəri ölkəyə yayın!
Kral və Kraliça ibadətdən qayıdandan sonra bayram süfrəsinə oturdular. Kraliçanın ürəyi bulandığından yeməyə əl vurmadı. Həkim çağırdılar. Həkim onu müayinə edib Kral Maqnusa şad xəbər verdi:
– Övladın olacaq, Kral!
Kral sevindiyindən qışqırdı:
– Eşitdiniz, mənim övladım olacaq! Tez bu xəbəri bütün ölkəyə yayın. Qoy hamı sevinsin!
Qəsrdə şənlik başladı. Hamı sevindi, şadlandı. Şad xəbər hər yana yayıldı. Kral Maqnusun övladı olacağına uşaq da, böyük də sevinirdi. Kral şəhərin kasıblarına pay göndərdi.
Sehrli çiçək Kraliça Ailanın canından xəstəliklərini çıxarmış, o, bir gündə dəyişib, cavanlaşmış, gözəlləşmişdi. Az müddət sonra isə hamilə olmuşdu. Hamı onun bir gündə necə gözəlləşdiyindən danışırdı.
İlk gündən Kral arvadına möhkəm tapşırdı:
– Gözəl Kraliça! Sən də keşişin dediyini unutma, yediyinə diqqət et ki, oğlumuz sağlam doğulsun.
– Əlbəttə, əziz Maqnus, narahat olma, ov əti yemək heç ağlıma da gəlmir, heç ürəyim də istəmir.
Kral baş aşpaza möhkəm-möhkəm tapşırdı ki, bundan belə mətbəxdə ən xeyirli yeməklər bişirsin. Ov əti bişirməyi qadağan etdi.
Bir neçə gündən sonra Kraliçanın ürəyi qızardılmış ət istəyəndə o, vəhşi ayı ətini ləzzətlə yedi. Bu necə baş verdi? Axı keşiş də Kral Maqnus da ona vəhşi heyvan əti yeməməyi tapşırmışdılar.
Kraliça yediyinin ayı əti olduğundan xəbərsiz idi... Bu ziyanlı əti kim ona yedirdirdi? Kral ailəsinə kim pislik edirdi?
Kral Maqnusun Edvard adlı işgüzar bir baş köməkçisi vardı. Kral ona inanar, dövlət sirlərini bölüşər, bütün işlərdə məsləhətləşərdi.
Kral çox sadəlövh idi. Belə olmasaydı, Edvardın hiyləgər, yalançı və riyakar olduğunu anlayardı. Kralın heç ağlına da gəlməzdi ki, Edvard casusdur. Trollandiyaya düşmən kəsilən qonşu ölkədən gəlib. Kralın etibarını qazanıb hakimiyyətini ələ keçirmək üçün göndərilib.
İndi Edvard və onun riyakar arvadı Haddi kralın övladı olacağını eşidəndə çox pis oldular. Kralın oğlu olsaydı, onların planı pozulacaqdı. Krala sui-qəsd edilsəydi, camaat deyəcəkdi ki, kral onun oğlu olmalıdır.
Haddi Kraliça Ailanın yaxın köməkçisi və rəfiqəsi sayılırdı. Kraliça isə Haddini o qədər çox istəyirdi, demək olar, bütün günü onunla bir yerdə olurdu.
Kraliça Ailanın ağlına da gəlməzdi ki, bir gün Haddi onun hamilə olduğunu eşidəndə hikkəsindən tir-tir titrəyəcək.
Haddi eşidəndə Ailaya ov əti yemək olmaz, barmağını dişləyib, ərinə dedi:
– Keşiş Müqəddəs Kitabda nə görübsə, ov əti yeməyi Kraliçaya qadağan edib.
– Yeməsin, vacib deyil ki, ov əti yesin. Bunun bizə nə dəxli var?
– Deməli, burda bir sirr var. Nə yolla olur-olsun Ailaya ov əti yedirtməliyik.
– Hmmm, – Edvard mızıldanıb fikrə getdi. Haddi başa düşdü ki, onun fikrini bəyənib:
– Hətta mən imkan düşən kimi ona vəhşi heyvan qanı da içirtmək istəyirəm. Trollandiya Maqnusların yox, bizim olmalıdır.
– Düzdür. Maqnus hakimiyyəti sona çatmalıdır!
İfritə Haddi özünün qara fikirləri haqda ərinə danışanda Edvard sevindi:
– Yaxşı fikirləşmisən. Ağıllı Haddim! Biz çalışmalıyıq ki, Maqnusun övladı olmasın! Arzularımızın gerçəkləşməsi vaxtıdır.
– Bunun üçün əlimdən gələni edəcəyəm! Bu günlərdə mənə ov əti lazım olacaq. Tapa bilərsən?
– Əlbəttə, taparam!
Səhəri gün Edvard hardansa ayı əti tapıb gətirdi. Haddi əti baş aşpaza verib dedi:
– Bu əti yaxşı qızardarsan, Kraliça Aila yeyəcək!
Ətə baxanda aşpaz üz-gözünü turşutdu:
– Bu ət qaradır, ov ətinə oxşayır... Kraliçaya ov əti olmaz.
– Bilirəm olmaz. Bunu bilə-bilə ona ov əti bişirtdirərəm? Eşit nə deyirəm! Sən Kral ailəsinə məndən yaxın ola bilməzsən. Deyəsən, işinin öhdəsindən gələ bilmirsən... Həyətimdə becərilmiş quzu əti ilə ov ətinə fərq qoya bilmirsən. Bunu kraliça özü istəyib.
– Rəngi qaradır, bəlkə xarab olub...
– Bu gün kəsilib, onu bişir, gəlib özüm aparacağam Kraliçaya. Cəza almaq istəmirsənsə, dediyimə əməl elə.
Aşpaz hirsindən qaralsa da, başladı əti bişirməyə.
O gündən Haddi özünü kraliça Ailaya daha ürəyiyanan göstərməyə çalışdı. Tez-tez ona dadlı kətələr, qızardılmış ət, meyvə şirəsi gətirirdi.
Haddinin tez-tez mətbəxə girməsi, özbaşınalığı, kobudluğu baş aşpaz Peteri lap bezdirmişdi. Aşpaz nədənsə şübhələnir, Haddinin gətirdiyi ətlərdən yemək bişirmək istəmirdi. Haddi belə vaxtlarda Peteri qorxudurdu:
– Peter, sən qorxmursan ki, mən səni işdən çıxartdıraram? Sən Kralın baş köməkçisi Edvardın arvadının, Kraliçanın ən yaxın rəfiqəsinin dediyini etmək istəmirsən?
– Ətin rəngi, qoxusu xoşuma gəlmir!
– Sənin xoşuna gəlməyinin əhəmiyyəti yoxdur, əsas Kraliça bəyənsin. Ətin dadı, rəngi ilə işin olmasın! Deyirəmsə, bişirməlisən!
– Mən Kral ailəsi üçün bəslənən quzulardan bişirə bilərəm!
– Olmaz! Mən verdiyim əti bişirməlisən! Bir də bu haqda danışsan, ömür boyu həbsdə qalacaqsan!
Ondan sonra Peter səssizcə Haddinin istədiyini bişirirdi. Tərslikdən həmin yeməklər Kraliça Ailanın xoşuna gəlirdi.
Kraliça Aila yeməkləri ləzzətlə yesə də, meyvə şirəsini içəndə ürəyi bulanır, başı gicəllənirdi. Buna görə meyvə şirəsi içmək istəmirdi. Bu vaxt Haddi təkidlə şirəni ona içirtməyə çalışırdı:
– Gələcək kralımızın sağlam olması üçün mütləq meyvə şirəsi içmək lazımdır.
Belə deyəndə Aila birtəhər dözür, istəməsə də şirəni içirdi. Şirə içəndən sonra zavallı Kraliçanın həmişə ürəyi bulanırdı. Çünki Haddi hər gün meyvə şirəsinə bir qaşıq vəhşi heyvan qanı qatırdı.
Neçə ay belə davam eləsə də, bir gün xəyanətin üstü açıldı. Aşpaz Peter səhər işə gələndə öz həyətindəki bağdan bir alma dərib yedi. Gördü alma çox şirindir, bir torba alma yığdı. Səhər yeməyindən sonra gətirdiyi almadan şirə sıxıb hazırladı, Kraliça Ailaya göndərdi. O, Kral və Kraliçaya nə göndərsəydi, əvvəl dadına baxardı. Şirədən azca stəkana tökdü ki, dadına baxsın. Ürəyi istəmədi, kənara qoydu. Yadına düşdü ki, səhər çox alma yeyib, ona görədir.
Bir azdan xidmətçi qabları mətbəxə gətirəndə, baş aşpaz fikir verib gördü ki, kraliça şirənin yarısını stəkanda saxlayıb və şirənin rəngi bayaq sarı idisə, indi qırmızıdır. Özü də bulanıqdır. Özü dadına baxmaq üçün götürdüyü və içmədiyi şirənin rəngi isə sarı və şəffaf qalmışdı. Peter eləmədi tənbəllik, stəkanı götürüb kraliçanın yanına gəldi:
– Narahat etdiyimə görə üzr istəyirəm, hörmətli Kraliça! Almanı bağımızdan gətirmişdim. Şirin idi deyə, şirəni həmin almadan çəkdim. Xoşunuza gəlmədisə, bundan sonra ondan şirə çəkməyim.
– Çəkmə, ürəyim bulandı.
– Bir sualım da olacaq. Bilmək istəyirdim ki, siz şirəni içəndə də belə qırmızı idi? – Bu sualı verəndə baş aşpaz Haddiyə baxdı. Haddi həyəcandan udqundu. Rəngi bir anda saraldı. Baş aşpaz bundan şübhələndi, amma heç nə demədi.
– Əlbəttə, hələ bundan da qırmızı idi, – Kraliça dedi.
Peter Kraliça Ailanın yanından qayıdandan sonra daha da narahat oldu. O, başa düşdü ki, Haddi şirəyə nəsə qatır. Hər səhər xidmətçi şirəni kraliçaya aparmaq istəyəndə, Haddi onu məcməyidən götürür, özü aparır. Niyə? Burda bir sirr var.
Digər tərəfdən, şirənin rəngi haqda kraliçaya sual verəndə, Haddi qəfildən özünü itirdi. Ən əsas da odur ki, Haddi hər gün hardansa kraliçaya ət gətirdir və yeməyi yalnız o ətdən bişirtdirir.
Peter bu suallara cavab tapa bilmirdi: “Görəsən Haddi nə məqsədə, kraliçanın yeməyinə “nə isə” qatsın? Bəlkə, ona pislik etmək niyyətindədir? Bəlkə, gətirdiyi ətlər ov ətidir? Deməli, Haddi mənim sevdiyim Krala və Kraliçaya mənim əlimlə pislik edir?”
Bu fikirlərlə baş aşpaz köməkçisini yanına çağırtdırıb işlərini ona tapşırdı. Sonra paltarlarını dəyişib Haddini addım-addım güdməyə başladı.
Əti Haddiyə kim gətirir, həmin adam necə ov edir? Ov əti gətirən əti Haddiyə kimin vasitəsi ilə çatdırır? Onlar harda görüşür? Haddi harda şirəyə “nəsə” qatır? Nəhayət, bunların hamısı baş aşpaza məlum oldu.
Sonuncu dəfə Haddi şirəyə “nə isə” qatanda aşpaz Peter daş sütunun arxasından çıxıb onun biləyindən tutdu və qışqırdı:
– Neyləyirsən, məlun qadın?!
– Yaramaz, rədd ol burdan! – Haddi aşpazdan da bərk qışqırdı. Səsə mühafizəçilər gəldi. Haddi onları görüb bir az da ürəkləndi. Əlindəkiləri bilə-bilə yerə çırpıb sındırdı. Aşpazı göstərib qışqıra-qışqıra ona şər atdı:
– Hara gedirdim məni güdürdü. İndi xəlvəti yer görüb məni qucaqlamaq istədi. Tutun bu şərəfsizi! Mənim ərim ola-ola, bu məlun məni xəyanətə məcbur edir. Edvard bilsə, sənin başını üzər! Sən bir həyasızlığa bax! Krala da çatdırın, xahiş edirəm.
Əlbəttə, Edvard kimi “mötəbər” bir adamın arvadının dediklərinə hamı inandı. Hətta kral da bu işdən xəbər tutanda aşpaz Peteri belə nalayiq hərəkətinə görə cəzalandırdı. Edvard və Haddi kralın o qədər etibarını qazanmışdılar ki, əlbəttə ki, kral onları qoyub aşpaza inanmazdı. Kral hiddətlənib ona çox sədaqətli olan aşpaz Peteri zirzəmiyə saldırdı.
Kralın ona inanmadığı Peterə çox pis təsir etdi. Zirzəmidə üzüqoylu qaldı. Düz on gün nə yedi, nə içdi... On gündən sonra şad xəbər eşitdi:
– Çıx bayıra, azadsan!
– Necə azadam?
– Həmişəlik azadsan!
Aşpazı Kralın yanına apardılar. Kral gördü ki, bu on gündə Peter çox arıqlayıb, gözləri çuxura düşüb. Xəcalət çəkdi. Onu görən kimi ayağa qalxdı, irəli gəlib onu qucaqladı. Gözləri doldu:
– Peter, hər şeyin üstü açıldı. Sənə nahaq inanmadım. Nə yaxşı yalanın üstü tez açıldı. Yoxsa nahaq yerə zirzəmidə qalacaqdın.
– Var olsun Kral Həzrətləri! Bir gün mənə inanacağınıza əmin idim!
Peter yenə danışmaq, sual vermək istədi, amma kralın gözlərinin dolduğunu görüb susmağı üstün tutdu.
Mətbəx işçiləri Peteri yaxşıca yedirtdilər. Sonra bu on gündə qəsrdə baş verənləri ona danışdılar.
Peter zirzəmidə olanda belə bir hadisə baş verir. Kral Maqnus ova çıxır. O, ova gedəndə Edvardı götürmür, onu öz yerinə qoyurdu.
Ov zamanı ovçulardan birinin oxu, səhvən hündürdən uçan göyərçinə dəyir. Göyərçin düz kralın ayağı altına düşür. Kral peşmançılıqla göyərçini yerdən qaldırır. Baxır ki, göyərçin məktub daşıyan göyərçindir. Məktub qana bulaşmışdı. Kral qanı qurusun deyə onu açır. Açan kimi Edvardın xəttini tanıyıb məktubu oxuyur. Edvard məktubu onlarla düşmən olan qonşu ölkənin kralına göndərirdi. Məktubda Trollandiya ordusu və silahları haqda düşmənə məlumat verilirdi. Kraliça Aila və ona gizlicə yedirdilən ov əti haqda məlumat da yazılmışdı. Məktub belə bitmişdi: “Maqnuslara ölüm!”
Kral Maqnus çox qəzəbləndi. Ovdan yarımçıq qayıdıb məktubu Edvarda göstərdi. Edvard özünü təmizə çıxarmağa söz tapmadı. Axırının çatdığını görüb, Kralı vurmaq üçün qılıncını çıxartdı. Kral buna əvvəldən hazır idi. Tez mühafizəçiləri çağırdı. Onlar çatana qədər yanında hazır saxladığı qılıncla düşmənini öldürdü. Haddini isə zirzəmiyə saldırdı.
Gözəllik ilahəsi – Freda
Bir gün Hovard və Siva çox sevindilər. Onların qızı oldu. Körpə elə şirin, elə gözəl, elə sakit idi ki, mələklərə bənzəyirdi. Hovard dedi:
– Siva, gəl qızımızın adını Freda qoyaq!
– Mən heç Freda adı eşitməmişəm. Sən bu adı hardan eşitmisən?
– Müqəddəs kitabdan oxumuşam. Çox xoşuma gəlib. Freda “Gözəllik ilahəsi” deməkdir. Qızımıza bu ad yaraşar.
– Elə qızımız da “Gözəllik ilahəsi”nə bənzəyir. Freda gözəl addır
Fredanın dünyaya gəlişi ilə Hovardın və Sivanın sevinci yerə-göyə sığmadı. Freda xoşbəxtlik içərisində böyüməyə başladı.
Ərköyün şahzadə
Günlər keçdi, bir gün Kral Maqnusun da oğlu oldu. Trollandiya ölkəsinin varisinə – şahzadəyə Trol adı verdilər.
Düz bir ay ölkədə bayram oldu. Şənliklər keçirildi. Şahzadənin şərəfinə ziyafətlər quruldu. Şirnilər paylandı. Bütün ölkə bayram elədi.
İllər ötür, həyat keçir, körpə böyüyürdü. Üç yaşa qədər şahzadə Trol adi uşaq həyatı yaşadı. Elə ki, şahzadə üç yaşına çatdı, birdən-birə dəyişdi. Həm nadincləşdi, həm də burnu uzandı, eybəcərləşdi.
Eyni vaxtda başladı qəribə hərəkətlər eləməyə. Dayə uşağı qucağına alırdı, uşaq çıxırdı başına, ordansa qəfil yerə tullanırdı.
Bir gün gəmi ilə gəzməyə çıxmışdılar, gəmidən – dayənin qucağından suya atıldı. Xoşbəxtlikdən onu xilas edə bildilər.
Karet ilə gəzməyə gedəndə atılırdı atların belinə. Uşağı güclə saxlayırdılar. Neçə nəfər qadın və kişi dayəsi olsa da, dəcəl və ziyankar Trol hamını yorurdu.
Bir gün Kral və Kraliça kilsəyə ibadətə getmişdilər. Onlar balaca şahzadəni də özləri ilə götürmüşdü.
Təzəcə kilsəyə girmişdilər ki, şahzadə qaça-qaça pillələrlə yuxarı çıxmağa başladı. Ona çata bilmədilər. Uşaq kilsə zənginin üstünə dırmaşıb onu bərkdən çalmağa başladı.
Hamı qarışdı bir-birinə. Şahzadənin yıxılacağından qorxdular. Uşağı aşağı düşürəndən sonra keşiş yaxınlaşıb ata-anasına dedi:
– Deyəsən, şahzadə ov əti ilə böyüyüb...
Kral və Kraliça bir-birinə baxdılar.
– Nəyə görə belə deyirsiniz? – Kral soruşdu.
– Kral keçsin günahımdan. Baxan kimi görünür. O, hər yana meymun kimi tullanır. Qəzəblənəndə ilan kimi fısıldayıb qıvrılır, ayı kimi nərə çəkir. Bəzən canavar kimi səs çıxarır. Sanki ulayır.
Kraliça bu sözləri eşidəndə gözləri yaşardı. Üzünü tutub uzaqlaşdı. O, hələ də yaxın rəfiqəsinin xəyanətini unuda bilmirdi. Kraliça bir azdan keşişə yaxınlaşıb az qala yalvardı:
– Hörmətli Keşiş, övladımız fitnə qurbanı olub. Bir an bir yerdə qərar tuta bilmir. Onun, az da olsa, sakitləşməsi üçün nə edə bilərik?
Keşiş təəssüflə başını buladı:
– Başınıza gələnlərdən xəbərim var. Yaxşı ki, Edvard və Haddinin xəyanətinin üstü açıldı. Yoxsa ölkəmizi fəlakət gözləyirdi. Amma, əziz kraliça, az miqdarda meymun əti kifayət edir ki, balaca bir uşaq asanlıqla kilsə zənginə dırmaşa bilsin. Şahzadə meymun ətinin bəlasına gəlib. Ona görə bir yerdə qərar tuta bilmir. Hörmətli Kraliça, mən burda gücsüzəm. Qoy Tanrı özü köməyiniz olsun!
Vaxt ötür, günlər keçir, kralın ailəsində Trol adlı nadinc şahzadə böyüyür, sanki gündən-günə bir vəhşiyə dönürdü. Vəhşiyə döndükcə də, eybəcərləşirdi.
Kral Maqnus övladının belə olmasına görə çox fikir edirdi. O, şahzadə Trolun ağıllı bir cavan olub taxta ləyaqətlə sahib olacağına inamını itirmişdi.
Artıq Kral özü də istəmirdi ki, oğlu gələcəkdə onun yerinə ölkəyə rəhbərlik etsin. Bu haqda düşünəndə Kralın ürəyi sancırdı. Sarayda hamı başını itirmişdi. Trola qulluq edənlər tez-tez dəyişdirilirdi. Heç kəs ona qulluq etmək istəmirdi. Trol böyük-kiçik bilmir, hamını incidir, ələ salırdı.
Trol həmişə ağladan, hirsləndirən, tənbəl, veyil bir cavan kimi böyüdü.
O, nəinki at çapa bilmir, qılınc oynada bilmirdi, hətta çəkməsini belə xidmətçilər geyindirirdi.
Gənc qızlar Trolla üz-üzə gəlmək istəmir, onu görəndə qaçıb gizlənirdilər. Trolun xoşladığı üç şey vardı:
Birincisi, o, yeməyi, xüsusən də, vəhşi kimi əti didişdirib yeməyi çox xoşlayırdı.
İkincisi, kimisə mütləq döyməli, cırmaqlamalı, ələ salmalı, incitməli, acılamalı, ağlatmalı və alçaltmalı idi.
Üçüncüsü, ova getməyi çox sevirdi. Özü ov ovlaya bilməsə də, ovu nökərləri vurardı. O isə ovun başını kəsir, dərisini soyurdu.
Trol anadan olan gündən Kral iqamətgahından gülüş səsi kəsilmişdi. Hamı səksəkə içərisində yaşayırdı.
Çələng satan gözəl Freda
Eyni vaxtda Hovardgilin evindən gülüş səsi kəsilməzdi. Freda sevinc içərisində böyüyərək, ətrafa gözəllik yayardı. Hamı onun gözəlliyindən, ağlından danışırdı. Ana çox vaxt evdə olmazdı. Qız evin bütün işlərini özü görər, boş vaxtında çələng toxuyub satardı. Qaz tükündən Kral ailəsinə bəzəkli yastıqlar düzəldərdi.
Freda dadlı yeməklər bişirər, mahnı oxuya-oxuya iş görər, ata-anasının işdən qayıtmasını gözləyərdi. Hovardın ailəsi xoşbəxt idi. O vaxta qədər ki...
Freda camaatı köməyə çağırdı
Bir səhər oyananda Hovard yataqdan çətinliklə qalxdı. Dizləri bərk ağrıyırdı. Ağrıdan yemək də yeyə bilmədi. İşə getmək istəyəndə dizləri büküldü, yerə oturdu. Siva ona qalxmağa kömək elədi.
– Aman Tanrım! Hovard, nə oldu sənə?
– Qorxma, Siva, dizim qatlandı. – Belə deyib Hovard yavaş-yavaş geyindi.
Siva ərinin bu halını görüb pis oldu:
– Bu halda işə necə gedəcəksən?
– Narahat olma. Yəqin yağış yağacaq. Yağışdan əvvəl həmişə dizlərim ağrıyır. Gəzsəm, azalar.
– Mən də səninlə gəlirəm. Bu halda səni tək buraxmaram.
– Gəlirsən gəl, amma nahaq narahat olursan, bir az gəzsəm düzələcək. Freda da yuxudan durub səni görməsə, narahat olacaq.
– Freda artıq böyük qızdır. Ona heç nə olmaz.
Həmin gün Hovard ilə Siva qazları otarmağa birlikdə getdilər. Bir azdan Hovardın ağrıları keçdi. Onlar deyib gülə-gülə, əvvəl qazları üzmək üçün gölə buraxdılar, sonra da çəmənliyə çıxartdılar.
Axşamçağı qazları qəsrə aparanda möhkəm yağış başladı. Yağış elə yağırdı, yerimək mümkün deyildi. Sığınacaq yer olmadığından bir ot tayasına qısıldılar ki, yağış azalanda yollarına davam eləsinlər. Qazlar da büzüşüb yerə oturdu.
Bu vaxt bərk şimşək çaxdı. Səsdən qulaq tutulurdu. Bir anlığa hər yana qaranlıq çökdü. Dəhşətli ildırım çaxanda hər yan işıqlanırdı. Hovard da, Siva da elə qışqırdılar ki, səsləri ildırımın dəhşətli gurultusuna qarışdı. Sonra hər ikisi huşunu itirib yerə yıxıldı.
Qazlar Hovarda öyrəşmişdilər. Sahiblərinin yıxıldığını görüb elə qaqqıldaşdılar, elə qaqqıldaşdılar, səsləri aləmi bürüdü.
Freda səhərə qədər ata-anasını gözlədi, onlar gəlib çıxmadı. Qız çox nigaran qaldı. O, bilirdi ki, nə olur-olsun, ata-anası onu gecə evdə tək qoymaz.
Səhər hava açılan kimi Freda qəsrə yolandı. O elə bilirdi ki, yağış olduğundan ata-ana evə gələ bilməyib, qazların yanında gecələyib.
Yazıq qız həyəcanla qaçdığı bir vaxt dəhşətli mənzərənin şahidi oldu.
Qazlar bir sırada, dairəvi düzülmüşdülər. Elə bil ortaya böyük, ağ xalı salınmışdı. Həmişə qaqqıldaşan qazların səsləri kəsilmişdi. Freda bir az da irəliləyəndə gördü ki, ata-anası ortada, palçığın içərisində uzanıblar. İkisi də zarıyırdı. Atanın başından qan gəlirdi.
Freda “ata, ana” deyib qışqırdı, camaatı köməyə çağırdı.
Darıxma, Siva, bizim sehrli çiçəyimiz var
Səhər qəsrin gözətçiləri qazların gəlmədiyindən xəbər tutan kimi nəsə baş verdiyini hiss etdilər. Hovardı və qazları axtarmaq üçün gölə tərəf yollandılar.
Fredanın səsini eşidib səs gələn tərəfə çatanda onları gördülər.
Hovardın papağı iki yerə bölünmüş, başının ortasından düz xətt çəkilmişdi. Xətt yerindən qan sızırdı. Gözətçilərdən biri dedi:
– Onları ildırım vurub.
Freda ağlaya-ağlaya soruşdu:
– Hardan bildiniz?
– Hovardın başının ortasındakı xətt ildırım izidir.
Freda sakitləşmək bilmir, dayanmadan ağlayırdı. O gah anasının, gah atasının üzündən öpür, onlara yalvarırdı:
– Nə olar, ölməyin, məni tək qoymayın.
Fredanın səsinə Siva gözünü açdı. Ayılan kimi əllərini ətrafına sürtüb dedi:
– Mən hardayam? Freda, yaxına gəl, hardasan? Hovard hardadır?
Freda anasını qucaqladı. Onun özünə gəldiyinə sevindi. Siva danışa-danışa göyə baxır, əllərini Sivanın üz-gözündə gəzdirirdi.
Gözətçilər o saat başa düşdü ki, ildırım Sivanın gözlərini kor edib.
Az sonra Freda da bunu anladı. Hıçqırıb ağlayaraq anasının gözlərindən öpdü. Siva soruşdu:
– Niyə hər yan qaranlıqdır?
– Yox, ana, səhər açılıb.
– Lampa, ya da məşəl yandırın, bura çox qaranlıqdır!
– Ana, biz bayırdayıq, indi səhərdir! – Freda bərkdən ağladı.
– Onda mən niyə heç nə görmürəm? Niyə ağlayırsan? Mən kor olmuşam, ona görə?
Siva gözləri tutulduğunu anlayanda “Aman!” – deyə qışqırdı, əlləri ilə üzünü tutdu. Lakin tez də özünü unudub sevimli ərini soruşdu:
– Hanı Hovard?
Freda onun əlini götürüb Hovardın sinəsinə qoydu:
– Burdadı atam, yanımızdadı.
– Bəs səsi niyə gəlmir? O ölüb?
– Yaralıdır, ana, sakit ol.
Siva Hovardı qucaqlayıb qışqırdı:
– Əzizim, Hovard, danış, nə olub sənə?
Hovarddan səs çıxmadı. Siva başını onun sinəsinə qoydu. Nəfəs aldığını hiss edib bir az sakitləşdi. Çiynindən yaylığını götürüb onun üstünə saldı.
Gözətçilər Hovardla Sivanı evlərinə apardılar. Yolda Hovard azca özünə gəldi. Sivanın gözlərinin tutulduğunu eşidəndə zarıya-zarıya dedi:
– Darıxma, Siva. Özünü üzmə, Freda. Bizim sehrli Qızıl çiçəyimiz var. O bizi sağaldacaq. Sağlamlıq çiçəyi Kraliçanı xəstəlikdən qurtardı, onu gözəlləşdirdi. Darıxmayın, bizə də şəfa verər.
Siva bu sözlərdən sonra sakitləşdi:
– Hovard, danış, haran ağrıyır?
Hovard ağrıdan danışa bilmədi. Freda ata-anasının yaralı olsalar da, sağ qaldıqlarına sevindi. Hər ikisini qucaqlayıb dedi:
– Ata, ana, nə yaxşı ki, sağsınız...
– Sehrli gül açan kimi ananın gözlərinə şəfa verəcək, darıxma. – Hovard daha danışa bilməyib susdu.
Freda atasının sözlərindən bir şey başa düşməyib soruşdu:
– Nə Sehrli çiçək, ata, mən birinci dəfədir onun haqqında eşidirəm. Hardadır o?
Hovard elə yavaş danışdı ki, heç kəs heç nə başa düşmədi.
Freda yenə soruşdu:
– Ata, nə dedin, başa düşmədim, dedin, Sehrli çiçək hardadır?
– Atanı narahat eləmə, – Siva dedi, – mən bilirəm çiçəyin sirrini, sənə də deyərəm. Kral Maqnusun da o vaxt övladı olmurdu. Mən Qızıl çiçəyi Kraliça Ailaya apardım. Çiçəyi qoxulayandan doqquz ay sonra şahzadə Trol dünyaya gəldi. Qızıl çiçək bizə də dərman olacaq. İnanıram.
Gözətçilər də Qızıl çiçək haqqında indi eşidirdilər. Bu onlara çox maraqlı gəldi. Amma Kraliçanın hansısa sehrli bir çiçəyi qoxulayandan sonra dəyişdiyini bilirdilər. Həm gözəlləşib, həm də onun övladı olub. Gözətçilərdən biri dedi:
– Dediyiniz çiçək sizi sağaldandan sonra icazə versəydiniz, budağından balaca qoparıb həyətimizdə əkərdim.
– Təəssüf ki, onun cəmi bir budağı olur. – Siva belə deyəndə gözətçi “təəssüf” deyib susdu. Bir azdan o yenə danışdı: – Siva, əgər gül sənin gözlərini açsa, o budağı mənə verərsən. Onunla yaxşı pul qazanarıq. Sən də, mən də.
– Gül şəfa verirsə, sağaldırsa, deməli, müqəddəsdir. Ondan pul qazanmaq günah olar.
Freda gözətçiyə acıqlandı:
– Ata-anam gör nə vəziyyətdədir, sən isə pul qazanmaqdan danışırsan.
Həkim, atam sağalacaq?...
Kral Maqnus Hovard və arvadının başına gələnləri eşidəndə onlara həkim göndərdi.
Həkim gəldi, ər-arvadın yaralarına məlhəm qoydu. Gedəndə Freda pıçıltı ilə ondan soruşdu:
– Həkim, atam-anam sağalacaq?
Həkim susdu. O, qızın suallarına cavab verməyib çiyinlərini çəkdi. Hər iki əlini göyə qaldırıb başını aşağı saldı. Freda həkimin nə demək istədiyini başa düşdü. Həkim bununla “Ümid Allaha qalıb” deyirdi.
Freda sakitləşmək bilmirdi. O gedib-gəlir, gecə əkdiyi Qızıl çiçəyin gül açmasını gözləyirdi:
– Ana, atamın vəziyyəti çox ağırdır, həkimin də dərmanı ona kömək eləmədi. Neyləyək?
– Səbirli olaq, gülün açmasını gözləyək, açan kimi Hovard sağalacaq. Mən gülün sehrinə inanıram, – ana dedi.
Amma yazıq Hovardı ildırım vuranda o qədər qan itirmişdi ki, gülün açmasına qədər dözməyib öldü. Hovardı sevənlər çox idi. Ölüm xəbərini eşidənlər Sivanın, Fredanın dərdinə şərik olmaq üçün onlara gəlirdilər. Ağlamaqdan Sivanın kor gözlərində yaş qalmamışdı.
Atasının ölümü, anasının gözlərinin tutulması Fredanı çox kədərləndirmişdi. Günləri sayırdı ki, Qızıl çiçək gül açsın, ananın gözlərinə işıq versin. Günlər keçir, gül içə açmırdı.
Qızıl çiçəyi oğurlamaq istəyirlər
Evə gələnlərin ardı-arası kəsilmirdi. Elə vaxt olurdu ki, eyni adamlar hər gün Sivagilə bir neçə dəfə gəlirdi. Bəziləri Sivaya baş çəkməyə, bəziləri isə Hovardın xatirəsini yad etməyə gəldiyini də deyirdi.
Bir gün ana başa düşdü ki, gələnlərin çoxu onların dərdinə şərik olmağa yox, Qızıl çiçəyin sirrini öyrənməyə gəlir. Çünki qəribə suallar verirdilər:
– Deyirlər, sizdə Gözəllik çiçəyi var, bu düzdür?
– Qızıl çiçəyi əkdiniz?
– Qızıl çiçək həyətdə güllərin arasında görünmür. Onu harda əkmisiniz?
– Siva, görəsən, Qızıl çiçəyi qoxulayan kimi gözlərin açılacaq?
– Siva, gözlərin açılsa, yəqin gözəlləşəcəksən, cavanlaşacaqsan.
– Bir gün Qızıl çiçəyi satmaq fikrində olsanız, mənə deyərsiniz.
– Siva, bu düzdür ki, kraliçaya gülü sən vermisən, sonra oğlu olub?
– Çiçək kraliçanı necə gözəlləşdirdi?...
Atası öləndən sonra Freda meşədən moruq, göbələk yığıb bazarda satır, ana-bala bu pula dolanırdılar. Freda səhər evdən çıxır, meşəyə gedirdi. Anasına baxmağa zamanı qalmırdı. Belə vaxtlarda Sivanın yanında Nessi nənə qalırdı.
Nessi nənə qonşuluqda yaşayırdı. Çox rəhmli, mehriban idi. Sivanın xətrini çox istəyir, ona ana-bacı kimi qayğı göstərirdi. Sivanın ondan heç bir sirri yox idi. Bircə Sehrli gül haqda Nessi nənəyə heç nə deməmişdi. Bunu da Hovard tapşırmışdı ki, gülün sirrini heç kəsə açmasın.
Bir gün Nessi nənə Sivadan soruşdu:
– Camaat arasında söz-söhbət gəzir ki, sizdə sehrli gül var. Bu düzdür?
– Düzdür.
– Hardandır o çiçək sizdə?
– O vaxt Hovard yoxa çıxanda, hardansa özü ilə gətirmişdi.
– Gül necə sehrlidir ki?
– Kraliça gülü qoxulayandan sonra oğlu oldu.
– Aman Tanrım! Demək, doğrudan da sehrlidir. Ehtiyatlı olun, onu oğurlamasınlar.
– Qoymarıq oğurlasınlar, ümidimiz onadır ki, bəlkə gül açılan kimi gözlərimə nur verər.
– Elədirsə, onu yaxşı yerdə gizləyin. Eşitmişəm Şahzadə də gül ilə maraqlanır. Yəqin, çiçəyin burda olmasından xəbərdardır. Bir yol tapıb gülü ələ keçirəcək.
Siva şahzadə Trolun çox tərs və inadcıl olduğunu eşitmişdi. Ona görə dedi:
– Trol nə istəsə, edər. Nə atasına, nə anasına oxşadı. Tərsin, riyakarın biridir. Yazıq Kral Maqnusu, Kraliça Ailanı hiddətləndirməkdən ikisini də azara salıb. Amma, Nessi nənə, gülü bizdən heç kəs zorla ala bilməz. Kral Maqnus həmin adamı cəzalandırar.
Görəsən, gül niyə açmır?...
Nessi nənənin gətirdiyi xəbər Sivanı təlaşa saldı. Bir neçə gün Fredaya tapşırdı ki, gülü yaxşı gizlətsin. Hər gün Fredadan soruşdu:
– Gülə tez-tez bax, birdən çiçək açar, xəbər tutmarıq.
– Ana, səhər də baxıram, axşam da... Hələ açmır.
– Görəsən, niyə açmır?
– Bəlkə, ona su vermək lazımdır...
– Yox, bu adi gül deyil, ona su verilmir. O, yalnız göz yaşı ilə suvarılır.
– Göz yaşımla da su verə bilərəm.
– Yox, yox, bircə dəfə verilibsə, bəsdir. Atan deyirdi, gül pis nəfəslərdən uzaq olmalıdır. Bəlkə, bizə pis niyyətlə gələnlər var, ona görə gül açmır.
– Kim bizim evə pis niyyətlə gələr? Camaat bizi sevməsə, gəlməz.
Siva Nessi nənənin dediklərini Fredaya çatdıranda qız məəttəl qaldı:
– Qəribə adamlar var. Gül özümüzə gərəkdirsə, niyə onu kiməsə verməliyik?
Bir neçə gündən sonra Fredanın yanına Kral qəsrinin müşaviri gəldi. Onu bura Şahzadə Trol göndərmişdi. Müşavir dedi:
– Hovardın özündən eşitmişik və bilirik ki, sizdə müalicəvi Sehrli gül var. Şahzadə Trol istəyir ki, ya bu çiçəyi ona verəsiniz, ya da satasınız.
Freda bunu eşidəndə hirsləndi:
– Bizdə Sehrli çiçək var. Amma indi bizim özümüzün ona ehtiyacımız var. Anamın gözləri tutulub. O gül açan kimi anamın gözlərinə nur verəcək.
Fredanın sözlərindən müşavir özündən çıxdı:
– Siz nə cürətlə şahzadənin istədiyi bir çiçəyi ona vermək istəmirsiniz. O buna görə sizi cəzalandırar!
– Günahımız olmaya-olmaya nə cürətlə bizi hədələyirsiniz?!
Siva bayaqdan onlara qulaq asırdı. O, qızına bu sözləri deməyə hazırlaşırdı: “Qızım, Kral Maqnus gözəl insandır. Gəl, kralın xətrinə çiçəyi verək şahzadəyə”.
Müşavir həyasızcasına səsini qaldıranda Siva əllərini divara sürtə-sürtə irəli çıxıb dedi:
– Eşit, müşavir! Kralın xətri bizə çox əzizdir. Amma biz Sehrli çiçəyi Kral ailəsinə bir dəfə vermişik. O, sehrini də görüb, şahzadə doğulub. İndi gül özümüzə gərəkdir. Səsini qaldırsan da, qaldırmasan da, gülü verən deyilik.
– Şahzadə Sehrli gülü istəyirsə, deməli bu, Kral ailəsi üçün vacibdir. – Müşavir dedi.
Ana işi belə görəndə hirsləndi:
– Gülü bizdən heç kəs zorla ala bilməz! Hovard sağ olsaydı, sən səsini belə qaldırmazdın. Amma o ölübsə də, camaatın qayğısını çəkən Kral Maqnus sağdır. Ona desəm ki, sən zorla gülü məndən almaq istəyirsən, səni cəzalandırar. Çıx get, bir də bura gəlmə!
Müşavir kor qadının onunla belə danışacağını gözləmirdi. Ona görə hirslə getdi. O, gedəndən sonra ana dedi:
– Freda, görürsən, bu günlərdə evimizə gələn qonaqların çoxunu bizə kim göndərirmiş? Onlar bizimlə yox, Qızıl çiçəklə maraqlanır. Tərs Trol, o gülü ələ keçirməyincə, əl çəkməyəcək.
Freda anasının boynunu qucaqlayıb qorxa-qorxa dedi:
– Gülü necə qoruyaq? İnanıram, Qızıl çiçək bir gün sənin gözlərini açacaq. Qorxuram onu oğurlayarlar.
– Mən də inanıram. Amma sən qorxma, qızım! Qorxu insanı yaşamağa qoymur. Gülü isə artıq evdə saxlamaq olmaz. Mən görmürəm. Bir gün sən evdə olmayanda onu oğurlayarlar.
– Bəlkə, onu Nessi nənəyə verək, evində gizləsin?
– Yox, o çox qocadır, gözü yaxşı görmür, gül açar, xəbəri olmaz.
– Bəs neyləyim, ana? Mən də moruq yığıb-satmasam, ac qalarıq.
– Meşəyə get, amma dibçəyi də özünlə apar. Onu qoy atanın dəri çantasına. Çantanın içərisi qaranlıq olur, hara getsən, özünlə apar. Gül açan kimi biləcəksən. Çantanın içi işıqlanacaq.
Mənim kimi eybəcəri kim sevər...
Freda anası deyən kimi elədi. Hara getdi – meşəyə moruq yığmağa, bazara moruq satmağa, çaya paltar yumağa, – hər yanda dəri çanta yanında oldu. Hər dəfə dibçəyə baxıb ah çəkirdi. Gül nədənsə açmırdı. Ana əllərini divarlara sürtə-sürtə gedəndə Fredanın ürəyi parçalanırdı.
Freda tez-tez atasının qəbri üstünə gedər, onu ziyarət edər, sonra da qəbrin ətrafında əkdiyi güllərə su verərdi. Qəbiristan meşə yolunun üstündə idi.
Bir gün qəbiristanda bir cavan oğlan gördü. Oğlan bir qəbri qucaqlayıb bərkdən ağlayırdı.
Freda güllərə su verib meşəyə getdi. Səhər yenə qəbiristanda həmin oğlana rast gəldi. Oğlan yenə qəbir üstündə ağlayırdı. İstədi səbəbini soruşsun, cürət eləmədi. Dedi, bəlkə xətrinə dəyər.
Bir gün onu yenə qəbir üstündə ağlayan görəndə dözməyib soruşdu:
– Oğlan, niyə bu qədər ağlayırsan, nə olub sənə? Nə gəlib başına?
Oğlan səs eşidib başını qaldırdı, gözlərini sildi. Freda onu yaxından görəndə qorxdu. Oğlan çox eybəcər idi. O dedi:
– Nişanlımın qəbridir. O da məni çox sevirdi. Mənim ucbatımdan ölüb. Ona görə göz yaşım qurumur.
Freda oğlanın halına acıdı. İki əli ilə üzünü tutub soruşdu:
– Neyləmisən ki, sənin ucbatından ölüb?
– Göbələk yığdım, qızardıb yeyək, elə birincisi qızaran kimi qoydu ağzına. Sən demə, göbələk zəhərli imiş, yeyən kimi boğazını tutub yıxıldı, boğuldu, öldü.
– Dəhşət! – Freda göz yaşlarını saxlaya bilmədi.
– Doğrudan dəhşətdir. Amma dərdim özümə bəs deyilmiş kimi, qardaşları da bu yandan məni axtarır ki, öldürüb bacılarının qisasını alsınlar.
– Sən ki bunu bilə-bilə etməmisən.
– Onlar beş qardaşdır, beşi də qoluzorlu pəhləvan. Başa düşmürlər.
– Nə vaxtacan gizlənəcəksən?
– Özüm də bilmirəm. Meşədə, ağacda gecələməkdən belim quruyub. Neyləyim, ölmək də istəmirəm.
– Zavallı... Tanrı qardaşlara rəhm versin.
– Gərək çıxım bu ölkədən gedim.
– Mütləq get.
– Bu da çətindir. Bir yandan nişanlımın qəbri burdadır, bir yandan da pulum yoxdur ki, çıxım gedim. Heç olmasa, azacıq pulum olsaydı, yola çıxardım.
– Sənə kömək edərəm. Mən hər gün göbələk, moruq yığıb bazarda satıram. Sən də yığ, mən satım. Pul düzələnə qədər belə edərik.
Cavan sevindi, Fredaya minnətdarlıq elədi:
– Çox ürəyiyumşaqsan. Eynən mənim nişanlım kimi. Özün də ona oxşayırsan. Daha heç kəs məni onun kimi sevməyəcək. Mənim kimi eybəcəri kim sevər...
Oğlan yenə ağladı. Freda onu sakitləşdirdi:
– Darıxma, həyatı bilmək olmaz. Bir gün hər şey dəyişə bilər.
Freda aldandı
Oğlan bir az sakitləşdi. Sonra onlar qamışdan zənbil hördülər ki, oğlana moruq yığsınlar. Freda oğlandan ayrılanda adını soruşdu. Oğlan dedi:
– Adım Troldur. Şahzadə Trol ilə adım eynidir, amma bəxtimiz ayrıdır. O, xoşbəxtdir, mən bədbəxt.
– Özünə bədbəxt demə. Bu, yaxşı əlamət deyil.
– Neyləyim bəs? Həmişə qorxu içərisində yaşayıram. Səni and verirəm kimi sevirsən onun canına, məndən heç kəsə danışma. Qardaşlar yerimi bilər, məni öldürər.
– Danışmaram, arxayın ol, söz verirəm...
Beləliklə, Freda və Trol tez-tez meşədə görüşüb göbələk, moruq, yığdılar. Freda onun yığdıqlarını bazarda satdı, pulunu Trola verdi.
Trol qıza o qədər mehribanlıq göstərirdi ki, Freda get-gedə ona isinişirdi. Bir gün Trol etiraf etdi:
– Sevdim səni, Freda. Sən bütün dərdlərimi mənə unutdurdun.
– Mən də səni çox istəyirəm.
– Doğrudan?
– Əlbəttə!
– Nə yaxşı... Evlənək, deyərdim sənə. Amma çox eybəcərəm, bilirəm sevgimi rədd edəcəksən.
Təklif Fredanın ürəyincə oldu. Bu vaxta qədər Trol ona o qədər mehribanlıq göstərmişdi ki, qız ona öyrəşmişdi. Ona görə sevindi:
– Özünə eybəcər demə. Mənim xoşuma gəlirsən. Amma anamın gözləri açılsın, sonra bu haqda danışarıq.
– Mən özümü çox tənha hiss edirəm.
– Özünü tənha hiss etmə, mən sənin yanındayam!
– Elədir. Nə yaxşı sənə rast gəldim! Gəlsənə, gizlicə evlənək!
– Necə?
– Burda, meşədə özümüzə taxtadan ev tikək, birlikdə qalaq.
Freda gülüb dedi:
– Olar. Amma indi anamı tək qoya bilmərəm...
Trol və Fredanın gizli evi
Nəhayət, Trol Fredanı aldada bildi. Ondan sonra neçə gün görünmədi. Freda ondan nigaran qaldı. Trol gələndə bu vaxta qədər harda olduğunu soruşdu. O, cavab vermək əvəzinə Fredanın əlindən tutub meşənin sıx yerinə gətirdi. Taxta evi göstərib dedi:
– Neçə gündür əziyyət çəkdim, özümüzə ev tikdim.
Freda ona inandı:
– Nə yaxşı... Desəydin, mən də kömək edərdim, əziyyət çəkməzdin!
Əslində isə evi şahzadə Trolun xidmətçiləri tikmişdi. Trol həqiqətən də – Trollandiya şahzadəsi, – Kral Maqnusun oğlu idi. O, çox məharətlə özünü kasıb qələmə verir, Fredanı aldadırdı. Trol atası və anası kimi xeyirxah deyildi. Kral nə qədər yaxşı insan olsa da, onun oğlu paxıl, xain və acgöz idi. Trolun uzunburun və çirkin olması ata-ananı elə də narahat etmirdi. Əsas onları narahat edən Trolun pisliyi, eqoistliyi, paxıllığı və yalançılığı idi.
Trolun Fredaya bu qədər mehribanlıq göstərməkdə məqsədi isə Qızıl çiçəyi ələ keçirib, öz eybəcərliyinə son qoymaq idi.
Trol artıq Qızıl çiçək haqda çox şey bilirdi. Onu da bilirdi ki, Freda dibçəyi həmişə yanında gəzdirir. Trol gülün açmasını gözləyirdi. Gizlicə gündə neçə dəfə dəri çantanı açıb gülə baxır, bununla da murdar nəfəsini gülə verirdi. Gül buna görə açmır, ətrafa nur saçmırdı.
Freda anasını çox sevsə də, Trol haqda ona heç nə demirdi. Sadəlövh qız qorxurdu ki, Trolun nişanlısının qardaşları onun yerini öyrənərlər.
Qızıl çiçəyə pis nəfəs dəyib
Bir gün anası Fredaya dedi:
– Neçə vaxtdır əkmişik, qönçə hələ də gül açmır. Gözlərim kor qaldı.
– Neyləyək, ana?
– Bir bax, bəlkə, gülün kağızında nəsə yazılıb.
Freda kağızı açanda gözlərinə inanmadı. Orda yazılmışdı: “Qızıl çiçəyin qönçəsinə pis nəfs dəyib, gül açmağa mane olub. İndi budaq dibçəkdən ayrılmalı, bir ildən sonra yenidən əkilməlidir”.
Ana-bala bunu biləndə pis oldular. Əlac yox idi. Bir il gözləməli idilər.
Səhər Freda meşədəki daxmaya gələndə bikef idi.
Trol həmişəki kimi Qızıl çiçəyin açmasını səbirsizliklə gözləyirdi. O, qızın əlində dəri çantanı görməyib soruşdu:
– Nə olub, Freda? Niyə bikefsən? Dəri çantan hanı, itirmisən?
Freda Trola inanırdı deyə hər şeyi ona danışdı.
Trol Qızıl çiçəyin sirrini öyrənir
Freda, Trola o qədər inanırdı ki, hətta ona Qızıl çiçəyin sirlərini də açırdı. Eşitdiyindən Trolun eybəcər üzü lap eybəcərləşdi. Qızın dediyinə görə, Trol bir il gözləməli idi. Şahzadə hirsləndi, bəhanə tapıb Fredanın üstünə qışqırdı:
– Mən səndən heç nə gizlətməmişəm. Sən isə bu vaxta qədər hər şeyi məndən gizlətmisən. Mənə inanmamısan. Bilmirəm niyə?
Hirslə daxmanın qapısını çırpıb getdi. Freda onu nə qədər çağırsa da, qayıtmadı.
Aradan neçə-neçə aylar keçdi. Freda Trol üçün çox darıxdı, çox ağladı.
Günlərin birində Trol gəlib çıxdı. Yalandan çoxlu bəhanə tapıb Freda ilə barışdı. Bu vaxt ərzində Freda arıqlamış, gözlərinin altı qaralmışdı.
Trol bilirdi ki, yaxında Qızıl çiçəyi təzədən əkəcəklər. İndidən gülü ələ keçirmək üçün hazırlaşmalı, Fredanın könlünü almalı idi. Trol dedi:
– Gözəl Fredam! Səndən inciyəndən sonra başqa ölkəyə getmək istədim. Getdim də... Bir müddət sonra başa düşdüm ki, sənin üçün çox darıxıram, dözə bilməyib qayıtdım. Daha səndən ayrılmaram.
Freda Trola inanıb ağladı.
Bir gün Freda Qızıl çiçəyin qönçəli budağını əkdi. Anası dediyi kimi ona göz yaşından su verdi. Ana dedi:
– Dibçəyi daşıyıb özünə yük eləmə. Nessi nənədən başqa evimizə heç kəs gəlmir. Deyəsən, camaat gözlədi ki, Qızıl çiçək sehr göstərəcək, gözlərimə nur verəcək. Gül də açmadı, kor qaldım. Adamlar Qızıl çiçəyə etibarını itirib bizdən əl çəkdilər. İndi arxayınam ki, gülü heç kəs oğurlamaq fikrinə düşməz. Çünki onun sirrini heç kəs bilmir.
Sehrli çiçək pis adamın əlinə keçir
Həmin günlər Trol hər gün Freda ilə görüşürdü ki, Sehrli güldən xəbər bilsin. Bir gün Freda Qızıl çiçəyi əkdiyini Trola xəbər verdi. Trol bir neçə gün Freda ilə qalıb gül haqda hər şeyi öyrəndi və sonra yenə yoxa çıxdı. Bu dəfə səbəbsiz yoxa çıxdığından Freda ondan çox nigaran qaldı.
Bir gün Freda özünü çox pis hiss etdi. Ürəyi sıxıldı, bulandı, başı gicəlləndi, heç nə yeyə bilmədi. Dərdini yaşıdlarına deyəndə, ondan soruşdular: “Bəlkə hamiləsən?”, “Freda, bəlkə, uşağın olacaq?”
Freda daha bu haqda heç kəsə bir söz demədi. Amma hamilə olduğunu anlayanda, sevindiyindən Trolu axtarmağa getdi. Tez-tez meşəyə, qəbiristana gəldi, şəhər meydanına çıxdı ki, bəlkə Trola rast gələ. Bazarları gəzdi ki, bəlkə hardasa rastına çıxa, sevincini onunla bölüşə. Heç kəsdən də soruşmurdu. Axı onun ölmüş nişanlısının qardaşları eşidər, Trolu öldürərdilər.
Əslində isə “ölmüş nişanlı” əhvalatı gülü ələ keçirmək istəyən Trolun uydurduğu yalan idi.
Nəhayət, Qızıl çiçək gül açdı
Bir gecə Siva ilə Freda yatmışdılar. Birdən ev elə işıqlandı ki, sanki Günəş doğdu. Əlbəttə, bu ana-balanın nə vaxtdır gözlədiyi Qızıl çiçəyin şəfəqləri idi. Qızıl çiçək açdı. Amma ananın gözləri kor olduğundan bu işığı hiss etmədi. Freda da çox bərk yatdığından bunu görə bilmədi.
Bayırda gizlənmiş gözətçilər isə bunu həmin an gördülər. Neçə vaxt idi Trolun göstərişi ilə evi güdürdülər.
Şahzadə gözətçilərə belə tapşırıq vermişdi:
– Evə yaxın pusqu qurun. Nə vaxt gördünüz ev işıqlandı, deməli, gül açır. Tez evə girib nə yolla olur-olsun Qızıl çiçəyi götürün. Elə edin sizi tanımasınlar. Yoxsa Kral məni cəzalandırar.
Gözətçilər evin işıqlandığını görən kimi yavaşca pəncərədən evə girib dibçəyi götürdülər.
Oğrular atlara qamçı vuranda ana səsə oyandı. Əlini dəri çantaya sürtmək istəyəndə yerində yox idi. Qışqırıb Fredanı yuxudan oyatdı:
– Freda, nə yatmısan, qalx, dibçəyi apardılar! Anan yenə kor qaldı, qızım, oyan!
Freda oyansa da, gec idi. Atlılar uzaqlaşmışdı. Oğrular görünmürdü. Ana-bala nə qədər ah-vay eləsələr də, harayları heç yerə çatmadı.
Trollandiya şahzadəsi yaraşıqlı olmalıdır!
Gözətçilər Qızıl çiçəyi Şahzadə Trola verən kimi o, tez otağına girdi. Gülü açıb qoxuladı və tez aynaya baxdı. Elə aynanın qarşısında onun ətli burnu yığışıb balacalaşdı. Üzünün eybəcərliyi itdi. Şahzadə yaraşıqlı oğlan oldu.
Trol dibçəyi otağının pəncərəsinə qoydu. Xidmətçilərə də tapşırdı ki, içəri heç kəs girməsin. Hamı Şahzadənin birdən-birə belə dəyişməsinə məəttəl qaldı. Eybəcər şahzadənin bir gündə qəfil dəyişib yaraşıqlı olması xəbəri bütün şəhərə yayıldı. Bu xəbəri Freda da eşitdi. Aldadıldığını başa düşüb ah-vay elədi. Anasını kor qoyduğuna görə əzab çəkdi.
Qəsrə gedib Trolu axtardı. Trolun tapşırığı ilə onu qapıdan içəri buraxmadılar. Freda bir yerdə gizlənib Trolun qəsrdən çıxmasını gözlədi. Trol qəsrdən çıxanda onu çətinliklə tanıdı. Trol tamam dəyişmişdi. Freda onun qarşısına qaçıb dedi:
– Trol, mən səni çətinliklə tapmışam. Səninlə danışmalıyam!
Trol qəribə baxışlarla Fredaya baxıb çiyinlərini çəkdi. Sonra da gözətçilərə baxıb başının hərəkəti ilə “onu burdan uzaqlaşdırın”, – dedi.
Gözətçilər Fredanı əhatəyə alıb qəsrdən uzaqlaşdırdılar. Freda meşədəki daxmaya gedib çoxlu ağladı.
Qızıl çiçək fəlakət saçmağa başlayır
Özünün birdən-birə belə dəyişib yaraşıqlı olmağı Şahzadə Trolun ağlını başından aldı. Deyilən təriflər çox xoşuna gəldi. O, Sehrli gülü axşam yenə qoxulayıb yatdı.
Səhər Trol yuxudan oyanıb yenə həvəslə aynaya baxanda əvvəlkindən də eybəcər olduğunu gördü. Amma heç kefini pozmadı. Çünki Gözəllik çiçəyinin bihuşedici qoxusu onu məst etdi, ona xoş bir əhval-ruhiyyə verdi. Gözəllik çiçəyinin qoxusu ikinci dəfə Trolun nəfəsinə gedəndə kefi elə qalxdı ki, öz eybəcərliyini unudub ürəkdən güldü.
Freda çiçəyin sirrini Trola açanda bunu da demişdi ki, çiçəyi tək bir dəfə qoxulamaq olar. Amma şahzadə buna əməl etmir, çiçəyi hər gün qoxulayırdı. Hər dəfə də gah yaraşıqlı olur, gah eybəcərləşirdi. Sonra təzədən kefinin, nəşəsinin artması və çoxlu gülməsi üçün qoxulayırdı.
Qəsrdə artıq çoxu bu halda idi. Camaat bilmirdi ki, Gözəllik çiçəyini yalnız bir dəfə qoxulamaq olar. Bir neçə gündən sonra çiçəyin qoxusu hər yanı bürüdü. Adamlar istəsələr də, istəməsələr də, bütün günü gülün ətri ilə nəfəs alırdılar.
İlk dəfə kim Gözəllik çiçəyini qoxulayırdısa, həmin an hər kəsi cavanlaşdırır, gözəlləşdirirdi. Bir neçə gün çiçəyin ətrini qoxulayan adam isə əvvəlkindən də çox qocalır və eybəcərləşirdi.
Meşə qızı meşədə yaşamağa başladı
Həmin günlər Sivanın da gözləri açıldı. Çünki Gözəllik çiçəyi elə tez artıb-çoxalırdı ki, ətri hər yana yayılırdı. Ona görə Sivanın gözləri açıldı. O, Fredanın hamilə olduğunu biləndə dəhşətə gəldi. Freda qorxudan bu barədə heç kimə heç nə deməmişdi. Əlbəttə, Trolun ona möhkəm tapşırdığına görə belə etmişdi.
İndi isə aldadıldığını başa düşüb hər şeyi olduğu kimi anasına danışdı. Siva həyəcanlandı, ağladı, qızının halına acısa da, onu sakitləşdirdi.
Siva bununla belə kilsə qaydalarına da riayət etməyi vacib bilib Sivaya qətiyyətlə dedi:
– Mütləq kilsəyə gedib hər şeyi olduğu kimi Keşişə danış. Sonra isə ondan günahlarının bağışlanmasını xahiş et.
– Qorxuram Trol bundan xəbər tuta, qəzəblənə.
– Onda bu haqda əvvəl Trolun özü ilə danış. Gözləmə ki, ana bətnində atası məlum olmayan uşaq gəzdirdiyinə görə bir gün camaat sənə lənət yağdırsın və daşqalaq etsin. Keşiş Trolun pis əməllərindən xəbər tutsa, baxmaz şahzadədir, onu da cəzalandırar. Camaat keşişə inanır. Keşişin bir sözü ilə camaat Trolu Kral sarayından uzaqlaşdırıb daşqalaq edər. Trol özü əməllərinə cavab verməlidir, səni aldatdığını boynuna alıb, keşişdən günahlarının bağışlanmasını xahiş etməlidir.
Kimsə kilsədən icazəsiz, keşişin xeyir-duası olmadan ailə qursa, üstəlik dünyaya uşaq gətirsə, onu heç vaxt kilsəyə, ibadətə buraxmazlar. Onda sən “Tanrısız rəiyyət” kimi rüsvay olarsan. Uşağı kilsəyə buraxmaz, ona ad verməzlər. İnanmıram keşiş səni bağışlasın. Hətta o bağışlasa belə, camaatın gözünə görünüb onları qəzəbləndirmə. Sabahdan meşədəki daxmada yaşayarsan. Yoxsa keşişin lənətindən, camaatın qəzəbindən qurtara bilmərik.
Səhər Freda meşəyə getməmişdən qəsrə gəldi. Düşündü ki, Trolun yanına gedib, hamilə olduğunu ona bildirsə, hər şey dəyişə bilər.
Freda bu dəfə gözətçilərin gözünə görünmədi. Bir az aralıdakı gizlin yerdə saatlarla gözlədi. Şahzadə darvazadan çıxanda qarşısını kəsib dedi:
– Trol, məni bir anlığa dinlə. Biz səninlə kilsəyə getməliyik. Bizim uşağımız olacaq. Məni bu vəziyyətdə tək qoyma. Camaat məni lənətləyər.
Trol barmağını ağzına qoyub hirsləndi:
– Sus, eşidərlər! Bir də mənim qarşıma çıxıb günahlandırsan, özünü ölmüş bil! Biz gülü sizdən xoşluqla istədik, vermədiniz, gərək verəydiniz. İndi məni yox, özünü qına! Çəkil yolumdan!
– Məni kilsənin, camaatın qəzəbinə vermə, Trol! Övladına sahib çıx!
– Kəs səsini, meşə qızı! Bunu kimsə bilsə, özünü ölmüş bil!
Trolun ona “Meşə qızı” deməsi Fredanı dəhşətə gətirdi. Ağlaya-ağlaya meşəyə gedib nəmişlikdən çürümüş, yarıuçuq daxmada yaşamağa başladı. O, Keşişin qəzəbindən, camaatın tənəsindən çox qorxurdu.
Ağ Trol, Qara Trol
Günlər keçdi, doqquz ay ötdü, Fredanın əkiz oğlanları oldu. Onlardan biri sarışın, yaraşıqlı, gülərüz, o biri qara, tüklü və qaşqabaqlı idi. Freda onların hər ikisini eyni cür sevirdi. Hər ikisinə Trol adı verdi. Düşündü: “Trol onların atasıdır. Bəlkə, bir gün qəzəbi soyudu, övladlarına sahib çıxdı. Onda oğullarına özü ad verər”. Ana uşaqları çağıranda birinə Ağ Trol, o birinə Qara Trol deyirdi.
Hovardın ölümündən sonra Sivanın ayaqları ağrıyırdı deyə, meşəyə gəlib qızına kömək edə bilmirdi.
Freda köməksiz qalmışdı. O, hər iki balasına yellənən beşik düzəldib ağacdan asdı. Meşə meyvələrindən onlara yemək hazırladı, ac qoymadı. Heyvan dərisindən paltar tikib balalarına geydirdi, soyuğa vermədi.
Ağ Trol çox sakit və ağıllı, Qara Trol isə nadinc, dalaşqan, dağıdan, qışqıran idi.
Freda hər şeyi balaları arasında tən bölürdü. Qara Trol nə qədər vəhşilik etsə də, ana onlara fərq qoymur, ikisini də çox istəyirdi.
Bir az böyüyəndən sonra Qara Trol həmişə Ağ Trolu vurar, əlində olanı alardı. Ağ Trol isə hirslənib ağlamaq əvəzinə qardaşının başını tumarlayar, onunla dost olmağa çalışardı. Çox vaxt Qara Trol ya onu itələyər, ya da dişləyib qaçardı.
İki oğlanın hər ikisi fərqli idi. Onlardan biri mələyi, o biri şeytanı xatırladırdı.
Freda kasıb yaşasa da, balalarına baxanda özünü xoşbəxt sayırdı.
Donmuş qaya parçası
Bir gün fəlakət baş verdi. Şahzadə Trol öz dəstəsini də başına yığıb çaya çimməyə gəlmişdi. Dəli çayda çimmək üçün çoxu bura gəlirdi. Çünki dağın ətəyində çay bir az sakitləşir, adamlar orda üzə bilirdi. Çay başqa yerlərdən elə dəli-dəli axırdı ki, orda çimmək qorxulu idi. Çay adamı asanlıqla apara bilirdi.
Şahzadə gələndə Freda bir ağacın kölgəsində oturmuşdu, Ağ və Qara Trollar isə çayda çimirdilər. Ana Kral karetini görən kimi tez kolluqda gizləndi, qorxudan səsini çıxartmadı. Uşaqlar çimməyə davam edirdilər. Trol karetdən düşüb qışqırdı:
– Uşaqlar nə cürətlə sudan çıxmır?! Çıxarın, qovun onları, itilib getsinlər!
Yad adamın belə danışığı uşaqların xoşuna gəlmədi. Onlar deyiləni veclərinə almayaraq bir yerdən suya baş vurur, başqa yerdən çıxırdılar. Gözətçilər çaya girib uşaqları tutmaq istəyəndə isə yoxa çıxırdılar. Uşaqları tutmaq olmurdu.
– Uşaqları cəzalandırın! – Şahzadə belə deyəndə Freda gizləndiyi yerdən çıxdı. Yaylığı ilə üzünü örtüb dedi:
– Toxunmayın balalarıma! İndi mən onları sudan çıxararam!
– Bu uşaqlar əmrə tabe olmur, – Trol dedi. – Şahzadəyə itaət etmək istəmirlər. Kim onları tərbiyə edib ki, hörmətli adamları saymırlar? İndi biz onları cəzalandırarıq, dərs alarlar.
Uşaqları tora salıb tutdular. Ana yalvarsa da, qulaq asmadılar. Uşaqları qamçı ilə döyməyə başlayanda ana dözə bilmədi, üzünü açdı və Trola yaxınlaşıb dedi:
– Trol, uşaqlara dəyməyin, onlar bizim balalarımızdır. Sənin və mənim.
Freda üzünü açan kimi Trol onu tanıdı və qorxdu. Freda uşaqların atasının Trol olduğunu hamının yanında deyə bilərdi. Ona görə Trol hiyləyə əl atdı. Qışqırıb dedi:
– Uşaqları buraxın!
Uşaqlar analarının yanına qaçdılar. Ana onları qucaqlayıb sakitləşdirdi.
Trol mühafizəçiləri yanına çağırıb onlara nə dedisə, mühafizəçilər bir anda ananı uşaqlardan zorla ayırdılar. Sonra onların qışqırtısına məhəl qoymayıb, ananı çayın gur axan, dərin, burulğanlı yerinə atdılar.
Uşaqlar analarının üzə bilmədiyini bilirdilər. Ona görə də onu xilas etmək üçün arxasınca çaya tullandılar.
Bir xeyli sonra ağlaya-ağlaya sudan çıxdılar. Dəli çay uşaqların gözü qarşısında ananı suyuna-selinə qatıb apardı.
Trol Fredadan canı qurtardığına görə sevindi. Uşaqlar qorxudan qaçıb gizləndilər. Trol dəlisayağı bir qəhqəhə çəkib güldü və bir anda hər şeyi unutdu. Sonra isə ləzzətlə çimib sərinləndi. Onun ağılsız başını Sehrli çiçəyin nəşəsi bir az da korlamışdı.
Dəli çay Fredanı çox uzağa apardı. Çay suyu sıldırım bir qayanın altından axıb gedirdi. Qayanın içərisi buz bağlamışdı. Çay Fredanı qayaya salanda o, yarıhuşsuz vəziyyətdə idi. Boğulmasın deyə çapalayıb haldan düşmüşdü.
Freda çayla axa-axa düşünürdü: “Mən sağ qalmalıyam. İki balaca uşağımın gözü qarşısında Trol belə bir amansız hərəkət etdiyinə görə mən ondan qisas almalıyam”. Amma çay onu hər tərəfi buz bağlamış qayaya salanda Freda hər şeyi unudub tamam huşunu itirdi. Sonra isə buzlaqlar arasında bir buz parçasına döndü.
Ana buz qayalıqlar arasında qalsın, görək Kral qəsrində nələr baş verir.
Ölüm çiçəyinə toxunmayın
Trol sehrli çiçəyi qoxulayandan sonra gül çox xoşuna gəlmişdi. O, xidmətçilərə tapşırmışdı ki, gülə gündə iki dəfə su versinlər.
Sehrli gül də ona görə sürətlə artıb-çoxalmağa başlamışdı. Dayanmadan qəsrin divarlarına sırmanırdı. Qəsr elə gözəlləşmişdi ki, baxan heyran qalırdı. Gözəl qönçələr, açılmış güllər, onların bihuş edən ətri gah insanları gözəlləşdirir, gah nəşələndirirdi. Hamı gülü əldə etməyə, evində, həyətində əkməyə, onu daima qoxulamağa çalışırdı. Nə idi bunun sirri?
Camaat işini-gücünü unudub, çox vaxtı yatırdı. Yuxudan oyananda da kefləri kök, özləri isə nəşəli olurdular. Çünki hər şeyi unudurdular və beyinlərində yalnız şənlənmək, əylənmək qalırdı. Güləndə də elə qəhqəhə çəkirdilər, sanki dünyanın ən xoşbəxt adamları idilər.
Kral Maqnus və Kraliça Aila görürdülər ki, bu dəhşətli gül onların gözü qarşısında ölkəni, adamları məhvə aparır. Bir müddət belə davam edəndən sonra Kral dözməyib camaatı meydana topladı və onlardan soruşdu:
– Gözəllik çiçəyi çox qorxulu və dəhşətli bir çiçəkdir. Onu ölkəmizə yalnız pis adamlar gətirə bilər. Kim onu gətirib yayıb şəhərə?
Hamı susdu. Heç kəs onun adını demək istəmədi. Amma Kralın hirsləndiyini görüb qışqırdılar:
– Şahzadə Trol!
Kral eşitdiyindən dəhşətə gəldi. Hirslə Trola baxıb başını buladı. O bu vaxta qədər hələ bilmirdi ki, ölkəni bu vəziyyətə salan Kralın öz oğludur. Ona görə ürəyi elə sancdı ki, ayaq üstə dura bilməyib oturdu. Az sonra çətinliklə qalxıb sözünə davam elədi:
– Mən bu gündən Gözəllik çiçəyinin əkilməsini, artırılmasını qadağan edirəm. Bu gül ölkəmizə aclıq, fəlakət gətirəcək.
Bütün bunlar qəsrdə baş verirdi. Şəhərdə isə Gözəllik çiçəyi aşıb-daşır, hamı güldən dərib evində, həyətində əkirdi. Sehrli gül onu əkməyənlərin də həyətinə qol-budaq atırdı.
Keşiş Qızıl çiçəyi “Ölüm çiçəyi” adlandırır, onu şeytan bitkisi hesab edirdi. O, insanlardan gülə toxunmamağı, onu artırmamağı xahiş edirdi.
Krallıq Trola keçir
Gözəllik çiçəyi durmadan artır, insanları dəyişdirir, tənbəlləşdirirdi. O, insanlara ziyan versə də, açdığı gözəl, qızılı çiçəklər şəhərə yayılır, hər tərəfi gözəlliyə qərq edirdi.
Hamı gülün məstedici qoxusundan əylənirdi. İşsizlik, səfillik baş alıb gedirdi. Artıq ölkədə yavaş-yavaş, Kral Maqnusun dediyi kimi, aclıq başlayırdı.
Bu bir müddət davam edəndən sonra ölkədə un ehtiyatı tükəndi, çörək azaldı. Taxıl əkməyin vaxtı keçdi, quyuların suyu çəkildi. Bağları suvaran olmadı, meyvə azaldı, bostan əkmədilər, məhsul olmadı.
O qədər şənlik məclisləri quruldu ki, kabab bişirib yeməkdən mal-heyvan qalmadı. Heç kəs əkib-becərmir, heç kəs işləmək istəmirdi. Uşaqlar südsüz, böyüklər çörəksiz qalırdı.
Şahzadə Trolun Gözəllik çiçəyi ölkəyə fəlakət gətirdi. Kral, Kraliça, Keşiş nə qədər çalışsalar da, camaatı başa sala bilmirdilər. Hamı çalışırdı həyətində Sehrli çiçək olsun.
Ölkəsinin bu halına dözə bilməyən Kral Maqnusun ürəyi partladı. Kralın ölümü Kraliçaya elə təsir etdi ki, o da xəstələnib yatağa düşdü.
Kralın ölümündən sonra camaat sanki ayıldı. Onlar gözəl Krallarının arzusunu həyata keçirmək üçün Gözəllik çiçəyini kökündən məhv etmək qərarına gəldilər.
Şahzadə Trol atasının ölümünə elə də kədərlənmədi. Çünki kral taxtı indi onun idi. İstədiyi adamı cəzalandıracaqdı. Heç kəs ona mane olmayacaq, heç kəs onu danlamayacaq, istədiyi kimi yaşayacaqdı.
Gözəllik çiçəyinə ölüm...
Kralın ölümü ilə sanki camaat qorxulu yuxudan oyandı. Onlar səhv etdiklərini anladılar. Çünki artıq aclıq başlayırdı. Bunu anlayıb qorxuya düşmüşdülər. Vaxtında Kral Maqnusun dediklərini etmədiklərinə görə peşmançılıq çəkirdilər.
“Gözəllik çiçəyinə ölüm!” – qəzəblənmiş camaat əllərinə balta alıb evlərdən, həyətlərdən gülləri təmizləməyə başladılar. Bununla belə, gül dayanmadan artırdı. Gülü dibçəkdən çıxarıb torpaqsız, susuz qoydular. Balta ilə neçə hissəyə böldülər. Sehrli gül sanki qəzəbləndi və əvvəlkindən də çox artmağa başladı.
Gül əkdin-əkmədin – torpaqsız, susuz öz-özünə qol-budaq ataraq hər yana yayılırdı. Eyvanda əkilibsə artıb həyəti ağzına alırdı. Evdə əkilibsə bir yol tapıb həyətə çıxır, sarmaşıq kimi qonşuya qədər gedirdi. Hətta arxın, çayın içi ilə də arta-arta gedə bilirdi. Budağını əl ilə qırmaq olmurdu. Gərək balta ilə baltalayaydın. Baltadan sanki gül qəzəblənir, bir gecədə on yerə budaq atıb şaxələnirdi. Hörümçək toru kimi toxuna-toxuna hər yana yayılırdı. Bir sözlə, Gözəllik çiçəyi camaata bir bəla olmuşdu.
Camaat hər səhər oyanıb görürdü ki, gül əvvəlkindən də çox artıb. Bilmirdilər neyləsinlər. Lap başlarını itirmişdilər.
Gülün əlindən bezmiş camaat vətəndən üz döndərib qaçırdı. Ölkə gündən-günə boşalırdı.
Görəsən çay anamızı hara aparıb?
Bu şəhərdə olanlardı. Görək meşədə nə baş verirdi.
Analarını çay aparandan sonra balaca Trol qardaşları hər gün çayın kənarında oturub suya baxırdılar. Onlar həmişə belə oturar, analarını xatırlayardılar. O vaxtdan indiyə qədər aradan neçə il keçməsinə baxmayaraq, bir dəfə də olsun, qardaşlar çayda çimməmişdi. Birdən Ağ Trol dedi:
– Görəsən, çay anamızı hara aparıb?
Qara Trola da bu maraqlı gəldi:
– Maraqlıdır, doğrudan çay anamızı hara aparıb?
Onların ikisi də oturduqları yerdən qalxıb suya tullandı. Çayın selində üzü göyə hərəkətsiz uzanıb axına düşdülər. Çay onları selinə-suyuna qatıb səhərə qədər apardı, apardı, axır gətirib buzlu qayaların mağarasına çıxartdı.
Mağara qaranlıq olsa da, Günəş hardansa bir buzun üstünə düşdü. Bu vaxt buz əriməyə başladı. Buz əridikcə onun içərisində donmuş ana göründü. Nəhayət, buz tamam əridi, Trol qardaşları analarını tanıyıb onu qucaqladılar. Sevincək onu sudan çıxartdılar. Ana hərəkətsiz idi. Neçə vaxt idi buzlamışdı. Trollar nəfəsləri ilə analarının buzunu əritdilər. Ananın gözləri açıldı. O, övladlarını tanıdı. Gözləri doldu, ağlaya-ağlaya pıçıldadı:
– Mənim balalarım!
Uşaqlar necə sevindisə, bunu yazan yaza, danışan danışa bilməz. Ananın sevincinin qədəri də ölçü bilməz. Ana balalarını tapandan sonra fərəhindən az qala uçurdu. O dedi:
– Gəlin, bir buralarda bir daxma tikək, yaşayaq.
Elə də etdilər. Neçə il burda yaşadılar. Trol qardaşları bir az da böyüyəndən sonra dedilər:
– Biz getməliyik!
– Hara? – Ana soruşdu.
– Şahzadə Troldan qisas almağa! O, sənin qatilin, bizim düşmənimizdir!
– Mən ki sağam!
– O, gözümüzün qarşısında səni çaya atdı!
– O sizin atanızdır.
– Gedək atamızdan soruşaq ki, səni niyə çaya atdı?
Ana dedi, balalar dedi, axır ki, qardaşlar dediklərini etdilər. Qayıdıb vətənlərinə gəldilər.
Freda şəhəri tanımadı. Hər yan yaşıl sarmaşıq idi. Yollarda az adam görünürdü. Şəhər demək olar ki, boşalmışdı.
Küçələrə sarmaşan Qızıl çiçəyin əlindən yerimək olmurdu.
Əli silahlı mühafizəçilər qəsri əhatəyə almışdılar. Onlar tez-tez artan sarmaşığı kəsirdilər.
Əkiz krallar
Trol qardaşları qəsrə girmək istəyəndə gözətçilər icazə vermədi. Ana oğlanlarını qəsrə tək buraxmaq istəmirdi. Onlara yalvarır, fikirlərindən döndərməyə çalışırdı. Trollar isə böyümüş, meşədə tənha yaşamaqdan və analarının qisasını almaq hissindən bir az da vəhşiləşmişdilər. Onları fikrindən döndərmək mümkün deyildi.
Ağ Trol irəli çıxıb gözətçiyə qışqırdı:
– Çəkil yolumdan, darvazanı aç!
– Olmaz. Siz kimsiz? – belə deyəndə Qara Trol gözətçinin nizəsini aldı, onu nizəyə taxıb darvazadan o tərəfə atdı. Ana bunu görəndə huşunu itirdi. O biri gözətçilər qorxudan darvazanı açdılar. Ağ Trol anasını qucağına alıb qəsrə girdi.
Kral Trol taxtında oturmuşdu. Fredanı ölmüş bilirdi. İndi onu tanıyan kimi qorxudan gözləri böyüdü. Bərkdən qışqırdı:
– Hanı mühafizəçilər? Niyə mənə demirlər ki, gələn kimdir, nə istəyir...
Qara Trol irəliləyib dedi:
– Kral, biz Trol qardaşlarıyıq. Sən gözümüzün qabağında anamızı çaya atdırdın. Səbəbini bizə deməlisən! Niyə belə etdin?!
Kral Trol qorxudan daha bərk qışqırdı:
– Siz kimsiniz? Rədd olun burdan! Mən sizə izahat verməliyəm? Küçüklər!
– Onda biz səndən qisas almalıyıq!
Gözətçilər doğrudan da qorxudan yoxa çıxmışdılar. Ağ Trol həmişəki kimi çox rəhmli idi. O, yaxınlaşdı, Kral Trolun yaxasından tutub qışqırdı:
– Axmaq Trol! Elədiyin pisliklərə görə bizə cavab verməlisən! Tez elə, anamdan üzr istə!
Kral Trol bilmədi neyləsin, əlacı kəsildi, Fredadan üzr istədi. Fredanın halı özündə deyildi deyə, heç nə eşitmədi. Bundan sonra Kral Trol taxtında oturdu, bununla da elə bildi ki, onu bağışladılar.
Əslində bu, Ağ Trola bəs idi. Amma Qara Trol qardaşından fərqlənirdi. O, vəhşi idi. Qara Trolun gözləri qıpqırmızı qızarmışdı. Üzr istəməyin nə olduğunu bilmir, bağışlamağı bacarmırdı. İndi o, anasının qisasını almalı idi. Yoxsa hiddətdən ürəyi partlayacaqdı.
Kral Trol taxta oturan kimi Qara Trol onun boğazından yapışıb hirslə dedi:
– Freda mənim anamdır. Mənim anama əl qaldıran qardaşıma yox, mənə cavab verməlidir! Sən nə cürətlə mənim qarşımda taxta oturursan? Məgər taxta layiqsən?
Bunu deyib yumruğunu qaldırdı. Kral Trolun başından elə vurdu ki, onun gözü dörd gördü. Taxt sındı, Kral taxtın altına girdi.
Axmaq Trol sonrakı cəzasını zirzəmidə çəkdi. Qardaşlar analarının qisasını belə aldı.
Kraliça Aila olanlardan xəbər tutanda həmişəki kimi oğlunun əməllərinə görə xəcalət çəkdi. Trol qardaşlarının ölkəni idarə etmələri üçün onlara xeyir-dua verdi. Camaat da Trol qardaşlarını kral kimi qəbul etdi.
Həmin gündən Ağ Trol, Qara Trol taxta oturub ölkənin əkiz kralı oldular.
Qızıl çiçək, quru, torpağa qarış...
Freda anasını tapdı. Sehrli çiçəyin Sehrli kağızını anadan alıb oxudu. Orda yazılmışdı: “Gül qəzəblənib ətrafa fəlakət yayarsa, gülün bir yarpağını qopar, torpağa basdır, sonra isə üç dəfə bərkdən de: “Qızıl çiçək, quru! Quru, torpağa qarış! Özünü də əzabdan qurtar, bizi də!”
Freda kağızda yazılan kimi etdi. Bir anın içərisində Qızıl çiçəyin budaqları, gülləri, hamısı saraldı, qurudu. Sonra isə burulğan kimi elə bir külək əsdi ki, qurumuş otları göyə sovurdu. Şəhər yenə də əvvəlki kimi tərtəmiz oldu.
Trollar taxta oturdu. Amma kiçik yaşdan zülm görmüş Trol qardaşları heç vaxt ölkəni sülh və ədalətlə idarə edə bilmədilər. Meşədə vəhşiləşmiş qardaşların ayda biri taxtda oturdu.
Qara Trol taxtda oturanda hamıya zülm edirdi. O, başqa ölkələrlə müharibələr etməyi xoşlayırdı. Qardaşını və anasını eşitmək istəmirdi.
Ağ Trol isə taxta oturan kimi müharibəni dayandırır, camaatı xeyirli işlər görməyə çağırırdı. Camaat əkir-becərir, yeyir-içir, toy-şənlik edirdi. Qardaşların biri xeyir işlər, o biri isə şər işlər görürdü.
Freda ana isə onların hər ikisini sevirdi. Ağ Trol Gözəllik ilahəsi Fredaya oxşamışdı, Qara Trol isə qanında vəhşi heyvan qanı olan Trola oxşamışdı.
Uşaq ikən gördükləri pisliklər, meşə həyatı, aclıq Trol qardaşlarını elə etmişdi ki, onlar həm pislik, həm də yaxşılıq edə bilirdilər. Biri qəddarlıq etməkdən zövq alır, o biri isə həmişə yaxşılıq etməyə çalışırdı.
Trol qardaşlarından yazılan nağıl sona çatdı. Nağılda həm Şərdən, həm Xeyirdən danışdım.
Ey bu nağılı oxuyan! Sənə də arzu edirəm ki, həmişə qarşına çıxan Şər itsin, batsın, yox olsun, Xeyir isə artsın, artsın, çoxalsın...
Nağılçı: Gülzar İbrahimova