Ağ dəvənin sirri 

 (nağıl)

Biri vardı, biri yoxdu, Bədirxan adlı bir zərgər vardı. Bu zərgər varlı olmaqla bərabər, həm də çox səxavətli və xeyirxah idi. Bədirxanın Aysənəm, Yasəmən, Gülsənəm adlı üç gözəl qızı vardı... 
Kiçik qız Gülsənəm qara idi deyə, gözəlliyi çox da gözə görünmürdü. O, həm də çox zəhmətkeş idi. Aysənəm və Yasəmən isə hər gün dükan-bazarları  gəzib özlərinə bahalı geyimlər, ənnik-kirşanlar alar, pul xərcləməyi xoşlayardılar. Onların işləri-gücləri geyinib-geçinmək, bəzənmək, toyda, nişanda öyünməkdi. 
Balaca bacını özləri ilə götürməzdilər ki, sən çox qarasan, yaraşığımızı pozursan. Məclisdə də ya lovğa-lovğa danışıb özlərini tərifləyər, ya yeməkdən, ya da geyməkdən danışıb, hamını yorardılar. Zərgər qızlarının taxdığı qızıllar isə ya Yəməndən, ya da Ərəbistandan gəlməli idi. Atalarının düzəltdiyi zərgər işini hamı bəyənsə də, iki bacı baxanda ağız büzərdi. 
Kiçik bacı Gülsənəmin balaca-balaca xalçalar, palazlar toxumaqdan çox xoşu gələrdi. Yorulanda hanadan ayrılar, gedib bağçada ud çalıb oxuyardı. Qız elə gözəl mahnı oxuyardı ki, quşlar səsinə səs verər, ona qoşulardılar. Gülsənəm nə vaxt çalıb-oxumağa başlasaydı, bağda gəzən bala maral gəlib başını qızın dizinə qoyub mürgüləyərdi. Bşqa heç kəsə yaxın getməz, hürkərdi.
Elçi gələndə də gözəl qızlara yox, Gülsənəmə gələrdi. Qızlar paxıllıqdan yanıb-yaxılardılar. Gülsənəm bacılarını çox istəyirdi. Ona görə anasına deyərdi:
-    Nə qədər bacılarıma elçi düşməyib, heç vaxt gələnlərə “hə”, deməyəcəyəm.
-    Ağıllı qızım, necə istəyirsən elə olsun! 
Bədirxan qızlarının üçünü də çox istəyirdi. Amma bir dəfə xanımına demişdi:
-    Sənəm, üç qızımın üçü də mənə əzizdi, amma qara qızı nədənsə bir az o biriərdən çox istəyirəm. 
Sənəm xanım iki qızlarına bələd idi. Qorxudan işarə ilə Bədirxana “sus”, dedi:
-    Qızlar eşitsə, hikkələrindən Gülsənəmə korluq verər!
-    Onları başa sal, bir az incə, rəhmli olsunlar!
-    Ay başına dönüm, nə qədər deyirəm, xeyri yoxdu. Bütün günü Gülsənəmin qarasınca danışırlar. O binəva isə hamını çox istəyir. 
-    Allah Aysənəmlə Yasəmənin ürəyinə rəhm salsın! 
Bacılar qonum-qonşuların da açıq-aşkar Gülsənəmi necə çox istədiklərini görəndə yanıb-yaxılırdılar. Yasəmən hikkə ilə deyirdi:
-    Gözəl bizik, bu qədər də yaxşı geyinirik, camaat bu qara Gülsənəmi tərif etməkdən yorulmur. 
-    Qara ol, çirkin ol, bəxtin olsun, deyərlər!  - Deyə Aysənəm də hikkələnərdi.
Bacılar həmişə Gülsənəmə lağ edər, ondan xoşları gəlməz, üzünə belə kobudluq eləməkdən çəkinməzdilər:
-    Aman Allah, quşlar necə qorxmur səndən, hələ gəlib çiyninə də qonurlar. 
-    Onlar sevgi hiss edir! – Gülsənəm quşun başını sığallaya-sığallaya deyərdi.
Aysənəm də bacısını acılamağı xoşalrdı:
-    Bax ha, bala maral da sənə aşiq olar. Nağıllardakı kimi. Bİr də dönər olar şahzadə, səni ağ atın tərkinə mindirib, gedər. Yolda alaqaranlıqda dönər üzünə baxsın, görər qaranlıqda bircə gözlərin ağarır, qorxudan, atdan düşüb ölər. Ha-ha-ha!
-    Gülsənəm də dərddən bir az da qaralar! – Yasəmən paxıl bacının nağılını davam elədi. 
Bacılar nə qədər Gülsənəmi acılasalar da, qız onlardan küsüb-incimir, hətta bacılara yazıqları gəlirdi:
-    Bu qədər acılı, kinli olmayın, gəlin sizə toxumaq, mahnı oxumaq öyrədim. Onda kininiz azalar, sabahlarınız daha gözəl açılar. 
-    Sən səhərlər üzümüzə çıxmasan, sabahlarımız daha gözəl açılar! 
Günlər hər kəs üçün xoş keçdiyi bir zaman Bədirxan xəstələnib yatağa düşdü. Nə dindi, nə danışdı, nə yedi, nə yatdı. Hamı xəstəyə qulluq elədi, getdi, yatdı, amma Gülsənəm atası ilə birgə saraldı, soldu, nə yedi, nə də yatdı. Gecəni səhərə qədər atasının yanında oturdu. Ata “sssss” deyə sızlayıb su istəyəndə, dodaqlarını bulaq suyu ilə islatdı. 
Nə təbiblər, nə dəvalar olundu, xəstənin dərdinə dərman tapılmadı. 
Uzun müddət yataqda qalmış atanın qızıl sandığındakı qızıllar da xərclənib qurtardı. Külfətin dolanışığı get-gedə pisləşməyə başladı. Amma ata sağalmadı ki, sağalmadı. Onun başı elə pis ağrıyırdı ki, ağrıdan danışmağa halı olmur, dili söz tutmur, gözlərinə yuxu getmirdi. 
Bir səhər zavallı Bədirxan oəncərənin arasından yenicə çıxmaq istəyən Günəşin şüalarını görüb ürəyində ona dua etdi:
-    Ey Allahın nurlu Günəşi! Dünyanı isidən, canlandıran Günəş! Nuruna dua edirəm ki, xəstəliyimin sirri açılsın! Əzabım sona çatsın! Allahın yanında nə günah etmişəm keçsin günahımdan. Bu al Günəşinin nuru dərdimi yandırsın, şəfa tapım! Yalvarıram sənə! 
Uzun müddətdi gözlərinə yuxu getməyən Bədirxan bu duanı edəndən sonra nəhayət ki, yuxuya gedib yuxu gördü. Yuxuda gözlərini Günəş qamaşdırdı. Gün doğan səmtə getdi, getdi, gəlib şəhər darvazasına çatdı. Burdan sonra qumluq, səhralıq başlayırdı.
Qumluqda bir sahibsiz ağ dəvə oturmuşdu. Bədirxan xeyli gözlədi, dəvənin sahibi gəlib çıxmırdı. O deyinməyə başladı:
-    Mən xəstəyəm, gözləyə bilmirəm, şəfa axtarmağa gedirəm. Dəvənin sahibi görən harda qaldı?
Bu vaxt dəvə insan kimi dil açıb danışdı:
-    Bədirxan, mənim sahibim səhranın o başındadır, gözləmə, gəlməyəcək. 
-    Adımı hardan bilirsən, kimsən ki, insan dilində danışırsan?
-    Mən hər şeyi bilirəm. Amma sahibimin yanına getməliyəm, gedə bilmirəm. Mənə də kömək lazımdır. 
-    Sənə nə kömək edə bilərəm?
-    Mən bu yolu gedib səhranın axırına – sahibimin yanına çatmalıyam. Amma Günəşin istisi o qədər çoxdur ki, belim yanır. Belimdə yolçu oturmalıdır ki, mənzil başına çata bilim.  Yolçu da o qədər dözümlü olmalıdır ki, Günəşin qızmar istisinə dözə bilsin. Dediklərimə qulaq assan, həm sən şəfa taparsan,  həm də mən sahibimə çataram! 
-    Nə edim?
-    Eşit, deyim. Qızlarından biri belimə minib sənə şəfa axtarmağa getməlidir. 
-    Şəfa hardan tapılacaq? 
-    Üç gün, üç gecə yol gedəndən səhranın axırına çatacağıq. Qızın belimdən düşəcək. Ondan sonra bərkdən çırpınacağam, bu vaxt belimdəki yumşaq tüklər yerə töküləcək. O tüklərdən sap arınıb, ondan da araqçın toxunmalıdır. Bu araqçını başına qoysalar həmin an şəfa tapacaqsan. 
-    Mən razı olmaram ki, üç qızımdan hansısa isti səhra ilə mənə dərman axtarmağa gedə!
-    Həmişəlik yataqda qalmaq istəyirsən? 
-    Yooox!
Ata bir az yuxuya getmişdi ki, birdən onun “Yooox”, səsinə hamı oyandı. 
-    Nə oldu sənə? – Soruşdular. Hamı bilirdi, ata danışa bilməyəcək, nədənsə bu dəfə Bədirxan yuxuda gördüklərinin hamısını danışdı. Qurtaran kimi də onu yenə başağrısı tutdu, yenə səsi çıxmadı. 
Sənəm xanım bikef dedi:
-    Deyəsən yuxusunu qarışdırsa da, azca yatıb, dincəlib. Gülsənəm, get sən də yat, yuxunu al. Atanın yanında mən oturaram! Yatın, hələ səhər açılmayıb. 
-    Yox ana, - Gülsənəm dedi.- Bu yuxu sehrli yuxuya oxşayır. Çünki, ata yuxuya gedən kimi mən də yatdım və eyni yuxunu mən də gördüm. Bacılar bunu eşidəndə güldülər. Aysənəm dedi:
-    Mən o günü yuxuda ataya dəmir verdim, onun əli dəyən kimi qızıl oldu. Ayıldım, doğrudan ataya dəmir verdim, alanda gördüm yenə dəmirdir. Yuxuya inanmazlar. Getdim yatam.
-    Ana, mən isə yola çıxmaq istəyirəm, - Gülsənəm dedi, - gedm, atama dərman axtarım. Mən gərək mütləq həmin ağa dəvəni tapım, yunundan araqçın toxuyub atamın başına qoyum.
-    Gəl bu daşı ətəyindən tök, qızım! Sən cavan qız, bu səfərdə həlak olarsan! Heç olmasa, atan azdan-çoxdan yaşayıb, pisdən-yaxşıdan ömür sürüb! 
-    Yox ana, mən atamı bu əzabdan qurtarmalıyam!
Ana nə qədər dedi, qızını fikrindən döndərə bilməyib dedi:
-    Nə deyirəm ki, onda get! – Deyəndə zərgər inildədi, əllərinin hərəkəti ilə “Yox”, dedi. 
-    Görürsən, atan da razı deyil. 
-    Ata, nə olar, izn ver, gedim, mən sənə baxa bilmirəm, necə əzab çəkirsən! 
Bunu deyəndə atanın gözləri yaşardı. Başının hərəkəti ilə razılıq verdi. Ana daha bir söz deməyib qızını qucaqlayıb, ona “yaxşı yol”, dilədi. 
Paxıllıqdan Yasəmən sakit dura bilməyib onları ayırıb dedi:
-    Ortancıl bacı dura-dura, kiçik bacı niyə dərman axtarır?! Özüm gedəcəyəm!
Aysənəm də onun sözünü kəsdi:
-    Mən böyüyəm, deməli dərman axtarmağa heç kim yox, özüm gedəcəyəm! 
Nə isə, Gülsənəmin ürəyindən qara qan axsa da, heç nə deyə bilmədi. Əlacsız atanın yanında qaldı. Aysənəm isə özünə yol tədarük elətdirib, iki dəvə götürdü, yanına da iki nökər alıb səfərə çıxdı. 
Aysənəm az getdi, çox getdi, nəhayət gəlib atasının yuxuda gördüyü yerə çatdı. O, məəttəl qaldı. Çünki, burda həmişə bazar olardı, dəvə karvanları da sıra ilə düzülərdi. İndi isə ata yuxusunu danışdığı kimi heç kəs yox idi. Qız qorxdu. Çünki o, dəfələrlə bu bazara gəlib özünə pal-paltar almışdı. Nə isə... Hər şey yuxuda danışılan kimi idi. 
Aysənəm çatan kimi əvvəlcə ağ dəvəni təmiz yudurtdu. Yol boyu yemək üçün xurcununa xeyli yemək doldurdu. Yolda başına gün döyməsin deyə, özünə gəcavə də düzəltdirdi. Sonra dəvənin belinə yumşaq döşəkçə bağlatdırıb onu mindi və yola düşdü. İsti olduğundan yol boyu dəvəni qamçılatdır ki, tez getsin.
Hər dəfə ağ dəvəyə qamçı dəyəndə o fınxırır, Aysənəm isə hirslə deyinirdi:
-    Ay murdar heyvan, bir az yavaş fınxır! Bütün üst-başım tüpürcək oldu! 
Dəvə bir də fınxıranda, Aysənəm dəvəni yerə oturdtdu. Özü də düşdü ki, paltarlarını dəyişsin. Bu vaxt dəvə daha bərkdən fınxırdı və yerindən elə götürüldü ki, elə bil qurd sürüsünə rast gəldi.
Nökərlər iki dəvəni çapıb ona çatmağa çalışsalar da, çata bilməyib kor-peşman qayıtdılar. 
Onlar qızın yanına çatmağa azca qalmış elə qum tufanı başladı ki, göz-gözü görmədi. Qum tufanı az müddətli olsa da, hamı bir birini itirdi. 
Aradan qırx gün keçdi. Aysənəmlə gedən nökərlər qayıtsa da, hələ də Aysənəmin özündən bir xəbər yox idi. Hamı elə bilirdi Aysənəm qum tufanında qumun altında qalıb. Ona yas saxlayır, ağlaşırdılar. 
Qırxıncı gün, yasa cırcındır paltarlı, qara bir qız gəldi. Güclə tanıdılar ki, bu Aysənəmdir. 
Aysənəmi günün istisi qapqara qaraltmışdı. Onun sağ qaldığına hamı sevindi. Yas mərasimi yığışdı, yerinə şadyanalıq süfrəsi açıldı. Əlbəttə, Aysənəm sağ qaldığına sevinsə də, qaraldığına görə heç kefi yox idi. Nə isə... 
Gülsənəm məclisdə ayağa durub dedi:
-    Ana, Allaha şükür bacım salamat qayıtdı. Mən gedim, atamın şəfasını, dərmanını tapıb gətirim. 
Ana hələ ağzını açmağa macal tapmamış məclisdəkilər yer-yerdən dedilər:
-    Halaldır sənə, belə övlad! 
-    Get, qızım, get, səni lap çox istədik!
-    Övlad belə olar! 
Bu sözləri eşidən Yasəmən Günəşdən qap-qara qaralmış böyük bacısına baxdı, qorxsa da, paxıllıq ona elə güc gəldi ki, istər-istəməz ağzından çıxdı:
-    Mən ortancıl övlad qala-qala, niyə atamın dərmanını axtarmağa kiçik bacı getsin? Özüm gedəcəyəm!  
-    Afərin, yolun açıq olsun! – dedilər!
Belə deyib, məclisdəkilər razılıqla Yasəməni dərman gətirməyə yolladılar. 
Ağ dəvə yenə də səhranın başlanğıcında gözləyirdi. Yasəmən camaatın yanında öyündüyünə çox peşman idi. Qorxurdu o da bacısı kimi qaralıb qayıtsın. Ürəyində “dilim-dilim olasan dilim!”, deyə-deyə, axır ki, dəvənin üstünə minib yola düşdü. O, bacısı kimi dəvəni tez-tez qamçılamasa da, bir az yol gedib bir bəhanə ilə qayıtmaq fikrində idi. Dərman tapıb gətirməyə nə arzusu vardı, nə həvəsi. Bu fikirlərlə bikef-bikef gedirdi ki, birdən möhkəm isti başladı. Nökərlərinə dedi tez-tez başına su çiləsinlər. Bir azdan tuluqlardakı sular da isindi. Heç nəyin köməyi olmadı. Səhra od tutub yanırdı. Gələn iki dəvə daha gedə bilməyib quma yatdılar. Yasəmən ağ dəvəni də dayandırıb dedi:
-    Siz gəlmirsiz, mən də getmirəm! Təkbaşına heç yerə gedən deyiləm!
Nökərlərdən biri dedi:
-    Xanım, gəlməyinə gəlirik, amma dəvələrin heyi yoxdur ki, bu isti ilə yol yerisin. 
O biri nökər də dedi:
-    Elədirsə, xanım, dəvənin başını döndərin, geri qayıdaq.
-    Düzdür, mən özüm də istidən yanıram, bu saat aləm yanıb kül olacaq. Tez dəvələrin boynunu döndərək geri. 
-    Gələn dəvələri zorla ayağa qaldırdılar. Ağ dəvəni qaldırdılar, amma nə qədər elədilər geri getmədi. Onda qız əmr etdi:
-    Onu qamçılaya-qamçılaya geri döndərin!
Ağ dəvə elə şahə qalxdı ki, hər yan toz-tozanaq oldu. Göz-gözü görmədi. Qum tufanı qumları burub göyə qaldırdı. Bir anda hamı özünü üzüqoylu yerə yıxdı ki, qum tuganı gözlərini kor eləməsin. Düz qırx gün  səhrada qalandan sonra yoldan keçən karvan qızı huşsuz halda tapıb evlərinə gətirdi. Yasəmən aynaya baxanda özünü tanımadı. O, qara zənciyə oxşayırdı. Ağladı, sızladı, amma nə faydası... Olan olmuşdu. 
Hər iki qız bütün günahları Gülsənəmdə görür, hər gün onu acılayır, ağladırdılar. 
Gülsənəm neçə dəfə anasından izn istədi ki, bu dəfə dərman ardınca özü getsin, ana razılaşmamışdı. 
Bir gün ata gecə çox zarıdı. Gülsənəm atasını öpüb dedi:
-    Ata, mən getdım dərdinə dərman axtarmağa! 
 Sonra gizlincə balaca bir paltar boğçası götürüb yola düşdü. 
Bir az getmişdi, tərslikdən gecə qaranlığında quldurlara rast gəldi. Quldurlar onu tutub başçılarının yanına gətirdilər. Başçı elə kök idi ki, oturduğu yerdən qalxa bilənə oxşamırdı. Qızın başçıya lap yazığı gəldi. Başçı dedi:
-    Qız sənə ev dolu ərzaq verirəm, bu ərzaqlardan gün doğana qədər on dadlı xorək bişirməlisən! Yoxsa, həmişəlik burda qalıb quldurlara qulluqçu olacaqsan!
Gülsənəm çox işgüzar idi, özü də dadlı yeməklər bişirə bilirdi. Ona görə bu şərt onu qorxutmadı. Boğçasını bir yana qoyub işə başladı. Az müddətdə on yemək hazırladı. Yeməklər elə dadlı idi ki, Quldurbaşı onları birdəfəyə yedi. Nə qəribə idisə, yeyən kimi də arıqlayıb cavan, yaraşıqlı bir oğlan oldu. 
-    Bu nə sirrdir oğlan? – Qız soruşdu. 
Oğlan başına gələnləri danışdı:
-    Mən Bağır xanın oğlu Həmidəm. Bir dəfə atam pilsik üstündə bir cadugəri şəhərdən qovub. O da atamdan qisas almaq üçün tilsimləyib məni quldura, acgözə çevirib. Acandan başlayıram acından şişməyə. Qarnıma növbənöv dadlı yeməklər getməyənə qədər quldura, acgözə çevrilib, çapır-talayıram. Nə yesəm xeyri olmur. Gərək qarnıma on cür dadlı yemək getsin. Yeməsəm sakit ola bilmirəm. Sonra hər şey qaydasına düşür, amma növbəti dəfə acana qədər. Bilmirəm neyləyim, bu azardan, tilsimdən necə qurtarım? Sənin bişirdiyin yeməklərdən də tilsim sındı, özümə gəldim. Bəlkə həmişəlik yanımda qalasan? Burda baş aşbaz işləyəsən?
Qız başına gələnləri oğlana danışandan sonra deyir:
-    Oğlan, indi ki sirrimi bildin, qoy vaxt ikən çıxım, gedim... Söz verirəm, atam sağalan kimi gəlib sənə dadlı yeməklər bişirəcəyəm. 
Gülsənəm Həmiddən ayrılıb yola düşür, az gedir, üz gedir, gəlib səhralığa çatır.
Ağ dəvə aylı gecədə ağappaq görünürdü. Gülsənəm yaxınlaşan kimi yuxuda gördüyü dəvəni tanıyıb onu tumarlayır:
-    Ağ dəvə, – deyir. Mən səni yuxuda görmüşdüm. Yəqin sehrlisən!
Ağ dəvə başını tərpədir. Qız onun başını sığallaya-sığallaya deyir:
-    Gedək, atama şəfa, dərman gətirək! Amma yolda nə qədər qışqırsam, istidir, yandım, qayıt, sən qayıtma, haaa, yoluna davam elə! 
Bu dəfə yenə ağ dəvə başını tərpədir. Yola düşüb, üç gün, üç gecə yol gedirlər. Yolda, istidə Gülsənəm neçə dəfə qışqırıb, “Yandım, dözə bilmədim!”, deyib dəvənin başını döndərsə də, dəvə yoluna davam elədi. 
Səhralığın qurtarmasına az qalmış ağ dəvə dayandı, uzaqdan bir cavan qaça-qaça gəlib dəvənin boynunu qucaqladı. Qıza da təşəkkür edib ona bir sandıq qızıl pay verib dedi: 
-    Mən məmləkətin şahzadəsiyəm. Söz vermişdim ki, kim ağ dəvəmi tapıb mənə qaytarsa, ona bir sandıq qızıl verəcəyəm. 
-    Sağ ol, şahzadə! Amma mən dəvəni nə tapmışam, nə də sənə gətirmişəm. O yuxuma girib, özü mənə yaxşılıq edib, atama dərman tapmağın yolunu göstərib. 
Gülsənəm yuxusunu şahzadəyə danışanda şahzadə dedi:
-    Bilirəm, o sehrlidir. – Belə deyib ağ dəvənin qulağına nə dedisə, dəvə bərkdən silkələndi. Belindən yunlar topa-topa çıxıb yerə töküldü. Qız sevincək onları torbasına yığdı. Şahzadə qızı geri yola salanda qız qızılları götürmək istəmədi. Şahzadə sandığı ona verib dedi:
-    Bu bəxşişdir. Bəxşişi geri qaytarmazlar.
Gülsənəm şahzadə ilə görüşüb yola çıxdı. Yol boyu dəvə tüklərini əli ilə əyirib onlardan sap düzəltdi. Götürdüyü millərlə araqçın toxuya-toxuya düz üç gün, üç gecə yol gedib məmləkətinə yaxınlaşdı. Amma səhra qurtarmasına az qalmış bir qum fırtınası başladı ki, gəl görəsən. Gülsənəm tez araqçını qoynunda gizlətdi. Qızılları sandıqdan boşaldıb sandığa girdi. 
Qum fırtınası onu o tərəfə yumbalatdı, bu tərəfə yumbalatdı, axır ki, sakitləşdi. Qız sandıqdan çıxanda nə dəvəni, nə paltar boğçasını, nə də qızılları gördü. 
Evə yetişəndə Gülsənəmi tanımadılar. Onun rəngi ağappaq olmuşdu. 
Qız tez atasının yanına qaçdı. Atanın vəziyyəti çox pis idi. Qız araqçını atanın başına qoymağı ilə kişinin gözlərini açmağı bir oldu. 
Sevindilər, şadyanalıq elədilər, el-oba gözaydınılığına gəldi. Bacılar çirkinləşəndən sonra daha da deyingən olmuşdular. Gülsənəm kini-küdurəti aradan qaldırmaq üçün bacılarını qucaqlayıb öpdü. Bu zaman qızların pislikləri sındı, onlar yenə gözəlləşdilər.  
Həmid də gəlib çıxdı. O dedi: 
-    Bişirdiyin yeməklərdən sonra daha tilsimə düşüb acgözə çevrilmirəm.  Gəldim sənə minnərdarlıq bildirəm.
 Həmid özü ilə bir sandıq qızıl gətirmişdi. 
-    Bu sənindir, - dedi, - səhradan tapmışıq. 
-    Hardan bildin qızıllar mənimdir? – Gülsənəm soruşdu.  
-    Yanındakı paltar boğçasından tanıdım.  
Gülsənəm sevindi, “sağ ol”, deyib, minnətdarlıq elədi. Qızılları töküb hamıya payladı. Mən də ordaydım. Bir qırmızı qaşlı sırğa aldım, qulağıma taxdım. Çalanda da oynadım, çalmayanda da...
O qədər oynadım, o qədər oynadım, dabanlarımın çatı çatladı. Bir də baxdım hamı dayanıb-durub mat-məəttəl mənə baxır. Anlamadım niyə? Yenə oynayırdım ki, bir də gördüm göydən yerə üç alma gəlir, nə gəlir... Yaxşı ki başımı çəkdim. Almalar yerə düşəndə hər şeyi qandım. Sən demə, camaat demək istəyib: 
-    Ay Güllüzar nənə, nağılı qurtar çıxax gedək, işimiz-gücümüz var axı...
-    Nağıl bitdi, nağılçının başına göydən üç alma yetdi. – Tez deyib,  tummanımı çirmələdim, itdim, getdim. 

 

     Nağılçı: Gülzar İbrahimova