Kəndirbaz

(nağıl)

   Bir kəndli balaca bir qızı kəndxudanın yanına gətirib deyir: 
-   Kəndin ağasısan, bu qız bizim qonşunun qızıdır. Yetimdir, nə yaxını var, nə qohumu. Mən də kasıb adamam, baxa bilmirəm, neyləyim, bir yol göstər.
     Kəndxuda çox acgöz, tamahkarın biri imiş. Soruşur:
-     İşlək qızdı, iş biləndi? Yoxsa tənbəlin biridir?
-    Həm ağıllıdı, həm işləkdi, həm də çox şəndi. 
-    Qoy bizdə qalsın, - kəndxuda dedi. O gündən Tərlalə kəndxudanın evində qalıb, iş gördü. 
Bir az böyüyəndən sonra isə kəndxuda onu bir Hoqqabaza köməkçi verdi. Hoqqabaz Tərlaləyə kəndir üstə gəzməyi, hündürdən yanan suya tullanmağı, ağzından alov çıxartmağı öyrətdi. Sonra yanında məhəllə-məhəllə gəzdirib onunla pul qazandı. Tərlalə Hoqqabaza çoxlu pul qazandırırdı. O da qazancın coxunu Kəndxudaya verirdi, bir azını da özünə götürürdü.  
Kəndxudanın arvadı özündən də betər idi. Onlar qızı o qədər işlədib yorurdular, qızın ayaqları sızım-sızım sızıldayırdı. O, səhər hamıdan əvvəl oyanmalı, evin bütün işlərini görməli, yeməyi bişirməli, sonra da hoqqabazla məhəllə-məhəllə gəzib kəndirbazlıq eləməli,  camaatı heyrətləndirməli, əyləndirməli, pul qazanmalı idi.
Hoqqabaz o gün ki, az pul qazanırdı, həmin gün Tərlalə evdə danlanardı. Amma o qədər şən idi, səhər yenə gülərüzlə, mahnı oxuya-oxuya durub işinə başlayırdı. 
Belə-belə, Tərlalə böyüyüb gözəl, ağıllı, işgüzar, yeniyetmə qız oldu. O daha məhəllə-məhəllə gəzib kəndirbazlıq eləmək istəmir, buna görə tez-tez döyülürdü.
Bir gün səhər yenicə açılmışdı, Tərlalə yenə mahnı oxuya-oxuya çay kənarına gəldi. Paltar gətirmişdi yaxalasın. Bir də gördü suda paltar var, özü də kola ilşib, qalıb. Fikirləşdi yəqin qonşuların paltarıdı, yuyanda çay aparıb. Çubuqla birtəhər onu sahilə çəkdi. Götürmək istəyəndə gördü ağırdı. Baxdı ki, bu paltar deyil, körpə kimi bələnmiş bir oğlandı. Əvvəl elə bildi ölüdü, qorxub onu uzağa itələdi. Bu vaxt cavan “su”, deyib, sızıldadı. Qız gördü cavan sağdır, onu təzədən çaya itələdiyinə peşman oldu. Soyuq olsa da, tez cirmələnib suya girdi. 
Çay həm dərin idi, həm də iti axırdı. Tərlalə az qaldı ki, boğulsun, amma qayıtmadı, oğlanı çətinliklə də olsa, çəkib sudan çıxartdı. Qaçıb evdən od gətirib ocaq yandırdı, paltarlarını, qurutdu. Ona yarpız çayı içirtdi, külləmə kartof yedirtdi, oğlan yavaş-yavaş özünə gəldi. Ayağa qalxıb getmək istəyəndə dedi:
-    Yaxşılığını yaddan çıxartmayacağam! İndi gedim, düşmənimdən qisas alım!
-    Kim səni suya atıb oğlan? – Soruşanda oğlan başına gələnləri Tərlaləyə danışdı. Qız ona diqqətlə qulaq asıb dedi:
-    Gözlə, gəlirəm! – Deyib  qaçdı anbardan kəndir və boğça gətirdi:
-    Gedək, qisasını alaq!
-    Sən hara gedirsən? Səni heç yerə aparan deyiləm! – Bunu demişdi ki, gördülər Hoqqabaz,  Kəndxuda, bir də onun arvadı qışqıra-qışqıra gəlirlər:
-    Harda itib-batmısan qız? – Kəndxuda qışqırdı.
-    Camaat tamaşaya yığılıb, səni gözləyir, hardasan? – Hoqqabaz qızı çağırdı.
-    Az qalıb günortaya, həyət-baca süpürülməyib, yemək bişməyib! Çay kənarında yad oğlanla danışmağına görə, başına gör nə oyun açacağam! Kəndirbazın arvadı Tərlaləni hədələdi. 
Tərlalə bunu görüb, tez ağaca bağlanmış bərəni açdı. Var gücü ilə onu çayın ortasına itələdi, özü də atıldı üstünə. Üçağaclı bərə bir az çayın ortasında fırlandı və sonra sürətlə cayaşağı üzdü. 
-    Tullan bərəyə, yoxsa canını qurtara bilməyəcəksən!- Deyə qız qışqırdı.
Oğlan bir gedən bərəyə, bir dəyənəklə gələnlərə baxdı, baxdı, birdən qaçıb özünü bərənin üstünə atdı. Bərə aşdı, qızla oğlan - ikisi də çaya düşdülər. Tərlalə tez oğlandan tutdu. O, bərənin də ipini əlindən buraxmadı. 
Tərlalənin qəhqəhəsi onları qovanların ağlamağına qarışdı. Kəndxuda ağladı ona görə ki, gündəlik qazancı əlindən çıxdı, Hoqqabaz ağlayırdı, çünki kəndirbaza baxmağa gələnlərdən əvvəlcədən pul yığmışdı, kəndxudanın arvadı ağlayırdı, çünki bundan sonra tövləni özü təmizliyəcəkdi, ev-eşiyin bütün işlərini də özü görəcək, üstəlik yemək də bişirəcəkdi. 
Çay iti axıb cavanları pis adamlardan uzaqlaşdırdı. Tərlalə yetim idi, onu incidənlərdən qaçırdı, bəs bu oğlan kimə pislik eləmişdi ki, onu bu yaşda ədyala büküb çaya atmışdılar... Qulaq as...
Bu məmləkətin çox gözəl bir şahı vardı. Şah o qədər ədalətli idi ki, adını Adil şah qoymuşdular. Adil şahın bir oğlu, bir də gözəl xanımı vardı. Şah başına böyük, qüdrətli ordu toplamışdı. O, tez-tez hərbi yürüşlərə çıxar, işğalçılarla, zülmkarla müharibələr aparıb, camaatı azadlığa çıxarar, qulları azad edərdi.
Bir gü şah eşitdi ki, İsmi-Gülxanə məmləkətində zalımın biri şaha qəsd edib, özünü onun yerinə şah elan edib. Adil şah eşitdiyi xəbərdən çox pis oldu. Çünki İsmi-Gülxanə məmləkətinin şahı çox ədalətli, yaxşı bir adam idı. Təzə şah isə tacı başına qoyan gündən xalqa zülm edir. Məmləkətin camaatı üz tutub qərib diyarlara. Adil şah İsmi-Gülxanəyə yola düşməzdən əvvəl elan elədi:
-    Bu gündən şahlığı xanımıma tapşırıram. İnanıram ki, mən səfərdən qayıdana qədər hər iş qaydasında olacaq. 
-    Etibarına görə təşəkkür edirəm, şahım! – Deyib xanım şaha təzim elədi. 
-    Vəzir, sən də xanıma kömək edərsən, əziyyət çəkməz. 
-    Baş üstə şahım, – deyib vəzir əsə-əsə cavab verdi, - nə lazımdırsa edəcəyəm!
Vəzir niyə əsirdi? Əvvəllər şah səfərə çıxanda şahlığı vəzirə tapşırardı. Bu dəfə xanımını şah öz yerinə qoyanda vəzir çox pis oldu, rəngi oldu ağappaq. Sonra şah xanıma bir xəritə verib dedi:
-    Yol çox uzaqdır. Düşmən də güclüdür. Ola bilər səfərim uzansın, gec qayıdam. Bir gün oğlumuz Elsevər yanıma gəlmək istəsə, bu xəritəni də verərsən ona, gələr. İsmi-Gülxanəyə ən qısa yol burda göstərilib. 
Şah doğmaları ilə halallaşıb hərbi yürüşə çıxdı. O, şah yüz min əsgər də başında düz yüz gecə, yüz gündüz yol getdi, axır gəlib İsmi-Gülxanəyə çatdı. 
Ölkənin zalım şahı eşidəndə ki, Adil şah onun üstünə gəlir, şəhərə girən bütün yolları bağladı. Ordusunu da döyüşə qaldırdı. Möhkəm döyüş başladı. 
Döyüşlərin birində Adil şah elə qəzəbləndi ki, qılıncını götürüb özü döyüş meydanına atıldı. Ağır döyüşdən sonra o zülmkar şahı məğlub etdi. Qələbə şeypurları çalındı. Camaatın canı zalım şahdan qurtuldu. 
Döyüşdə Adil şahın gözünə azca qan gəmişdi. Həmin qan bir neçə günə elə artdı ki, şahın gözlərini tutdu. O, dünya işığına həsrət qaldı.
Nə qədər həkim, təbib, bilici yığışdı, dərman axtardı, şahın gözlərinə çarə tapa bimədilər. Bir dərviş soruşdu:
-    Şah, dediyimi eləsən, gözlərin açılar. Yaxınlıqda ən yaxın qan qohumun var?
-    Xeyr, yoxdur! – dedi şah. 
-    Əfsus! – deyə dərviş təəssüfləndi. -  Bir qan qohumun əlini qoysaydı gözlərinə, gözündən qan çəkilərdi. Amma qəm yemə, şah! Övladına xəbər yolla, durmasın, gəlsin, əllərini gözlərinə çəksin, gözlərin şəfa tapsın.   
Şah xanımına məktub yazdırıb göyərçinlə saraya göndərdi. Xanım məktubu oxuyan kimi oğlunu səfərə yola salmaq üçün tədarük görülməsini əmr etdi. 
Xain vəzir eşidəndə ki, şahın gözləri tutulub, sevindi. O, çox paxıl və tamahkar idi. Amma özünü elə aparırdı ki, şah mühüm məsələləri ona etibar edirdi. 
Vəzirin Hümmət adlı pis bir oğlu vardı. Şahzadə ilə Hümmət yaşıd olardı. Şahzadə yaxşılıqda öz atasına, Hümmət də pislikdə öz atasına çəkmişdi. Oğlanlar çox vaxt bir yerdə olardılar. Hümmət həmişə şahzadənin paxıllığını çəksə də, büruzə verməz, özünü mehriban qardaş kimi göstərərdi. Uşaq vaxtından yalan danışmağı çox xoşlardı. Ona inanmayanda yalandan and içərdi. Vəzir eşidəndə ki, şahın gözləri tutulub oğluna dedi:
-    Mən illərdir ki, belə bir məqam axtarırdım. 
-    Nə məqam?
-    Bu fürsət əlimizə göydən düşüb. Mən nə deyirəmsə, eşit, əməl elə! Az bir vaxtda sən də şah olacaqsan, mən də. Birimiz İsmi-Gülxanədə, o birimiz öz məmləkətimizdə!
-    Necə?
-    Qulaq as! – Deyib vəzir pis əməllərinə başladı. O oğluna bütün xainlikləri öyrədib dedi:
-    İndi isə get, Elsevərə de ki, şahımızın belə ağır günündə mən səni tək uzaq səfər buraxa bilmərəm. Mən də səninlə gedirəm! Sonra da xanımdan izn istə. 
Hümmət atası deyən kimi elədi. Dil töküb hər ikisini yola gətirib,  səfərə hazırlaşdı. 
Cavanlar yola düşdülər. Bir xeyli yol gedəndən sonra gəlib bir çaya çatdılar. 
-    Axşamın şərindən səhərin xeyri yaxşıdır, gəl gecəni çay kənarında dincələk, səhər gedərik! - Hümmət dedi. Elsevər razılaşdı. Çadır qurdular, rahatlandılar. 
Gecəyarısı Hümmət yatdığı yerdə Elsevərin burnuna bihuşdarı tutub onu bihuş elədi. Sonra bir ədyala büküb, sürüyə-sürüyə gətirdi, çaya saldı. İti axan çay Elsevəri daşlarına çırpa-çırpa apardı. Elsevər ayılıb özünü suda görəndə dəhşətə gəldi. Köməyə çağırdı, harayladı, haldan düşənə qədər qışqırdı. Onun sırıqlı ədyalı qu tükündən olduğundan suda batmadı. Qoy şahzadə yavaş-yavaş çayda üzsün, görək Hümmət neylədi?
Hümmət gecəni rahat yatdı. Səhər şahzadənin paltarlarını geyindi, qızıllarını, xəritəsini də  götürdü, İsmi-Gülxanəyə yola düşdü. Gedəndə bir köynəyini də çayın kənarında kola ilişdirdi ki, hamı elə bilsin cavanlar çayda boğulub.   
Düz yüz gecə, yüz gündüz yol gedib İsmi-Gülxanəyə çatdı. Özünü şahzadə Elsevər kimi qələmə verib güya “ata”sını soraqlaya-soraqlaya saraya tərəf getdi. 
Saraya bir xeyli qalmış, yolda qarşısına iki təlxək çıxdı. Təlxəklər çox gülməli geyinmişdilər. Alabəzək paltarlarına baxanın gülməyi gəlirdi. Onlardan biri atılıb-düşür, onun o tərəf-bu tərəfinə keçir, yüz hoqqa çıxarırdı. O biri isə tez-tez danışırdı. 
Qoy təlxəklər hoqqa çıxarsınlar, Hümmət də onlara baxsın, görək, bundan əvvəl Tərlalə ilə Elsevər necə oldular? Çaydan necə çıxdılar...
Çay cavanları selinə-suyuna qatıb aparandan sonra, Tərlalə tullandı mindi bərəyə. Kəndirbaz olduğundan bu onun üçün elə də çətin deyildi. Şahzadəyə də kömək elədi, o da qalxdı bərənin üstünə. Çay onları elə sürətlə axınına qatıb gətirdi ki, Hümmətdən tez İsmi-Gülxanəyə çatdılar. Yolun bir hissəsini çayla, yarısını meşə ilə, yarısını da səhra ilə gəlib mənzil başına yetişdilər. 
Çatan kimi Tərlalə boğçasından iki təlxək paltarı çıxartdı, birini özü geyindi, o birini Elsevərə verdi. Özü kəndirbazlıq, Elsevər də təlxəklik elədi, pul qazandılar, ac qalmadılar. Bax belə! 
Onlar Hümmətin yolunu gözlədilər ki, hiyləsinin üstünü açsınlar. Bir neçə gün gözləyəndən sonra nəhayət ki, Hümmət də gəlib çıxdı. Elsevər ağzına yaşmaq vurmuşdu. Həm də danışmırdı ki, Hümmət onu tanımasın. Tərlalə atın üzəngisindən tutub Hümmətə yalvardı:
-    Ağa, üzdən səxavətli ağaya oxşayırsan, işsiz qalmışıq, bizə iş ver.
-    Mən qəribəm, işim yoxdur, sizə verim. 
-    Biz ac-susuzuq, bir tikə çörəyə ehtiyacımız var. Nə iş desən bacararıq!
-    Məni rahat buraxın, mən şahzadəyəm, atam xəstələnib, yanına gedirəm. 
-    Apar bizi atanın yanına. Xəstədirsə, kefini açaq. 
-    O görmür. 
-    Aman, nə pis oldu. Onda biz ona mahnı oxuyarıq! Darıxmaz! 
-    Rədd olun burdan! Yolumu kəsməyin, tələsirəm!
-    Get oğlan, amma unutma ki, biz həmişə gərəyin ola bilərik! Biz elə edərik ki, sən tezliklə onun yerinə taxta oturarsan. Heç kəs də başa düşməz bunu necə elədik.! Xəstə atalarının yerinə taxta çıxmaq bütün şahzadələrin arzusudur!
-    Dedim çıxın, gedin, boş-boş danışmayın!
-    Əlacımız yoxdur, şahzadə, bir qarın yeməyə nə əmr etsən edərik.
Hümmət onları qovdu. Təlxəklər qaçıb küskün-küskün bir az aralıda oturdular. Hümmət bir az gedəndən sonra dönüb təlxəklərə baxdı. Onlar hələ də bikef oturmuşdular. Hümmət əlinin hərəkəti ilə onları çağırdı. Heybəsində nə yemək vardı, onlara verib dedi:
-    Yeyin, sonra gedək! Bu gündən ac qalmayacaqsız! Əvəzində mənə sadiq qul olacaqsız! 
Təlxəklər sevincək, “Baş üstə ağa!”, deyib, Hümmətin çuxasının ətəyindən öpdülər. 
Hümmət saraya çatanda keşikçilərə qışqırdı:
-    Açın darvazaları, mən Elsevərəm, şahzadəyəm! 
Saray darvazalarını açdılar. Hümməti tanımayıb onu çox təmtəraqla qarşıladılar.
Adil şaha xəbər apardılar ki, gözün aydın, şah, oğlun Elsevər gəlir. Şah sevinc içərisində oğlunun görüşünə gedəndə ayağı ilişdi sütuna, yıxıldı. Oturub səbirsizliklə oğlunu gözlədi. 
Hümmət Adil şahın yanına çatanda səsini dəyişib, Elsevər kimi danışdı:
-    Uzun müddətdir atamı görməmişəm. Onunla görüşəndə təlxəklərdən başqa heç kəs bizim olduğumuz otağa girməməlidir!
-    Baş üstə, şahzadə! – Deyib, keşikçilər çıxdılar. Otaqda şah, Hümmət və təlxəklər qaldı. Təlxəklər durmadan təlxəklik edirdilər. Hümmət hirslə qızın qolundan tutub qulağına nəsə pıçıldadı.
-    Oğlum, hardasan? – Bu vaxt Adil şah soruşdu.
-    Burdayam ata, gəlirəm! – deyib Hümmət aralıdan soruşdu, - Niyə sən dünya işığına həsrət qaldın, ata?
-    Oğlum, canım, gözüm! Şükr ki, sağ-salamat gəlib çıxdın. Anan salamatdırmı?
-    Əllərindən öpür, ata!– Hümmət dedi.
-    Oğlum, əllərini gözlərimə çək, qoy gözlərim açılsın, dünya işığını görüm!
-    Bir az gözlə ata, şərab içək, sonra!
Bunu eşidəndə Adil şah həm kədərləndi, həm də şübhələndi. Çünki, o, məktubda dərvişin dediklərini yazmışdı. Oğlu bilirdi ki, əllərini atasının gözlərinə çəksə, gözü açılacaq. Amma nədənsə gecikirdi. Hümmətin fikri şaha zəhər verməkdə qalmışdı. Hümmət şərabla dolu qədəhə zəhər qatıb Tərlaləyə verdi ki, onu şaha içirtsin. 
Bu arada Hümmətin başı şərablara qarışan vaxt Elsevər qəfildən atasınını qulağına dedi: 
-    Ata, sus, gözlərin açılsa, səsini çıxartma! - Deyib əllərini atasının gözlərinə çəkdi. Atanın gözlərinə nur doldu. O, balasını gözlərindən tanıdı. İstədi onu bağrına bassın, qışqırsın, yadına düşdü ki, oğlu ona susmağı tapşırıb. Burda bir sirr vardı. Susdu, görsün bu işlərin axırı necə qurtaracaq! O vəzirin oğlu Hümməti də tanıdı. 
Hümmət bilmirdi ki, artıq şahın gözü görür. O, şərab piyalələrini şahın yanına qoydu. Sonra isə “necəsən, ata”, deyib bərkdən Adil şahı qucaqladı. O, belə etməsəydi, şah şübhələnər, şərabı içməzdi. Onun hiyləsi baş tutmazdı. Tərlalə də bu fürsətdən istifadə edib, tez şərabların yerini dəyişdi.  
Hümmət bunu görmədi. Piyalənin birini özü gtürdü, o birini isə işarə ilə Tərlalyə dedi içirtsin şaha. Şah şərabı içib qurtaran kimi Hümmət də öz badəsini son damlasına qədər içdi. 
Elə içən kimi də sancıdan ikiqat oldu. Hər şey gün kimi şaha aydın oldu. O, balasını bağrına basdı. Tərlalə və Elsevər şahı xilas etdiklərinə çox sevindilər. Şah ölkəsinə qayıdandan sonra Tərlaləyə böyük bir saray tikdirdi. Həmin sarayda da Şahzadə ilə Tərlaləyə toy elədi. Toyda mən də vardım. İnan, inan. Yoxsa, yalançılar kimi mən də and içərəm yalandan. Toyda düz yuxarı başa keçdim, kişmişli, yağlı, toy aşından yedim, cavanlara “Qoşa qarıyasız, oğullu, uşaqlı olasız!”, dedim. 


       Nağılçı: Gülzar İbrahimova